Rəhim Kərimov 7 il azadlıqdan məhrum edildi
Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlunun ölümündə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Meydan TV-nin məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən il mayın 11-də Bakının Bülbül prospektində R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Allahverdiyevi vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
E.Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş. Hadisəni törədən şəxsin atası Mərkəzi Klinik Xəstəxananın keçmiş baş həkimi Yüzasif Kərimovdur.