Hakimiyyət fürsəti əldən verib və indi idman yarışlarını siyasi iradlarla qarışdırır

2014-cü ilin repressiya mexanizmini işə salmağa, cəmiyyət və beynəlxalq ictimaiyyətlə dialoqdan imtina etməyə dəyərdimi və bu Avropa oyununda kim qalib gələcək?

Source:


2014-cü ilin repressiya mexanizmini işə salmağa, cəmiyyət və beynəlxalq ictimaiyyətlə dialoqdan imtina etməyə dəyərdimi və bu Avropa oyununda kim qalib gələcək?

Azərbaycanın paytaxtı – Bakı iyunun 12-28-də Birinci Avropa Oyunlarını (1EG) qəbul edir. Oyunlarda 49 Avropa ölkəsindən 6 min idmançı iştirak edir. Onlar 20 idman növü və 52 idman fənni üzrə 243 dəst medal uğrunda mübarizə aparacaqlar.



1EG medallarının idman tərəfi

Bunlardan 16 idman növü Olimpiya idman növüdür ki, bu da idmançılara 2016-cı il Olimpiya Oyunlarında iştirak üçün lisenziya uğrunda mübarizə aparmaq imkanı verir.

Avropa Oyunlarının proqramına ox atışı, su idman növləri (üzgüçülük, sinxron üzgüçülük, vaterpolo, suya atlamaq), badminton, basketbol 3×3, çimərlik futbolu, boks, kanoe ilə sprint, velosiped idmanı (BMX, mauntinbayk, şosse), gimnastika (idman, bədii gimnastika və akrobatika), qılıncbazlıq, cüdo, karate, atış (stend və günllə), masaüstü tennis, taekvondo, triatlon, voleybol, çimərlik voleybolu, güləş daxil olub.

Azərbaycana Oyunların keçirilməsi hüququnun verilməsi haqqında qərar 2012-ci ilin dekabrında Romada Avropanın 50 Milli Olimpiya Komitəsinin iclasında qəbul edilib.

Əsasən müxtəlif nazirliklərin və dövlət təşkilatlarının rəhbərlərindən ibarət olan 1EG –nin təşkilat komitəsinə Azərbaycan prezidentinin həyat yoldaşı Mehriban Əliyeva sədrlik edir.

Oyunların loqotipi olaraq beş rəmzi: od, su, simurq quşu, xalça elementləri və meyvə – narı özündə birləşdirən nişan seçilib. Rəsmi talisman olaraq ceyran və nar seçilib. 1EG-nin idman hissəsi belədir.



1EG medallarının siyasi tərəfi

İlkin olaraq Birinci Avropa Oyunlarının önündə Olimpiya sözü var idi, amma sonradan rəsmi olaraq açıqlanmayan səbəblərlə əlaqədar bu söz çıxarılıb. Ola bilər ki, bu, oyunların açılışı yaxınlaşdıqca, Azərbaycan hakimiyyətinin əvvəlcə yumşaq, daha sonra isə sərt şəkildə olimpiya ideallarını beynəlxalq hüquq müdafiə təşkilatlarının jurnalistlər, siyasətçilər və ictimai xadimlər də daxil olmaqla, az qala 100 nəfərə yaxın saydığı siyasi məhbuslar problemi ilə əlaqələndirməkdən imtina etməyə başlaması ilə şərtlənib.

Ötən ilin sonlarından etibarən tənqid və siyasi məhbusları azad etmək çağırışları artmağa başladı, amma prezident İlham Əliyev əyilməz çıxdı, cəmiyyətin isə martda və mayda milli bayramlarda amnistiya ümidləri boşa çıxdı.

Hakimiyyətinin üçüncü dövründə Əliyev nümayişkaranə şəkildə xarici hücumları dəf edir və bu dəfə Avropa Oyunlarının statusunun və əhəmiyyətinin xeyli azalmasına baxmayaraq, bir addım da olsun geri çəkilmir. Əvvəllər Azərbaycandakı Oyunlarda iştirak haqqında düşünən bir çox liderlər indi müxtəlif bəhanələrlə Bakı turundan yayınır.

Azərbaycan hakimiyyəti, görünür, fürsəti əldən verib və indi idman yarışlarını siyasi iradlarla qarışdırır.

Vəziyyət “Eurovision-2012” mahnı müsabiqəsinin tanınmayacaq dərəcədə siyasiləşdirilməsini xatırladır. Həmin vaxt Azərbaycandakı rejimin tənqidçilərinin səsi müsabiqə iştirakçılarının səsinə qarışdı. Və onda avropalıların gözlənilən axınını boş otel otaqları və paytaxtda yarıboş vəziyyətdə məyus-məyus dolaşan ikimərtəbəli turist avtobusları əvəz etdi.

Mənzərə eynilə təkrarlanır, amma bu dəfə hakimiyyət, qismən ölkə və xalq daha çox imicini itirir. Neft dollarlarının bol olduğu 2012-ci ildən fərqli olaraq, hazırki idman yarışları neft qiymətlərinin düşməsi, bank sisteminin böhranı, milli valyutanın devalvasiyası, korrupsiyanın törətdiyi insan tələfatına səbəb olan yanğınlar, saray biznesmenlərinin həbsi, müxtəlif sosial təbəqələrdə narazılığın artması və hətta XİN-də facebook üsyanı ilə müşayiət olunur. Birinci Oyunların hazırladığı sürprizləri təxmin etmək çətindir, amma Avropanın “Euronews” telekanalında məlumat olmaması və Avropa Parlamentində Azərbaycanda insan hüquqları ilə bağlı gözlənilən dinləmələr yaxşı heç nə vəd etmir, xüsusən, artıq iqtisadi və imic kollapsının ilkin nəticələrini hiss edən adi vətəndaşlara.

Yay tətili olmasına baxmayaraq, sosial və siyasi anlamdakı soyuq payız-qış mövsümü astanasında iqtisadi çağırışlar öz həllini gözlədiyi üçün Əliyev adminstrasiyası oyunlardan sonra onsuz da adi iş rejiminə qayıtmalı olacaq. Yalnız bir şey sual altında qalır: 2014-cü ilin repressiya mexanizmini işə salmağa, cəmiyyət və beynəlxalq ictimaiyyətlə dialoqdan imtina etməyə dəyərdimi və bu Avropa oyununda kim qalib gələcək?

2019-cu ildə Azərbaycandan estafeti hiperdemokratik Hollandiya qəbul etməlidir. Burada atletlərin yarışları üç şəhərdə – Amsterdam, Haaqa və Eyndhovendə keçiriləcək. İdman məşəlinin ardıcıllıqla keçməsi qaçılmaz, amma mürəkkəb olacaq: hədsiz azadlıqlara malik hollandlar məşəli Odlar Diyarından qəbul etməli olacaq. Həmin vaxta qədər “holland xəstəliyi”nə yoluxmuş Azərbaycan necə görünəcək? Bu, təkcə holland dilemması deyil.


Turan Analitik Xidməti

Ana səhifəXəbərlərHakimiyyət fürsəti əldən verib və indi idman yarışlarını siyasi iradlarla qarışdırır