Bir qohum ailə vardı. Ana-oğul idilər. Ata illər əvvəl dünyasını dəyişmişdi. Qadın tək oğlunu kasıblıqla, min zəhmətlə birtəhər böyütmüşdü. Şəhər mərkəzindən çox da uzaqda olmayan bir evləri vardı. Atadan onlara elə bu ikiotaqlı mənzil qalmışdı.
Gün gəldi, oğlun evlənmək vaxtı çatdı. Ana-oğul qızın gözəlliyindən, ailə imkanlarından daha çox möminliyinə üstünlük verirdilər. Nəsə soraqlaşıb, bir başı bağlı, namaz qılan qız tapdılar. Tez nişanladılar ki, belə mömin qız əldən çıxmasın. Qız toydan xeyli qabaq gələcək qaynanansına təkid elədi ki, evdəki bütün əşyalarını satsın. Dedi ki, çoxlu cehiz gətirəcək, evi sıfırdan özü yığıb, bəzəyəcək. İki ayağını bir başmağa dirəyib, evin hər şeyini satdırdı. Ailənin köhnədən bir stəkan-nəlbəkisi də qalmadı evdə.
Təzə gəlin evi öz cehizi ilə doldurdu. Mebel, yorğan-döşək, qab-qaşıq, məişət cihazları. Qısası, evi öz zövqü ilə qurdu. Sonra toy elədilər. Gəlinin bahalı cehizlərini görüb, ana-oğul kompleksə düşdülər. Alacaqları qır-qızılın ikiqat bahalısını aldılar ki, ayıbdı. Biz də gərək qız evinin qarşısında utanmayaq. İllər uzunu yığılan ehtiyatı götürdülər, ordan-burdan borc yığdılar, gəlinin boyun-boğazını qızıla-brillianta tutdular.
Gəlin gələndən bir -iki ay sonra başladı qaynanasını burunlamağa. Gah dedi filan qaba əl vurma, bahalıdı, salıb-sındırarsan. Gah dedi, oturduğun kreslonu mən gətirmişəm, ehtiyatlı ol oturub-duranda. Gah dedi, vaxtlı-vaxtında çimmirsən, gətirdiyim yorğan-döşəkdən tər iyi gəlir. Qərəz, evdə bircə əşyasını da saxlamamış qaynana gəlinin əşyalarının əsiri oldu. Hər addımda minnət, hər hərəkətdə danlaq. Bir il keçməmiş gəlin bir uşaq da doğdu.
Yəqin ki, bütün azərbaycanlı ailələr gəlinin başıaşağılıqdan, üzə dirəşməyə gedən yolunu, bütün mərhələləri əzbər bilirlər. Nişanlı, deyikli vaxtı qaynata-qaynanaya az qala qul kimi qulluq eləyən, fağır, başıaşağı qız, toydan sonra bir partiya yüngülvari dil çıxardır. Qaynata-qaynananın zəhmi bir partiya azalır. Gəlin qulluğu, sözəbaxmağı yarıbayarı azaldır. Hamilə qalanda gəlinin növbəti metamarfozasını müşahidə eləmək olur. Dil bir az da uzanır, qaynata-qaynanaya qoyulan hörmət bir az da azalır. Elə ki, uşaq doğuldu, vəssalam. Bir-iki il əvvəlki fağır, başıaşağı, üzüyola qız dönür olur hakimi-mütləq. Qaynana-qaynata hörməti enir demək olar ki, sıfıra. Ənənəvi ailələrdə, qarşılıqlı və səmimi hörmət, ehtiram üzərində qurulmayan ailələrdə adətən belə olur.
Bizim qohumda da elə oldu. Gəlinin uşağı olan kimi, qaynananın evdə bir qram da hörməti qalmadı. Gəlin yeri gəldi-gəlmədi qaynananı danlayır, qadının öz evində günün qara eləyirdi. Axırda qadın dözmədi, dedi ki, çıxıb gedirəm qohumların birinin evində qalacam. Allahdan, oğlu anasının onu necə böyütdüyünü unutmayıbmış. Yerli standartlarla desək, qeyrətli çıxdı. Dedi ki, bir qadın ki, anama hörmət qoymur, heç mənə də lazım deyil.
Boşanma prosesi başladı. Gəlin məhkəmədən özünə və uşağına ev tələb elədi. Axırda məhkəmə qərar çıxardı ki, evin bir otağı gəlinlə uşağa, bir otağı da ana ilə oğula düşür. Ana-oğul gəlinlə qalmaq istəmədiklərindən özlərinə düşən payı satlığa qoydular. Gəlin bir tanış adam tapıb, otağı onun əli ilə özü aldı.
Hicablı, namaz qılan, özünü allah adamı kimi qələmə verən qız bir ilin içində bir ailənin evini əlindən aldı, həyatını alt-üst elədi. Ana ilə tək oğulu yurdundan-yuvasından eləyib, saldı çöllərə. İndi həmin hicablı qadın yerli telekanallardan birində gedən şouda tez-tez qonaq olur. Ailə münasibətləri üzrə ekspert kimi danışır. Xalqa əxlaq, mərifət, din, hala-haramlıq dərsi keçir.
Hadisə elə-belə yadıma düşmədi. Bu günlərdə bir xəbər oxudum. Ər arvadının bıçaqlayaraq öldürüb. Sonra gedib, polisə təslim olub. Qadın Həcc ziyarətindən qayıdıbmış, hamı ona «hacıxanım» deyirmiş. Ərinin maaşını alıb, sələmə verirmiş. Kasıb qonşusunu bir qarın çörəyə əlinin altında qul kimi işlədirmiş. Sələmdən gələn pulla özünə maşın alıbmış. Sonra əri bünün xəyanət eləməyindən şübhələnib. «Hacıxanım»ın yastığının altından yad kişi ilə çəkdirdiyi lüt şəkillər çıxıb. Sonra kişi evə kamera qoyub və məlum olub ki, ər işlə olanda, qadın evdə başqa kişilərlə görüşür.
Nə qədər gözəl! Başını bağla, ziyarətə get, sonra hicab, Həcc pərdəsi altında bildiyini elə. Ərin maaşını sələmə ver, yetimin, kasıbın haqqını ye, fağır qonşunu bir qarın yeməyə qul kimi işlət, haram pullarla maşın al, kef elə. Bütün bunları din, hicab, Həcc pərdəsi altında elə. Siz elə bilirsiz, bu qadın təkdir? Krısa ətini «Halal» ştampı altında kolbasaya doldurub, bizə yedirənlər, Həccə gedib-cələndən sonra onlarla adamı qul kimi işlədib, aylarla maaşını verməyənlər bəs kimlərdi?
Bir-iki dəfə necə olubsa, yas məclislərinə düşmüşəm. Hər dəfə də başda oturan hicablı, əli təsbehli mollaxanımların qaşlarını tatu, dodaqlarını silikon, leksikonlarını yava görmüşəm. Üzlərinə baxan kimi hiss olunur ki, mollaxanımların indiyə qədər eləmədiyi bircə bu qalıbmış. Hər şeyi eləyiblər, bircə o qalıb ki, başlarını örtüb, mollalıq eləsinlər.
Nə qədər əxlaqsızlıq var ki, din pərdəsi altında edilir. Nə qədər əclaflıq, ədalitsizliyi Hacı, hacıxanım, molla, məşədi adının adtında edirlər. Yüzlərlə, minlərlə insan dini, dini atributları özünün vəkilinə çevirib, nə etsələr, hansı hoqqalardan çıxsalar, hansı əxlaqsızlığı eləsələr də, dini rütbələrini, hicabı, təsbehi, aftafanı qabağa verib, özlərinə haqqa qazandırır, təmizə çıxırlar. Biri dini baş kəsmək üçün konstitusiyaya çevirib, biri dini əxlaqsızlığına don geyindirməyə istifadə edir, biri din, halallıq adı altında kolbasa satır, alver edir.