İki ölkə arasında sərhədd xəttinin 166 kilometri hələ də razılaşdırılmayıb
Ölkələrimiz biri-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır. Dost və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verməliyik. Delimitasiya məsələsi də artıq gündəlikdən çıxmalıdır. Ümid edirəm ki, gələn görüşə kimi delimitasiya məsələsini həll etmiş olacağıq”. APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixail Canelidze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
E. Məmmədyarov isə bildirib ki,delimitasiya ilə bağlı bu yaxınlarda işçi qrupunun görüşü keçiriləcək. Xarici işlər naziri həmçinin qeyd edib ki, 480 kilometrlik sərhəd xəttinin 314 kilometri razılaşdırılıb: “Belə qərara gəlmişik ki, bu məsələni yerindən tərpədək və qalan hissəni də razılaşdıraq. Gürcüstanlı ekspertləri Azərbaycana səfərə dəvət etmişik. Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlığı daha da genişləndirməyin hüquqi bazasını müzakirə etdik. 11 sənəd barədə danışıqlar gedir. Onlardan 2-si, 3-ü razılaşdırılıb. Bu yaxınlarda Azərbaycanla Gürcüstan arasındakı müştərək komissiyanın görüşü də keçirilməlidir”.
Nazirlər görüşdə tikilməkdə olan Bakı-Tiflis-Qars dəmiryolunun önəmli layihə olduğunu və hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayib. Bildirilib ki, layihə həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadiyyatının güclənməsinə xidmət edəcək.