Bu gün “Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əliyə (Quliyeva) ailəsi ilə görüşməyə icazə verilməyib.
Bu barədə jurnalistin anası İlhamə Mehmanlı Meydan TV-yə deyib.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb.
Hazırda bu iş üzrə həbs olunan 12 nəfər Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunurlar.
Ülviyyə Əlinin anası deyir ki, bu gün görüş üçün getsə də Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov görüşə icazə verməyib.
“Səhər Ülviyyənin ad gününə görə böyük tort alıb, Kürdəxanıya aparmışdım. Elnur İsmayılov mənimlə görüşmədi, müavini Əhəd Abıyev dedi ki, görüşə icazə yoxdur. Etiraz etdim ki, Elnur İsmayılov söz verib indi niyə üstündə durmur amma cavab verən olmadı”, – deyə İlhamə Mehmanlı bildirdi.
Anası bildirib ki, görüşə bilməsə də, bu gün qızı ilə telefonla danışıb.
“Qızım Ülviyyə zəng etdi, dedi ki, yaxşıyam, narahat olma onlara gülərək qalib gələcəyik”,- deyə İlhamə Mehmanlı bildirib.