Hakim ailə ilə əlaqəsi olduğu deyilən şirkət Azərbaycandan gedir

”TeliaSonera” il sonunacan Azərbaycan bazarını tərk edəcək

Source:


”TeliaSonera” il sonunacan Azərbaycan bazarını tərk edəcək

 “Azercell Telekom” MMC-nin səhmdarı olan “TeliaSonera Holding BV” bu ilin sonunadək Azərbaycan bazarını tərk etməyi planlaşdırır.

APA yazır ki, bu barədə “Turkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu bildirib.

Onun sözlərinə görə, “TeliaSonera Holding BV”-nin Avrasiya regionundakı aktivlərini idarə edən “Fintur Holding BV” şirkətinin Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldova bazarlarını tərk etməsi prosesi davam edir:

“Prosesin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub”.

Nizamnamə kapitalı 538 mln. dollar olan “Fintur Holding BV”-nin səhmlərinin 41,45 faizi “Turkcell” şirkətinə, 58,55 faizi isə “TeliaSonera” holdinqinə məxsusdur.

İsveçdə fəaliyyət göstərən jurnalist araşdırmaları üzrə FGJ təşkilatının “TeliaSonera” şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırması var. Araşdırmanı azərbaycanlı jurnalist Xədicə İsmayıl 2014-cü ildə başlamışdı. Araşdırma “TellaSonera” şirkətinin Azərbaycandakı bölməsinin hakim ailə ilə yaxın əlaqəsi olduğunu aşkarlamışdı.

OCCRP, SVT və TT təşkilatları isə aşkar ediblər ki, qismən İsveç hökumətinə məxsus “TeliaSonera” şirkəti 2008-ci ildə Azərbaycanın dövlət telekommunikasiya şirkəti olan “Azercell” özəlləşdirilərkən böyük rüşvət qalmaqalına cəlb olunub. Bu, İsveç tarixində ən böyük rüşvət qalmaqalı hesab olunur.

Jurnalistlər 1 milyard ABŞ dolları məbləğində dövlət vəsaitinin prezident İlham Əliyevin ailəsinə yaxın olan şirkətlərə köçürüldüyünü aşkarlamışdılar.

“TeliaSonera Holding BV”-nin Avrasiya regionundakı aktivləri “Fintur Holdings” tərəfindən idarə olunur. Söhbət “Azercell” (Azərbaycan), “GeoCell” (Gürcüstan), “Kcell” (Qaxaxıstan), “MoldCell” (Moldova) kimi aktivlərdən gedir.

Bundan öncə “TeliaSonera Holding BV” bəyan edib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət “uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu”, – bildirib. Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.

Ana səhifəXəbərlərHakim ailə ilə əlaqəsi olduğu deyilən şirkət Azərbaycandan gedir