Anar Məmmədlinin məhkəməsində şahidlər etiraz etdi
Aprelin 28-də Ağır Cinayətlərə dair Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin məhkəməsi keçirilib.
Diplomatik korpusların nümayəndələrinin də qatıldığı məhkəmə iclasında zərərçəkmişlər dindirilib. İfadə verənlər regionlarda SMDTM ilə işləyən şəxslər olub, onlar vergilər və təşkilatın ayırdığı pullarla bağlı suallara cavab veriblər. Onların çıxışlarından bəlli olub ki, istintaqa şahid kimi dəvət olunsalar da, sonradan ifadələri zərərçəkmiş kimi qeydə alınıb. Həmin şəxslər prosesdə özlərini zərərçəkmiş kimi təqdim olunmalarının əleyhinə olduqlarını bildiriblər.
Meydan TV əməkdaşının məlumatına görə, hakim ifadə verən şəxslərlə çox kobud davranıb. Konkret olaraq şahidlərdən Etimad Budaqov ifadə verərkən bu, özünü büruzə verib.
Anar Məmmədlinin vəkili Elçin Sadıqov Meydan TV-yə deyib ki, hakimin bu cür yanaşması onun prokurorun funksiyasını yerinə yetirməsi kimi qəbul olunmalıdır: “Bütövlükdə zərərçəkmiş hesab olunan şəxslərin dindirilməsi zamanı aydın oldu ki, cinayət işində zərərçəkmiş yox imiş”.
Şahidlərin ifadəsindən sonra məhkəmə təxirə salınıb.
Proses mayın 5-də saat 10.30-da davam etdiriləcək.