Həbsdə olan jurnalist və ictimai fəal Tofiq Yaqublu üçün müraciət edib

Tofiq Yaqublu. Foto: Meydan TV

“Onun yerinə 9 il mənim işimin üzərinə əlavə edin”

Hazırda həbsdə olan İşçi Masası Həmkarlar İttifaqının sədri Afiəddin Məmmədov və “Toplum TV işi“ üzrə həbs olunan jurnalist Fərid İsmayılov ayrı-ayrılıqda ictimaiyyətə və Azərbaycan hakimiyyətinə müraciət ediblər.

Bu barədə məlumatı jurnalist Ülviyyə Əli özünün “Facebook” səhifəsində paylaşıb.

“Tofiq Yaqublunun vəziyyəti günü gündən ağırlaşır. Vicdanı olan hər kəs ürək ağrısı ilə prosesləri izləyir. Tofiq Yaqublunun aclığını eşidəndən bəri nə edə biləcəyimizi dostlarla danışırıq, amma həbsdəyik deyə əlimizdən normal bir iş də gəlmir. Hələ ki, bu faşist hökumətə bir təklif verə bilərəm. Özünüz də yaxşı bilirsiniz ki, Tofiq Yaqublu cinayətkar deyil!”– Afiəddin Məmmədovun müraciətində deyilir.

Afiəddin Məmmədov. Foto: Meydan TV

İctimai fəal əlavə edib ki, Tofiq Yaqublunun yerinə cəza çəkməyə hazırdır:

“Onun yerinə 9 il mənim işimin üzərinə əlavə edin. Əminəm ki, mənim kimi minlərlə insan Tofiq Yaqublunun yerinə “cəza” çəkməyə hazırdır. Bizlərin arasında cəzanı bölüşdürün! Qarabağı azad etməyinizi mədh etməkdən yorulmursunuz. Bəs Qarabağ qazisinə, ailəsinə çəkdirdiyiniz zülm rəvadırmı? Tofiq Yaqubluya azadlıq!”.

“Toplum TV işi“ üzrə həbs olunan jurnalist Fərid İsmayılov isə müraciətində bildirib ki, jurnalist olaraq Tofiq Yaqublunun məhkəmə proseslərini dəfələrlə monitorinq edib və ictimailəşdirib.

Fərid İsmayılov. Foto: Facebook səhifəsindən

“İstintaq orqanlarının topladığı “sübut”ların heç biri bu proseslərdə təsdiqini tapmayıb. İndi isə 9 il həbs cəzasına məhkum edilən Yaqublu, həbsinə etiraz olaraq günlərdir aclıq aksiyası keçirir. Bu aksiya Yaqublunun həyatına son qoya bilər. Çünki onun daxili orqanlarında ciddi problemlər var. Azərbaycan hakimiyyətinə səslənirəm: Jurnalistləri, tənqidçilərini şərləmək çıxış yolu deyil. Məqsədin Yaqublunun və digərlərinin cəzlandırılmasıdır. Bu repressiyanız nə vaxta qədər davam edəcək? Yaqublunun “cəzasını” mən çəkməyə hazıram. Yetər ki, sən öldürmə, azad et!”, – Fərid İsmayılovun müraciətində belə deyilir.

Afiəddin Məmmədov İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi tanınır. Bu təşkilat 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə, bir neçə dəfə inzibati həbslərlə üzləşib. Bu həbslər xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamları ilə əsaslandırılıb.

2023-cü il sentyabrın 20-də isə Afiəddin Məmmədov cinayət işi ilə həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.

“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə ötən il martın 7-də polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov bu il yanvarın 17-də həbs edilib.

Bu iş üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.

Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.

Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.

Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.

Qərara etiraz olaraq Tofiq Yaqublu aprelin 1-dən aclıq elan edib.

Bu, Tofiq Yaqublunun həbsdə ilk aclıq aksiyası deyil. O, 2020-ci il martın 22-də də tutulmuşdu. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. Siyasətçi həbsini siyasi sayaraq aclıq aksiyasına başlamış, günlər sonra xəstəxanaya yerləşdirilmişdi. Apelyasiya Məhkəməsinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra aclıq aksiyasını dayandırmışdı. Bir il sonra onun ev dustaqlığı da ləğv edilmişdi.

Tofiq Yaqublu daha öncə də – 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə Prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən Prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Ana səhifəSiyasətHəbsdə olan jurnalist və ictimai fəal Tofiq Yaqublu üçün müraciət edib