Gürcüstanın “Batumelebi” və “Netgazeti” media qurumlarının təsisçisi Mzia Amaqlobeli Aİ-nin insan haqları üzrə ən yüksək mükafatı olan İfadə Azadlığı üzrə Saxarov Mükafatını qazanıb. Amaqlobeli bu mükafatı belaruslu jurnalist və fəal Anjey Poçzobutla birlikdə qazanıb. Hər ikisi hazırda öz ölkələrində həbsdədir.
OC Media yazır ki, Amaqlobeli 2025-ci ilin avqustunda Batuminin o vaxtkı polis rəisi İrakli Dqebuadzeyə qızğın mübahisə zamanı sillə vurduğuna görə iki il müddətinə azadlıqdan məhrum edilib. Onun işi həm Gürcüstanda, həm də xaricdə medianın diqqətini cəlb edib.
Amaqlobeli ilk dəfə yanvarın 11-də gecə saatlarında Batumidə polis idarəsinin qarşısındakı hasara ümummilli tətil çağırışı edən stiker yapışdırdıqdan sonra saxlanılıb. O, həmkarı Tsiala Katamidzenin eyni stikeri həmin küçəyə yapışdırdığına görə saxlanmasına etiraz olaraq bunu edib.
Sərbəst buraxıldıqdan qısa müddət sonra o, polis idarəsi qarşısında mübahisə zamanı Dqebuadzeyə sillə vurduqdan sonra yenidən həbs edilib. Məhkəməsi zamanı Amaqlobeli hadisəyə səbəb olan hallar, o cümlədən polisin ləyaqəti alçaldan rəftarı, həmçinin məmura sillə vurduqdan sonra həbsindən sonra üzləşdiyi təhqirlərdən danışıb. Buraya Dqebuadzenin üzünə tüpürməsi, şifahi təhqirə məruz qalması və tualetə buraxılmaması daxildir.
İki illik cəza hakim Gürcü Arzusu Partiyasının müxaliflərə qarşı repressiyasının ən görkəmli göstəricilərindən biri kimi qəbul edilir.
Avropa Parlamentinin sədri Roberta Metsola çərşənbə günü mükafatı elan edərkən bunları söyləyib:
“Builki Saxarov İfadə Azadlığı Mükafatını belaruslu Andjey Poçzobut və gürcüstanlı Mzia Amaqlobelinə verməklə, cəsarətləri ilə susmaqdan imtina edən hər kəs üçün mayak rolunu oynayan iki jurnalisti təltif edirik. Hər ikisi iqtidara həqiqəti söyləmək, azadlıq və demokratiya uğrunda mübarizənin simvoluna çevrilmələrinin ağır bədəlini ödəyiblər. Avropa Parlamenti onların və azadlıq tələb etməyə davam edən hər kəsin yanındadır”.
Avropa Parlamenti həm Amaqlobeli, həm də Poçzobutun dərhal azad edilməsinə çağırıb.
Məşhur sovet dissidenti Andrey Saxarovun adını daşıyan Saxarov mükafatı 1988-ci ildən, “insan hüquqları, ifadə azadlığı və demokratik dəyərlərin müdafiəsi sahəsində fəaliyyətlərinin tanınması üçün fərdlərə, qruplara və ya təşkilatlara” verilir.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.