Güzdək qəsəbəsinin sakini polisin hərəkətsizliyindən şikayətçidir

”Evimizdən oğurluq edənləri tapmaq istəmirlər”

Source:

”Evimizdən oğurluq edənləri tapmaq istəmirlər”

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşayan Xanım Şahverdiyeva polis biganəliyindən şikayətçidir və polisin işinə ciddi yanaşmadığını söyləyir.

“Abşeron polisi oğlum Əlifağa Şahverdiyevin evini oğurlamaqda şübhəli bilinən və narkotik aludəçisi olan Ramin və Ramiz adlı şəxsləri istintaqa cəlb etmir. Oğurluq hadisəsi avqustun 7-də olub. Oğlumun evindən 10-11 min manat dəyəri olan qızıl-ziynət əşyaları götürüblər. Şübhəli var, ancaq kimsə həbs edilməyib”.

Ə.Şahverdiyev deyir ki, oğurluq axşam saatlarında, onlar evdə olmayanda baş verib. Oğrular pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla evə daxil olublar:

“Onların 28 sm eni olan dəmir barmaqlıqdan evə girmələri deməyə əsas verir ki, ikisi də arıq bədənli olub. Axşam 11-də toydan evə gələndə gördük ki, ev alt-üstdür. Elə həmin vaxt düz bir saat Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, ancaq düşə bilmədim. Daim məşğul göstərirdi. Abşeron RPİ-nin sahə müvəkkili Vüqara zəng etdim. Hadisəni danışdım. Həmin gecə, saat 11-12 arası Vüqar, cinayət axtarışların rəisi Əli müəllim və müstəntiq hadisə yerinə baxış keçirdi. Barmaq izlərini götürdülər. Səhər gün isə gedib polisdə ətraflı izahat yazdım. Kimlərdən şübhələndiyimi də qeyd etdim. Ancaq heç bir tədbir görülmür”.

X.Şahverdiyeva isə deyir ki, oğlunun axşam ailəsi ilə birgə toya gedəcəyini qonşuluqdakı Ramin və Ramiz yaxşı bilirmiş:

“Hadisə də oğlum evi axşam saat 19-10-da tərk etdikdən sonra olub. Oğrular rahat şəkildə, saat 21:00 radələrində tələsmədən evdə birbaşa şkafın siyirmələrinə əl gəzdirməklə qızıl-ziynəti aşkar edib aparıblar. Onlar sanki əvvəlcədən qızılların harada olduğunu təxmin ediblər. Ona görə də evi alt-üst etməyiblər. Oğurluqda şübhəli bilinən Raminin arvadı da hərdən bir qonşu kimi oğlumun evinə gəlib gedirdi. Evin bütün koordinatlarını yaxşı bilirdi”.

Xanım Şahverdiyeva deyir ki, Ramin araşdırma zamanı Abşeron RPİ-də ifadə verib. “Oğru mən deyiləm, lakin evi qarət edən Ramiz adlı başqasıdır” – deyib. Ancaq yenə faydası olmayıb:

“Oğlum Əlifağa həmin Ramizin şəklini qonşu qadına göstərib. Qadın hadisədən bir gün əvvəl, yəni avqustun 6-da Ramizin əlində ağ kağıza bükülü, 60-70 sm uzunluğu olan bir əşya ilə Ramingilin həyətinə daxil olduğunu və əşyanı ora qoyduğunu gördüyünü söyləyib. Deməli, hər iki oğru əvvəlcədən bilirlərmiş ki, oğlum 7-də toya gedəcək və bir gün əvvəl hazırlıq üçün dəmir aləti gətirib gizlədiblər. Bütün faktlara, əsaslara baxmayaraq işi icraatına verilib. Abşeron RPİ-nin polisi Vüqar müəllim nədənsə oğruları tapmaqda maraqlı deyil”.

X.Şahverdiyeva deyir ki, polis şübhəli şəxslərlə bağlı hər hansı istintaq hərəkəti aparmaq fikrində olmayıb:

“Bir sözlə, boyun qaçırır ki, mən oğurluqda şübhəli bilnən şəxsləri nə həbs edə, nə də bir tədbir görə bilərəm. Oxşar hadisə 1 ay əvvəl Güzdək qəsəbəsində yaşayan Telman Həsənov adlı şəxsin evində də olub. Yenə də oğru tapılmır”.

Ailə prezident İlham Əliyevə müraciət edir. Onun bu məsələləri nəzarətə götürməsini xahiş edir:

“Abşeron RPİ-də bu üzdə olan cinayət işi açılan deyil. Odur ki, sizdən xahiş edirik, qəsəbəmizdə silsilə oğurluq cinayəti törətmiş şəxslərin tezliklə tapılması üçün işi daha savadlı, peşəkar və təcrübəli polislərə həvalə edilməsi üçün lazımi göstəriş verəsiniz”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Abşeron Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarədən əgər şikayət edilibsə, buna mütləq baxıldığı söylənib:

“Deyirsiniz, işə xitam verilib. Xitam verilibsə, bunun səbəbi ilə bağlı vətəndaşa məlumat verilib. Görünür, kimlərisə həbs etmək üçün yetərli dəlil-sübut yoxdur. Vətəndaş çox söz deyər, işi görən polisdir. Hər halda, əldə yetərli dəlil-sübut olsa, həmin adamları həbs etməmək üçün hər hansı bir səbəb də olmaz”.

Ana səhifəXəbərlərGüzdək qəsəbəsinin sakini polisin hərəkətsizliyindən şikayətçidir