Həyat yoldaşı: “Ruslan İzzətli ödündə baş verən şiddətli ağrılara öz gücünə dözməli olur”

Ruslan İzzətli. İllüstrasiya: Meydan TV

“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətlinin həbsxanada səhhətinin ağırlaşdığı bildirilir.

Bu barədə İzzətlinin həyat yoldaşı Günel Manaflı “Facebook” səhifəsində məlumat yayıb.

O, bildirib ki, təcridxanadan aldığı məlumata görə İzzətlinin ödündəki ağrılar kəskinləşib. Günel Manaflı deyir ki, Ruslan İzzətlinin qəbul etdiyi ağrıkəsicilər onun mədəsində ağrılara səbəb olur.

“Təcridxanada etibarlı mənbədən aldığım məlumata görə Ruslanın ödündəki ağrılar kəskinləşib. Gün ərzində içdiyi ağrıkəsicilər artıq mədəsində ağrılara səbəb olduğu üçün ağrıkəsicidən də bir neçə gündür ki, imtina edib. Və ödündə baş verən şiddətli ağrılara öz gücünə dözməli olur. Üzündə və əllərindəki şişkinlik, solğun rəngi, qızartılı gözlər də bundan xəbər verirdi”, – deyə Manaflı sosial mediadakı yazısında məlumat verib.

O həmçinin qeyd edib ki, Ruslan İzzətli səhhəti ilə bağlı paylaşım edilməsini istəmir. Manaflı deyir ki, yoldaşının sağlamlığı onun və övladının öncəliyidir.

Ruslan İzzətli  2024-cü il martında “Toplum TV işi” ilə bağlı həbs olunub.

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Ana səhifəSiyasətHəyat yoldaşı: “Ruslan İzzətli ödündə baş verən şiddətli ağrılara öz gücünə dözməli olur”