”Hafiz Hacıyevin arxasında Əli Həsənovla Fikrət Məmmədov dayanır”

Aslan İsmayılov: “Bu canlı elə bir varlıqdır ki, onun haqqında ən ağır ifadələr belə təhqir deyil”

Source:
Aslan İsmayılov və Hafiz Hacıyev
Aslan İsmayılov və Hafiz Hacıyev


Aslan İsmayılov: “Bu canlı elə bir varlıqdır ki, onun haqqında ən ağır ifadələr belə təhqir deyil”

“On milyonun nifrət obyekti olan biri prezidentə “qardaşım” deyir. Prezident üçün bundan böyük təhqir ola bilməz”.

Bu sözləri hüquqşünas Aslan İsmayılov fevralın 7-də keçirilən məhkəmə prosesində Hafiz Hacıyev barəsində deyib.

Aslan İsmayılovun CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən Hafiz Hacıyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır.

Aslan İsmayılov isə hesab edir ki, Hafiz Hacıyevin arxasında prezidentin köməkçisi Əli Həsənov və ədliyyə naziri Fikrət Məmmədov dayanır.

Hafiz Hacıyev dünyadan köçən valideynlərimi təhqir edib

Aslan İsmayılov prosesdə videoçəkilişə imkan yaradılması üçün vəsatət qaldırsa da, hakim təmin etməyib.

Daha sonra Aslan İsmayılovun Hafiz Hacıyevin onun ünvanına təhqiramiz ifadələr səsləndirməsi haqda materialları məhkəməyə təqdim edib və onların iş materiallarına əlavə olunmasını istəyib.

Hüquqşünas deyib ki, Hafiz Hacıyev onu “erməni”, “casus” adlandırıb, Azərbaycandan deportasiya edilməsi təklifi ilə çıxış edib:

“Dünyasını dəyişmiş valideynlərimi təhqir edib. Deyir ki, “onun adı Aslan” deyil, “Avediv”di”. Guya mən Gürcüstan ermənisiyəm, Bakıya gələn ermənilərlə sıx əlaqəm var, onlara məlumat ötürürəm”.

Hakim Hafiz Hacıyevin açıqlamalarından ibarət həmin materialları qəbul edib.

Aslan İsmayılovu təhqir eləmək olmaz

Hüquqşünas məhkəmə çıxışı zamanı deyib ki, heç nə onu mübarizəsində çəkindirməyəcək:

“Mən Sumqayıt həqiqətlərini dünyaya çatdırmış adamam. Azərbaycanın üstündən Sumqayıt ləkəsini mən götürmüşəm. Əli Həsənov, Fikrət Məmmədov kimilər oğurluğa görə həbsdə yatmış, 10 milyonluq xalqın nifrət obyekti olan canlıya məni təhqir elətdirib, məni onunla bərabərləşdirmək istəyirlər. Amma bilsinlər ki, alınan məsələ deyil, Aslan İsmayılovu təhqir eləmək olmaz. Mən istənilən qərara, on il həbsə də hazıram. Amma bilsinlər ki, mübarizəmdən geri çəkilməyəcəm, artıqlaması ilə cavablarını alacaqlar. Həbsimlə onlara daha böyük bəla olacağam. Elədiklərinin cavabını artıqlaması ilə alacaqlar”.

Təqsirləndirilən şəxs qismində ifadə verən Aslan İsmayılov deyib ki, Hafiz Hacıyevin təhqirlərinə uzun müddət cavab verməyib, artıq həyatda olmayan valideynləri haqda təhqirlərə keçəndən sonra isə dözməyib:

“Elə fikirlər səsləndirib ki, burada deməyi rəva görmürəm. Ancaq anormal adamlar elə sözlər işlədə bilər. Nərimanov Rayon Məhkəməsinə müraciət elədim, 8 dəfə iclas təyin olundu, bu canlı gəlmədi. Səkkizinci dəfə təxirə salınandan sonra bir gün zəng eləyib dedilər ki, qərar verilib, bu iş Binəqədi Rayon Məhkəməsinə göndərilir. Binəqədi Rayon Məhkəməsinə də köməkçimi göndərdim, hakim bildirmişdi ki, Aslan İsmayılov özü gəlməlidir. Oktyabrın 2-də getdim. Təxminən 50 dəqiqə hakimi gözlədim. Zala düşmədi. Xeyli gözləyəndən sonra kimi gözlədiyimi soruşdular, mən də hakimin adını dedim. Onda mənə cavab verildi ki, artıq qərar çıxarılıb, iddiam təmin olunmayıb. Təsəvvür edirsiniz? Bu canlını indi irəli verənlər məhkəmələrdə də onu müdafiə elədilər. Bununla da kifayətlənmədilər, ardınca Nərimanov Rayon Polis İdarəsində xuliqanlıq ittihamı ilə haqqımda cinayət işi başlandı. Guya Binəqədi Rayon Məhkəməsində bu işə baxan hakim Rəşad Əliyevi təhqir eləmişəm, qapını çırpmışam, suvağı tökülüb. Dedim ki, məhkəmədəki kameraların yaddaşına baxın, sübut ortaya qoyun, mən nə cəza desəniz, çəkməyə hazıram. Mən o hakimi harda gördüm ki, təhqir də edim?”

İfadə başa çatandan sonra hüquqşünas bildirib ki, Hafiz Hacıyevin suallarını cavablandırmağı özünə sığışdırmır. O, hakimin suallarına cavab verib. Deyib ki, Hafiz Hacıyevin adını dilinə gətirməyi özünə rəva görmədiyinə görə onu “canlı” adlandırıb:

“İddia ərizəsində yazıb ki, guya, mən onun hürdüyünü demişəm. Əvvəla, mən onun adını çəkməmişəm. İkincisi də, mən “Əli Həsənov onları hürdürür” demişəm və məni təhqir edənlərin hamısını nəzərdə tutmuşam, konkret ad çəkməmişəm. Bu canlı onu özünə götürürsə, bu başqa məsələ… Ümumiyyətlə, bu canlı elə bir varlıqdır ki, onun haqqında ən ağır ifadələr belə təhqir deyil”.

Ziya Məmmədovla Cavid Qurbanov məhkəməyə dəvət olunsun

Hafiz Hacıyev isə deyib ki, o, heç kimin sifarişi ilə hərəkət etmir:

“Aslan İsmayılov Əli Həsənovun, Fikrət Məmmədovun adını çəkməklə məsələni siyasiləşdirmək, bununla da məsuliyyətdən yayınmaq istəyir. Əli Həsənovla, Fikrət Məmmədovla işin var, get, işini gör, onları mənim məsələmə niyə qatırsan? Deyib ki, mən Ziya Məmmədovdan 50 min, Cavid Qurbanovdan 10 min pul almışam. Xahiş edirəm, onlar da məhkəməyə dəvət olunsun, soruşaq”.

Hakim Azər Tağıyev Hafiz Hacıyevin iddia ərizəsində göstərdiyi və təhqir hesab etdiyi ifadələrin həqiqətən təhqir olub-olmamasının müəyyənləşdirilməsi üçün linqvistik ekspertiza keçirilməsi haqda tərəflərin fikrini soruşub. Aslan İsmayılov bu məsələni məhkəmənin mülahizəsinə buraxıb, ancaq Hafiz Hacıyevin də onun haqqında səsləndirdiyi ifadələrin ekspertizaya təqdim olunmasını istəyib.

Hafiz Hacıyev ekspertizanın zəruri olduğunu desə də, özünün Aslan İsmayılov haqqındakı fikirlərinin ekspertizaya təqdim olunmasına etiraz edib. Bildirib ki, bu məhkəmədə onun iddiasına baxılır.

Hakim də deyib ki, Hafiz Hacıyevin Aslan İsmayılov haqqında söylədikləri bu məhkəmə baxışının predmeti deyil. İddianı Hafiz Hacıyev qaldırıb və onun böhtan, təhqir hesab edib, ərizədə göstərdiyi ifadələrlə bağlı rəy alınacaq.

Məhkəmə ekspertizanın rəyi verilənə qədər təxirə salınıb.

A.İsmayılov hesab edir ki, onun cəzalandırılması sifarişdir. Cəzalandırılmasına səbəb isə Milli Onkologiya Mərkəzində korrupsiya halları, apteklərdə psixotrop tərkibli dərmanların reseptsiz satılması və s. haqda yaydığı materiallardır.

Ana səhifəXəbərlər”Hafiz Hacıyevin arxasında Əli Həsənovla Fikrət Məmmədov dayanır”