Aida Mahmudova

Mənbə: Meydan TV

Başlıq: Aida Mahmudova

Hakim elitanın incəsənət və mədəniyyət sahələrini inhisarlaşdırmaqla gənclərə təsiri

Məqalə yeniləndi:  10 May 2019

Bu məqalənin məqsədi, ölkənin hakim elitasının bir hissəsi tərəfindən incəsənət və mədəniyyət sahəsində bir növ inhisarlaşma siyasətinin yürüdülməsinin səbəblərini və nəticələrini təhlil etməkdir. Baxmayaraq ki, oxşar proseslər bir qədər kiçik və dəyişik miqyasda təhsil və xeyriyyə sahəsində də baş verir. Aşağıda 2005-cü ildən bu günə qədər əhatə olunan dövrdə Azərbaycanın sosial və mədəni həyatında baş verən konkret nümunələri və prosesləri analiz etməklə, ölkənin mövcud hakim sinifin bir hissəsinin siyasi gücünün saxlanması naminə gənc nəslin ən çoxsaylı və şüurlu hissəsinin rəqabətini qazanmaq üçün istifadə olunan mexanizmləri nümayiş etdirməyə cəhd göstəriləcəkdir.

Siyasi hakimiyyətin içində hazırda gedən tektonik proseslərdən doğan və yenidənqurma mərhələsində olan yeni siyasi sinifə ölkənin rəhbərliyində təmsil olunan bir sıra nazir və struktur rəhbərləri, onların ailələrini da aid etmək olar, lakin bu məqalədə işıqlandırılan mədəniyyət və incəsənət siyasətinin vektorunu müəyyən etmək və həyata keçirmək hüququ yalnız ölkə prezidenti və onun həyat yoldaşının ailələrin üzvlərinə aiddir (hakim ailə). Qalanlar əsasən ikinci dərəcəli aktyor və müxtəlif uğursuzluqlara və nöqsanlara məsul olan şəxslər kimi çıxış edirlər. Məqalədə təqdimatın təkrarlanmasından qaçmaq üçün eyni mənada hər iki anlayışdan, hakim elita və hakim sinifdən istifadə ediləcək.

Hazırda transformasiya prosesini yaşayan hakim elitanın öz syasi məqsədlərinə nail olmaq üçün niyə məhz cəmiyyətin bir hissəsini - yaradıcı gəncləri hədəf kimi seçilməsinin, onlardan nə vaxt və necə istifadə olunmasının, ölkənin mədəniyyət və incəsənət sahələrində ayrı-ayrı dövrlərdə dövlət siyəsətinin necə dəyişməsini, bu yöndə istifadə olunan metod və yollarını göstərməklə nəticədə güman olunan son məqsədlərə aydınlıq gətirməyə calışacağam.

Elitaların ümumi təsviri və hazırda Azərbaycanda hakim elitanın içində gedən proseslər

Leyla Əliyeva sərgisində

Leyla Əliyeva sərgisində

Mənbə: leylaaliyeva.com

Dünyanın hər yerində belə bir təcrübə var- dövlət başçılarının həyat yoldaşları və qızları hansısa bir layihəni öz şəxsi nəzarəti altında saxlayaraq onu inkişaf etdirir, çox vaxt fərdi ölkənin hüdudlarından kənara çıxarıb onu yeni səviyyəyə gətirirlər. Bir qayda olaraq, bu layihələr mədəniyyət, xeyriyyə, tibb və ya təhsil sahəsində darmövzulu məsələlərdən birinə aiddir və beynəlxalq səviyyədə diqqəti cəlb etmək üçün problemi və onu dünya səviyyəsində həll etməsi üçün nəzərdə tutulub. Bu gün Azərbaycanda birinci xanım və eyni zamanda bBirinci vitse-prezidentin ailəsi nəinki bir, sadalanmış sahələrin ən azı 3-də layihələrin əksəriyyətinə nəzarət edir və həyata keçirir. Bununla öz yaradıcı və digər qabiliyyətlərini reallaşdirmaq istəyən gənclərin seçimini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Məsələn, təhsil sahəsində Azərbaycanda əhali arasında ən prestijli sayılan 2 ali məktəb- ADA və Lomonosov adına MDU-in Bakı filialına, birinci ledinin əmisi və bacısı rəhbərlik edirlər. Ən iri xeyriyyə yarmarkaları isə mütamədi olaraq şəhərin mərkəzində, fəvvarələr meydanında Nərgız fondu tərəfindən keçirilir. Ölkədə hazırda gedən siyasi prosesləri təhlil edərək belə nəticəyə gəlmək olar ki, 2016-cı ildə keçirilmiş ümumxalq referendumunda Konstitusiyaya düzəlişləri qəbul edildikdən sonra hakim sinfin iki hissəyə bölünməsi prosesi başlayıb və son nəticədə mövcud Azərbaycan reallıqında təkbaşına siyasi qərarlar vermək iqtidarında olan siyasi elita tədricən Əliyev-Paşayev ailəsi çərçəvəsində müəyyənləşir, bununla da son dövrə qədər monolit olmuş hakim elitanın digər hissəsi aşağı keyfiyyətli element statusuna sahiblənməyə başlayıb. Bunu 2016-ci ildən başlayaraq Prezident Administrasiyasında struktur dəyişikliklərin baş verməsində, 1-ci vitse-prezidentin öz aparatını formalaşmasında da görmək olar. 20 ildən çox eyni şəxslərin rəhbərlik etdiyi nazirliklərin bir çox səlahiyyətinin 2012-ci ildə yaradılmış və prezidentin şəxsi layihəsi kimi təqdim olunan ASAN Xidmətə verilməsi də hakim sinfin içində gedən mübarizənin əlaməti kimi görünür. Lakin qeyd etmək lazımdır ki ASAN-a verilən funksiyalar aidiyyəti olan nazirliklərdən tam alınmır, bu da təzyiqə məruz qalan elitanın bir hissəsinin müəyyən müqaviməti kimi qiymətləndirilə bilər.

Hakim elita anlayışı məqələdəki əsas xətt olduğundan onun qısa açılmasını vermək gərəkdir. Müasir sosiologiyanın klassikləri Vilfredo Pareto və Gaetano Moska hakim elita termini belə təsvir edirlər: müəyyən bir fəaliyyət sahəsində ən yüksək göstəricilərə malik olan bir qrup insan. Bu müəlliflər ayrı-ayrılıqda öz əsərlərində Azərbaycanda siyasi elitaya xas olan xüsusiyyətlərə və hazırda içində gedən mübarizənin 2 vacib aspektinə: elitaların yenilənməsi və daim siyasi varisliyə meyli olduqlarının məsələlərinə toxunurlar. Hər bir sahənin öz elitası olur. Siyasi elita - hökumət qərarlarının qəbulunda və həyata keçirilməsində birbaşa iştirak edən bir azlıqdır. Siyasi elitanın xüsusiyyətləri -müstəqil, imtiyazlı qrup, hansı ki, xüsusi psixoloji, sosial və siyasi keyfiyyətlərə malikdir. Bu qrup sosial iyerarxiyada üstün yerləri tutur. Digər tərəfdən, Paretonun "Traktatında" müvafiq keyfiyyətlərə malik olmayan insanların da elitanın "etiketini" daşıya biləcəyinə dair iddialar var. Aydındır ki, bu təsvir birinciyə ziddir. Göründüyü kimi, birinci təsvirində, Pareto "təbii seleksiya" prinsipi əsasında açıq sinif quruluşu və mükəmməl sosial hərəkətlilik sistemi olan bir cəmiyyəti nəzərdə tutur. Bu vəziyyətdə elit xüsusiyyətlər və elit statusu üst-üstə düşməlidir, ancaq belə bir vəziyyət, əlbəttə ki, tarixdə tez-tez baş vermir. G.Mosk "hakim sinfi" termini ilə müqayisədə elit terminə üstünlük verir. Onun izahında hakim siniflər yalnız sərvətlərin əldə edilməsi və qorunması üçün deyil, həmçinin, elmi biliklərin yayılması və istifadəsi, mənəvi sahədəki hökmranlıq üçün əsas vəzifələr olduğunu iddia edirlər. Hər bir cəmiyyətdə hakim sinifin "irsi kastaları"-nı meydana gətirilməsinə meylləri var. Hər hansı bir cəmiyyətdə, elita öz mövqelərini inhisarlaşdırmaqı və onların nəsillərinə ötürməyi, irsi kastaya çevrilməyi arzulamağa çalışır.

Leyla Əliyeva sərgisində

Leyla Əliyeva sərgisində

Mənbə: leylaaliyeva.com

Lakin yeni sərvət mənbələrinin, biliklərinin, dini fikirlərinin yaranması buna mane olur və aşağı seqmentin müəyyən hissələri ilə elita arasında dövri münaqişələr yaradır. Paretonun nəzəriyyəsinə görə, elitanın bağlanması, yəni içərisində dövriyyə baş verməyəndə və ya çox yavaş olanda, onun parçalanmasına və azalmasına gətirib çıxarır. Elitanın dövriyyəsinin yavaşlanması və ya hansısa başqa səbəbdən aşağı keyfiyyətli elementlərin kritik həcmdə elitanın üstün səviyyədə yığılması siyasi inqilabların baş verməsinə səbəb olur və bu halda inqilab elitanın dövriyyəsinə təkan verən bir növ əlavə alət kimi çıxış edir. Hazırda Azərbaycanda davam edən proseslər elit / hakim sinifdə olan durğunluğun klassik nümunəsidir və bu sinfin içində olan qruplardan biri, ölkənin birincı xanımın ailəsi, süni dövriyyəni yerinə yetirmək üçün müəyyən cəhdlərə əl atmaqa çalışır, qaçılmaz inqilabin qarşını almaq məqsədi ilə. Aşağı keyfiyyətli element statusuna düşmüş və bununla barışmaq istəməyən hakim sinifin digər hissəsi ilə daxili mübarizədə cəmiyyət arasında o qədər da müsbət olmayan imicini yaxşılaşdırmaq məqsədilə yaranmaqda olan yeni siyasi elitanın ilk baxışdan görünməyən, siyəsi proseslərə birbaşa təsir gücünə malik olmayan, yumşaq və qoyulmuş məqsədlərə çatmağı tam vəd etməyən, buna görə da qeyri-adi adlandırıla biləcək üsullardan istifadə etməsini müşahidə etmək olar. Hakim elitanın və dövlətin mədəniyyət və incəsənət sahələrində apardığı siyəsət Gələcək mədəni və yaradıcı özəlləşdirmə prosesinin təməlini qoyan ilk daşlar 2005-ci ildə qoyulmuşdu. H.Əliyevin ölümündən 2 il sonra onun adına olan fond yaradıldı və ölkə prezidentin həyat yoldaşı bu fondun prezidenti təyin olundu.

O vaxtdan etibarən, birinci xanımın və Azərbaycanın hazırkı Birinci vitse-prezidentin ailəsi sürətlə siyasi və maliyyə kapitalını qazanmaqa başladı. Bu proses, son mərhələsində, bu günə qədər davam edir, amma onun fəal dövrü 2011-ci ildə tamamlanır. O zaman, ölkənin birinci xanımı üçün qəbuledilməz sayılan bəzi hökumət xadimləri zərərsizləşdirilir, və onun ailəsinin əsas maliyyə aləti olan “Pasha Holding” ölkənin bank, sığorta, tikinti və turizm sahələrində mütləq lider olmaqla, maliyyə imperiyasına çevrilib. Bu vaxtdan, yəni təxminən 2011-ci ildən, ölkənin (paytaxtın) mədəni həyatının inhisarlaşdırılması daha təkmilləşdirilmiş şəkildə aparmağa başlandı. Bu dövrə qədər isə dövlət strukturları ilə əlaqələndirilməyən bütün müstəqil sənət layihələri ciddi senzuraya məruz qalırdı və aşağıda bir neçə belə məhdudlaşmalarının konkret nümunələri göstəriləcəkdir. Burada Heydər Əliyev hakimiyyəti dövründə mədəniyyət sahəsində yürüdülən dövlət siyasətinin təsviri qəsdən verilmir, çünki o vaxtkı siyasət bugünkündən kəskin şəkildə fərqlənir. Mərhum patriarx əsasən sovet stilində konsertlərdə və sərgilərdə səhnəarxası şəxsi görüşlərə üstünlük verirdi, konfranslar, müxtəlif yübileylər keçirirdi və ən əsası onun dövründə mədəniyyət siyəsəti açıq-aşkar gəncyönümlü deyildi. O dövrdə məmurların tənqid ruporu qismində tez-tez çıxış edən şən və hazırcavablar klubu “Parni iz Baku”, uzun müddət ölkə teleefirinə çıxışından məhrum olub. Ancaq cari ilin mart ayında bir qrup incəsənət və mədəniyyət işçilirə ilə görüşdə prezident Əliyev bəyən etdi ki, onlara qoyulan məhdudiyyətlər ədalətsizdir və bu qadağanın qısa müddətdə ləğv olunmasına inanır. Bu da vaxti ilə yoxlanılmış və güclü təsirə malik olan satira silahından elitadaxili mübarizədə yenidən istifadə olunmasına bir işarə kimi başa düşülə bilər. Senzura prosesinin başlanğıc nöqtəsi kimi azərbaycanlı rəssam və rejissor T. Daiminin "Qara Cənnət" filminin 2006-ci ildə Berlin festivalında nümayişinə qadağa qoyulması sayıla bilər. Azərbaycanın o vaxtkı ekologiya nazirinin səyləri nəticəsində filmin artıq festival proqramına salınmasına baxmayaraq nümayişinə qadağa qoyulub. Həmin dövrdə, 2000-ci illərin ortalarında, Bakı memarlığının tanınmış tədqiqatçısı və tarixçisi Fuad Axundov, aparıcı olduğu televiziya proqramının efirində Bakının tarixi binalarının kütləvi şəkildə sökülməsi problemi ilə bağlı müvafiq icra strukturlarına çağırış edib, ölkənin birinci xanımından bu prosesin dayandırılmasında köməklik göstərilməsini xahiş etmişdi.

Eşidilmədən, o tezliklə ölkədən köçür və bu günə qədər ildə bir neçə dəfə Bakıya gələrək turist və ziyarətçilər üçün maraqlı ekskursiyaları təşkil edir. 2010-cu ildə dünya şöhrətli Azərbaycan fotorəssamı Rəna Əfəndinin "Boru Dreams" adlı bir zəngin neft ölkəsinin rifahlı həyatının görünməyən tərəfləri göstərən kitabının tirajı Azərbaycan gömrüyündə müsadirə olunub və onun sərgisi Azərbaycanda qadağan olunmuşdu . Bunlar çoxsaylı nümunələrdən cəmi bir neçəsidir. Ölkənin ictimaiyyəti arasında belə bir fikirə rast gəlinirdi ki, həmin dövrdəki sərt senzura prezident Əliyev və onun həyat yoldaşı tərəfindən şəxsən başlamayıb, neft oxlokratiyasının siyasətinin ayrılmaz tərkib hissəsi idi və kapitalların qeyri leqal yollarla yığılmasının qaçılmaz nəticəsi olub. Bununla yanaşı, bəzi faktlar bu cur fikirləri şübhə altına salır və bir çox hallarda prezident ailəsinin üzvlərinin ən azından mədəniyyət və digər sahələrdə baş verənlərdən xəbərdar olduqlarını təsdiqləyir. Məsələn, Bakının mərkəzində “Pasha Holding” tərəfindən “Four Seasons” otelinin inşası zamanı qədim katakombların məhv edilməsi və qədim qala divarının bir hissəsinin dağılması barədə ölkənin görkəmli tarixçilərinin, memarlarının və ictimai xadimlərinin ölkə rəsmilərinə tikinti işləri dayandırmaq və tarixi əsərləri xilas etmək üçün edilmiş müraciətlərin təsiri olmayıb. İncəsənət üzərində dövlət nəzarətinin pik nöqtəsi 2011-ci ildə Venesiya bienalleda Moskvada yaşayan tanınmış azərbaycanlı rəssam Aydan Salahovanın müəllifi olduğu iki mərmər heykəlinin milli pavilyonda nümayişi prezident İlham Əliyevin şəxsi göstərişi ilə "Azərbaycan dövlətinin tolerant mahiyyətinə uyğun gəlməyən" bəhanəsi altında qadağan olunub. Heykəllər müsəlman qadının şərq cəmiyyətlərində imicini və hüquqlarını özünəməxsus tərzdə işıqlandırırdı və göründüyü kimi, bu, ölkədə avropa dünyəvi dəyərlərin yeganə zəmanətçisi kimi özünü təqdim edən Azərbaycan prezidenti tərəfindən tam anlaşılmayıb və ya da ona yanlış şəkildə təqdim edilib. Azərbaycan Respublikası ərazisində yaşayan, mədəniyyətindən və dinindən asılı olmayaraq, bütün millətlərin və xalqların hüquqlarının hörmət və bərabər şəraitin təmin edilməsi mövzusunu mövcud Azərbaycan hakimiyyəti yanlış olaraq multikulturalizm kimi başa düşür. “Niyə yanlış”- sual yarana bilər. Fikirimcə, bunun ən aydın izahını tanınmış hüquqşünas E.Qədirli verir :

“Avropada multikulturalizm ideyasının gündəmə gətirilməsinin məqsədi - Avropada post-kollonial gerçəkliyin fəsadı olan miqrant problemini və ondan doğan mədəni əngəlləri həll etmək olub. Multikulturalizmin arxasında çox uzunsürən və ağrılı bir problem var - Avropaya köçmüş onmilyonlarla miqrantın, Avropa ölkələrinin siyasi və iqtisadi fürsətlərindən faydalandığı halda, onların mədəniyyətlərini qəbul etməməsi. Nə dil öyrənirlər, nə təhsil alırlar, nə işə düzəlirlər. Bununla belə, özləri üçün mədəni güzəştlər tələb edirlər. Azərbaycanın belə bir gerçəkliyi yoxdur, heç zaman da olmayıb. Bundan sonra da olacağı gözlənilmir. Azərbaycan çoxetnik və çoxdini ölkədir, amma Azərbaycan toplumu homogendir (yekcinsdir). Burada yaşayan xalqların mədəniyyəti ayrılmaz dərəcədə bir-birinə qovuşub. Bu, multikulturalizm deyil, daha çox milli birlikdir. Sadəcə olaraq bir çox başqa ideya kimi, multikulturalizm də bizə gec çatdı. Avropada artıq sönməyə başlamışdı ki, Azərbaycan siyasi dairələri burada onu təbliğ etməyə girişdilər.

Konkret tarixi kökləri olan və Avropanın dar siyasi konteksti çərçivəsində yaranmış və bitmiş ideyanın Azərbaycanda yeri yoxdur. Xaricdən ölkəmizə gəlmiş, burada daim məskunlaşmış və buraya inteqrasiya etmək istəməyən miqrant kütləsi problemi yoxdur cəmiyyətimizdə. Söhbəti ölkəmizin çoxetnik və çoxdini mühitinə gətirməyi də doğru sayıla bilməz. Azərbaycanda yaşayan etnik qruplar və dini icmalar - buranın köklü sakinləridir. Hamısı buranı öz vətəni sayır, tam və dərin inteqrasiya etmişdir. Multikulturalizm ideyası olmayan vaxtlardan dinc yaşayış ortamı var ölkəmizdə. Bu ideyanı kontekstdən qoparıb Azərbaycanda tətbiq etmək - ciddi metodoloji yanlışlıqdır”. Ölkəmizdə multikulturalizm mövzusunu daim bəhanə edərək Azərbaycan hakimiyyəti demokratik Qərb hökümətləri ilə münasibətlərdə ölkədə insan hüquqlarının pozulması və geniş korrupsiya kimi problemlərin bu günə qədər həll olunmamasına haqq qazandırmağa çalışır. Lakin Venesiyada baş vermiş olayla bağlı dövlətin multikulturalizm siyəsəti istər-istəməz şübhəli işıqda göründü. Bu tədbirin açılışında Azərbaycanın birinci xanımın, UNESCO və İSESCO-nun xoşməramlı səfirinin iştirakı bu hadisəni daha da anlaşılmaz etdi. Çünki xanım Əliyeva dünyanın iki mədəniyyətdən ən yaxşılarını özündə çəmləşdirən dünyəvi bir müsəlman qadın vahid imicini yarada bilmişdi. Lakin burada İSESCO-nun dəyərləri aydın olmayan bir konyuktura görə örtüklə örtülmüşdü. ( çox tonlu mərmər heykəlləri pavilyondan çıxartamaq mümkün olmadıqları üçün onlar parça ilə örtülmüşdür). 2005-2011-ci illəri əhatə edən sənət sahəsinin üzərində olan sərt nəzarətin olması və sonrakı dövrdə bir növ "mədəni renessansın" baş verməsinin səbəbləri o vaxt dövlətin sənət və mədəniyyət sahələrinə yetərincə diqqətinin olmaması və ölkənin yaradıcı həyatının bütövlükdə tənzimlənməsi üçün maliyyə imkanlarının olmamasına bağlamaq olar. Müstəqil sənətkarların və sənətçilərin özəl təşəbbüslərini boğmaqda bütün avtoritar rejimlərin eyni sevimli bəhanəsi var - ölkənin beynəlxalq imicinə potensial olan təhlükə. Lakin gələcək göstərdiyi kimi, bəlkə də yuxarıda göstərilən dövrdə müstəqil mədəni və yaradıcı təşəbbüslərin boğulmasının əsas məqsədi ölkənin yaradıcı potensialın beynəlxalq müsabiqələr və sərgilərdə dövlətin, daha doğrusu, hakim elitanın icazəsi olmadan iştirak etmək praktikasının yaradılmasının qarşısının alması idi. Çünki hakim ailəsinin möhtəşəm bir mədəniyyət layihəsi artıq hazırlanmaqda idi.

Yarat logosu

Yarat logosu

Mənbə: Yarat

“Yarat”ın fəaliyyəti

2011-ci ildə ölkənin birinci xanımının bacısı qızı tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı “Yarat” Müasir İncəsənət Məkanı (bundan sonra Yarat) öz məqsədlərini Qafqazda, Mərkəzi Asiyada və ətraf regionlarda müasir incəsənətin təbliğatı və inkişafı ilə məşğul olan və rəssamlar üçün yaradıcı platforma yaratmaq, sərgilərin, təhsil proqramların və festivalların təşkil etməsində, fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurulmasında görür. Təşkilat, mövcudluğunun təxminən 8 il ərzində, yerli və xarici sənətkarların 100-dən çox genişmiqyaslı sərgisini keçirib, davamlı olaraq müxtəlif uşaq və gənclər proqramlarını həyata keçirir, perspektivli musiqiçilər, heykəltəraşlar, rəssamlar, fotoqraflar, rejissorları dəstəkləyən uzunmüddətli rezidensiyalarını təşkil edir və demək olar ki, müasir yaradıcılıq sənətinin bütün spektrini əhatə edir. Maraqlıdır ki, 2016-cı ildən sonra, yəni ölkədə siyasi hakimiyyətin ailənin miraslığına yol açan konstitusiyaya düzəlişlər edilməsi ilə bağlı referendumdan sonra,"Yarat" platformasının təşkil etdiyi bir çox sərginin mövzuları müəmallı şəkildə ölkədə baş verən və idarə olunan siyasi proseslərlə üst-üstə düşür, bəzi hallarda sərgi mövzularının mahiyyəti və detalları, hətta bu proseslərin əksi göstərərək onları elə bil tənqid edir. 2016-ci ilin iyun ayında, qraffiti məhbusların həbsindən 1 ay sonra “Yarat”da “Kiçik yalanlar” adlı qrup sərgisi keçirilib. Sərgi “xoş niyyətlər naminə işlədilən yalanlar, uydurma tarixçələr və məyusluq aləminə səyahət edir, XX əsrin iki ən böyük siyasi həqiqət ini – addımbaşı səslənən yalanlara, saxta qəhrəman obrazlarına və qondarma metaforalara müraciət edir, iki siyasi təcrübəni qarşı-qarşıya çıxarıb toqquşdurur”. Həmçinin 2016-ci ilin yayında “Müqavimət haqqında 300 söz” adında sərgi keçirilir. Sərginin təsvirində deyilir: “Müqavimət haqqında 300 söz iki cür müqavimətin mövcudluğundan irəli gəlir: həm şəxsi, həm də siyasi. Vətəndaş cəmiyyətinin quruluşunda müqavimət mühüm sosial vəzifə daşıyır. 7 gənc Azərbaycan rəssamı müqavimət anlayışını araşdıraraq, ölkə gənclərini düşündürən gender münasibətləri, mədəniyyət stereotipləri və sosial-siyasi əminsizlik kimi əsas mövzuları bu sərgidə təqdim edirlər. Yeni ərsəyə gətirilmiş bu əsərlərdə həm bugünkü Azərbaycan cəmiyyətinin bütövlükdə apardığı, həm də vətəndaşlarımızın fərdi surətdə üzləşdiyi mübarizələr tədqiq olunur. 2016-cı ilin noyabrında 6 il əvvəl Rəna Əfəndinin sərgisinin Azərbaycanda arzuolunmaz elan olunmasına səbəb olmuş mövzuya oxşar – “Neft və milyonlarla səltənətdə” adında bir seminar-sərgi keçirilir.

2018-ci ildə “Sovetski” məhəlləsinin söküntüsü zamanı “Yarat”da “Məhəllə” adlı sərgisi keçirilib, orada məhv edilmiş tarixi memarlıq abidələri haqqında bəhs edilib. Həmçinin ADA-da 2018-ci ildə “Street Graffiti” mövzusunda seminar-dərsi təşkil edilir. 2018-ci ilin iyul ayında “YARAT” tanınmış, beynəlxalq səviyyəli Hindistan rəssamı Şilpa Quptanın “Mən bu lisanə sığmazam” adında fərdi sərgisini təqdim edir. Sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlər boyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən, yeni və genişmiqyaslı çoxkanallı səs instalyasiyası təşkil edir. Bu instalyasiya, sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, bu gün insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir. Qeyd etmək lazımdır ki, 2018-ci ildə Azərbaycanda 130 siyasi məhbus var idi, onların arasında 10 nəfəri jurnalist və biri satirik şair idi. Başqa vacib bir aspektə diqqət yetirmək da zəruridir - elit sənətinin təmsilçisi və daşıyıcısı kimi tanınan hakim ailə son dövrdə faktiki olaraq pop, yəni geniş kütlə üçün nəzərdə tutulan mədəniyyətinin bələdçisinə çevrilib və elit incəsənətinin bir hissəsini aşağı təbəqələrə təqdim etməyə başlamışdı. Məsələn, 2006-ci ildə dar dairələr üçün yaradılmış və əsasən xarici trupların tamaşalarına üstünlük verən ÜNS teatrı artıq uzun müddətdir aktiv fəaliyyt göstərmir, digər tərəfdən isə hakim ailənin yaratdığı başqa elit sayıla biləcək layihə- Marionet Teatrı, baha olmayan bilet qiymətlərilə hər kəsə öz qapılarını açıq saxlayır. Müəllif rəsmlərinin nümayişi zamanı, konsertlərin və müxtəlif incəsənət xadimləri ilə görüşlərin keçirildiyi günlərdə Yarat zalları yeni formasiya gənclərlə doludur, onların arasında ölkənin regionlarından olan tələbələrin sayı getdikcə artır. 2018-ci ilin noyabr ayında Yarat təşkilatçılıqı ilə keçirilmiş MAP (musiqi, art, performans) teatr festivalı ölkə ictimaiyyəti arasında geniş maraq doğurub və Azərbaycandakı ilin əsas mədəni hadisəsi adlandırıla bilər. Festivalda 10 ölkədən, o cümlədən İtaliya, Yaponiya, İsveçrə, Böyük Britaniya, Almaniyadan olan kollektivlər iştirak edirdi. Burada da iti və provokativ mövzulardan yan keçilməyib.

Rusiyanın Qoqol Mərkəzi N.Nəkrasovun "Rusiyada yaşamaq kimlər üçün yaxşıdı" adlı əsərinin əsasında qurulmuş tamaşanı təqdim etmişdir. Tamaşa, avtoritar rejimlərin altında yaşayan insanların gündəlik həyatlarında rastlaşdıqları problemləri ortaya qoyur. Tamaşanın quruluşçu rejissoru və teatrın rəhbəri K. Serebryannikov Rusiyada bir müddət həbs həyatı yaşayıb. Faktiki olaraq, bu gün yaradıcılıq sənətinin hər hansı bir sahəsində özünü reallaşdırmaq istəyən bir şəxs “Yarat” mədəniyyət mega-holdinq ilə əməkdaşlıq etməyə məhrumdur. Eyni zamanda, yuxarıda göstərildiyi kimi, “Yarat” çərçivəsində işiqlandırılan mövzular ilə bağlı demək olar ki, heç bir tabu yoxdur. Buna "icazəli tənqid" adını da qoymaq olar. “Yarat”ın bir hissəsi olmaq istəməyən müstəqil gənc rəssamların kiçik müstəqil layihələrinə, bir qayda olaraq, maliyyələşməməsi və yaradıcılıq üçün alternativ pulsuz və ya əlçatan yerlərin olmaması səbəbindən tezliklə son qoyulur. Əlbəttə, “Yarat”ın imkanlarından artıq gənc olmayan və ad qazanmız incəsənət xadimləri də istifadə edir, amma təşkilatın əsas kontingenti məhz gənclərdir. Bu incəsənət platformasının genişmiqyaslı və cəlbedici fəaliyyətinin fonunda hakim ailənin həmçinin nəzarəti altında olan, öz köhnə üsulları və senzura tətbiqi ilə daha çox sovet mədəniyyət idarələri xatırladan Mədəniyyət Nazirliyinin cavan yaradıcı insanlara təklif edə biləcəyi imkan və mövzuları çox məhduddur. Qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyət naziri və onun ailəsi formalaşma prosesində olan yeni siyasi elitanın üzvü sayılır və nazirin qızı hazırda “Yarat” incəsənət məkanının art-direktor vəzifəsində çalışır. Yuxarıda göstərilən fəaliyyət tədricən ona gətirib çıxarır ki, ölkənin avtoritar hakimiyyəti tərəfindən həyata keçirilən hər cür məhdudiyyət siyasətini ən sərt tənqidçisi olan gənclər, az miqdarda da olsa, öz yaradıcılığını reallaşdırmaq üçün nisbi azadlıqdan faydalanmağa və sadəcə olaraq asudə vaxtlarını keçirmək üçün “Yarat”ın təşkil etdiyi imkanlardan istifadə etməyə başlayırlar, bu da onların ölkədəki ictimai və siyasi proseslərə olan marağının itirilməsinə bir növ səbəb olur . Bunu hakim ailəyə məxsus olan digər layihənin, 2018-ci ildə yaradılmış “Var-Yox” mədəniyyət informasiya saytının nümunəsində da görmək olar. Eyni zamanda yaradıcı gənclər üçün kömək vasitəsi kimi təqdim olunan sayt özünü belə təsvir edir: "Hamımız incəsənətlə bu və ya digər şəkildə əlaqəliyik. Komandamızda müasir Azərbaycan incəsənətinə yön verən insanlar da var. Hər şeydən danışırıq, məsələlərə geniş aspektdən baxmağa çalışırıq. Köhnə fikirlərə meydan oxuyub yenilərini təklif etməkdə israrlıyıq. Biz plüralizmə inanırıq və düşünürük ki, dünyaya açılmaq üçün proqres yeganə yoldur. Cəmiyyətdəki mövcud problemlərdən xəbərdarıq və istəyimiz bu problemlərin həlli yönündə nəsə etmək, ölkəmizin inkişafına öz töhfəmizi verməkdir. Ona görə də daim ətrafımızdakıları məlumatlandırmağa, onlara özlərini tapmaqda, inkişaflarında dəstək olmağa çalışırıq. Belə ki, dünyanı dəyişmək elə ətrafımızdan başlayır". Saytın təsisçisi və kreativ direktoru tanınmış fotoqraf S. İbrahimovadır və onun heyətində müstəqil gənc nəslin nümayəndələri, o cümlədən bir çox gəncin kumiri olan rep musiqiçi Uran da var. Azad fikirli, müstəqil ictimai fəalı imicinə malik olan xanım sayt təsisçisinin eyni zamanda ölkə siyasi hakimiyyətinin və ayrıca olaraq hakim ailənin az qala şəxsi düşmənləri sayılan müxalif jurnalist və musiqiçilərlə ünsiyyətda olması, onlarla birgə fotoşəkil çəkdirib sosial şəbəkələrdə paylaşması hakim elitanın nəzarəti altında olan layihələrin işçilərinin öz hərəkətlərində kifayət qədər sərbəst və azad olduqlarını göstərir. Qeyd olunanlar hamısını cəmləşib, yenilənmə prosesində olan hakim elitanın kifayət qədər iddialı addımların atdığını güman etməyə əsas verir. Cəmiyyətin ən çoxsaylı, yaradıcı, onun elektoral aktiv və şüurlu hissəsi olan gənclərə siyasət və cəmiyyətin dövlətə nəzarət mövzulardan başqa diğər bütün sahələrdə özlərini reallaşdırmaq üçün şərti məhdudiyyətsız azadlıqı verməklə, bunun üçün şərait yaratmaqla, onları öz nəzarəti altında saxlamaq, özünə loyallıq qazandırmaq və ya ən azından apolitik etmək cəhdləri kimi qiymətləndirilə bilər və bu işdə uğur nümunəsi kimi yaradıcı gənc nəsilinin tanınmış nümayəndələrindən istifadə olunmağa çalışılır. Ölkənin müasir tarixində müxtəlif gənclik birliklərindən siyasi məqsədlər üçün istifadə etməsi yeni praktika deyil, 2005-ci ildə yaranmış “İrəli” gənclər ictimai-siyasi hərəkatının, həmçinin o dövrdə mövcud olmuş “Dalğa” və “Azad Gənclik” hərəkatlarını misalları çəkmək olar. Lakin bir qayda olaraq bütün bu hərəkətlərin fəaliyyətləri uzun çəkmirdi, seçki dövrlərinin başlanğıcında müxtəlif siyasi qüvvələr tərəfindən yaradılıb ölkədə seçki prosesinin sona çatması ilə ləğv olunurdu. Hakim elitanın yeni imicin formalaşmasında bu cur qeyri-mütərəqqi yanaşmanı seçməsi, əhalinin rəqbətini qazandıra biləcək hər hansı bir ideoloji bazasının olmaması və uzun illər hakimiyyətdə təmsil olunmasına baxmayaraq, öz şəxsi maraqlarına xidmət edəcək siyasi partiya yarada bilməməsi ilə əlaqələndirmək olar. Ölkənin birinci xanımı və vitce prezidenti bu günə qədər fantom YAP-ın sədr müavini olaraq qalır. Beləliklə, kəskin sosial problemləri incəsənət vasitəsilə işıqlandırmaq və tənqid etmək yolu ilə formalaşmaq prosesində olan yeni siyasi elita özlərini elm və mədəniyyət mövqelərindən təqdim etməklə ölkə əhalisi arasında narazılıq doğuran hökumət siyəsətindən özünü uzaqlaşdırmaqa çalışır. Lakin son 10 il ərzində çoxsaylı jurnalist araşdırmaları göstərib ki, bir çox halda ölkənin içində və xaricində yüksəksəviyyəli korrupsiya və pulyuma hallarının, müxtəlif qanun pozuntularının baş benefisiarı məhz ölkə prezidentinin ailəsi və onlara məxsus olan holdinqdir. İctimayi-siyasi fikirlər üzərində yox, mədəni və yaradıcı proseslərə cəlb etməklə gənclər arasında özünə sadiq və idarə olunan mühit yaratmaq üsullarından Azərbaycan daxilində heç vaxt hakim elita tərəfindən istifadə edilməyib və bir növ siyasi nou-xau sayıla bilər. Qeyri-rəsmi olaraq gənclərə aid edilən (rəsmi statistika gənclərə 15-29 yaş arası olanları aid edir) 17-35 yaş arası olanların sayı ölkə əhalisinin 3.370 mln. nəfər və ya ümumi seçici sayının (5.192 mln) 60 faizdən çox təşkil etməsini nəzərə alsaq, yeni hakim elita tərəfindən həyata keçirilən və ilk baxışdan gözə dəyməyən siyəsətinin miqyasını və ciddiliyini təsəvvür etmək mümkündür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 May 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vljibr

Ən çox baxılan