“Avropa Oyunları ərəfəsində rəsmi Bakını bütün siyasi məhbusları qeyd- şərtsiz azad etməyə, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoymağa çağırırıq”
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı son həbslər və məhkəmə hökmləri ilə bağlı bəyanatla çıxış edib.
Meydan TV-yə daxil olan bəyanatda deyilir:
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hüquq müdafiəçisi, İnsan Haqları Klubunun rəhbəri və REAL Hərəkatının İdarə Heyətinin üzvü Rəsul Cəfərov haqqında ibtidai istintaqın siyasi sifarişlə aparıldığını, məhkəmə hökmündə də bu sifarişin açıq aşkar ifşa olunduğunu bildirir. Alyans hüquq müdafiəçisinin məhkəmə proseslərini yaxından izləmiş və onun barəsində irəli sürülmüş bütün ittihamların qurama, siyasi sifariş olduğu qənaətindədir. Rəsul Cəfərovun vəkilləri tərəfindən onun barəsində irəli sürülmüş ittihamların saxta olmasını sübut etməsinə baxmayaraq məhkəmə tanınmış hüquq müdafiəçisini 6 il 6 ay ağır cəzaya məhkum edilməsi barədə absurd hökm çıxarıb. Bütün bunları nəzərə alaraq Alyans hesab edir ki, məhkəmənin hökmü hakimiyyətin siyasi sifarişidir və Rəsul Cəfərov ictimai fəaliyyətinə, hüquq- müdafiə sahəsində gördüyü işlərə görə cəzalandırılır.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hüquq müdafiəçisi, hüquq adına onlarla kitab müəllifi, dəstəyə ehtiyacı olan insanları təmannasız müdafiə etmiş və hazırda həbsxanada siyasi məhbus həyatı yaşayan İntiqam Əliyev haqqında dövlət ittihamçısının 10 il həbs cəzası tələb etməsini hüquqa zidd və hakimiyyətin növbəti siyasi sifarişi hesab edir.
Alyans 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin vəhşicəsinə qətlə yetirilməsinə etiraz edən mərhumun məhbus yoldaşları- siyasi məhbus, jurnalist Araz Quliyevin və digərlərinin qanunsuz olaraq Qobustan Qapalı həbsxanasına göndərilməsi qərarını şiddətlə qınayır və qərarın ləğv olunmasını tələb edir.
Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət ictimai- siyasi fəaliyyətinə görə insanların təqib və həbs olunması prosesini davam etdirir. Demokratik Qüvvələrin Milli Şurasının 5 aprel mitinqindən sonra AXCP fəalları Türkel Azərtürk, Saqif Qurbanov və Ruslan Nəsirli şərlənərək həbs olunmuş, Alyans üzvü Elşən Həsənovun və keçmiş siyasi məhbus Bəşir Süleymanlının ölkədən çıxmasına imkan verilməyib.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı dünyada sülhün, barışın və həmrəyliyin təntənəsi kimi qəbul edilən Avropa Oyunları ərəfəsində rəsmi Bakını ölkə həbsxanalarında olan bütün siyasi məhbusları qeyd- şərtsiz azad etməyə, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoymağa çağırır”.