“Özünü asmaq istəyib, son anda dustaq yoldaşı onu xilas edib”
Həbsdə olan sülh fəalı Bəhruz Səmədov iyunun 20-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısının ona 16 il həbs cəzası istəməsinə etiraz olaraq intihara cəhd edib.
Bu barədə Meydan TV-yə onun nənəsi Zibeydə Osmanova məlumat verib.
“Bu gün saat 11-də Bəhruzun yanına getdim. Onunla təkbətək söhbət edə bilmədik. Yanımıza nəzarətçi qoymuşdular. 10 dəqiqə nəzarətçinin yanında söhbət etdik. Ona elan edilən 16 il həbs istəyinə görə intihara cəhd etdiyini bildirdi. Özünü asmaq istəyib, son anda dustaq yoldaşı onu xilas edib”, – Zibeydə Osmanova bildirib.
Osmanovanın sözlərinə görə, daha sonra onları hazırda Bəhruzun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun yanına aparıblar:
“Rəis Bəhruza dedi ki, belə işlər etmə və aclığı da dayandır. Bəhruz da dedi ki, heç bir günahım yoxdur. Niyə mənə 16 il iş verirsiniz? Ona görə də aclığı dayandırmayacağam”.
İyunun 20-də Bəhruz Səmədovun işi üzrə növbəti məhkəmə prosesində dövlət ittihamçısı ona 16 il cəza verilməsini istəyib.
İyunun 21-də məlum olub ki, Bəhruz Səmədov həbsinə etiraz olaraq iyunun 19-dan ölüm aclığına başlayıb.
Bəhruz Səmədov Çexiyanın Karlov Universitetinin doktorantıdır. O, Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunsa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.
Bəhruz Səmədov bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.