Gürcüstandan Ukraynaya qədər…

Yazar: Emil Məmmədli

Foto: Pavels Dunaicevs/shutterstock

Və ya zamanında tətbiq edilməyən sanksiyaların nəticəsi…

Rusiya Ukraynaya təcavüzunun nəticəsi olaraq müasir tarixində görmədiyi sanksiyalarla üz-üzədir. Sanksiyaların iqtisadiyyatdan tutmuş, idman və mədəniyyət sahələrinə qədər əhatə etməsi, fərdi olaraq prezident Putin və XİN rəhbəri Lavrov, Təhlükəsizlik Şurasının üzvlərinə və qohumlarına aid olması Qərbin Kremlə loyal olmayacağını nümayiş etdirir. Bundan əvvəlki sanksiyalardan fərqli olaraq bu dəfə sadə vətəndaşlar da qadağaların təsirini hiss edəcəklər. Rusiyanın hakimiyyətə tənqidi mövqedən yanaşan telekanallarında danışan ekspertlər buna nümunə gətirirlər. Qeyd ediblər ki, bir çox ölkə öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladığından Yunanıstanın adalarına Moskvadan adi vaxtlar 2 saat çəkən uçuşlar hazırda 7 saata baş tutacaq. Təbii ki, bu biletlərin qiymətinə də təsir göstərəcək.

Belə misalları çox göstərmək olar. Bu dəfəki sanksiyarın özəlliyi həm Rusiyanın iqtisadiyyatına ciddi zərbə vurmaq, həm də Putinin ətrafında olan şəxslərin ölkə rəhbərinin əleyhinə çıxacaq qədər sıxmaq məqsədi daşımasındadır.

Bəli, Rusiya ordusunun həm sayına, həm texniki təhcizatına görə Ukrayna ordusundan üstün olması heç kimə sirr deyil. Amma hadisələr önu göstərir ki, say və texniki üstünlük heç də hər zaman hər şeyi həll etmir. Ukrayna xalqı mücadilə verir və bu müqavimətin hər dəqiqəsi Rusiya üçün böyük bir siyasi təhlükədir. Belə müqavimət və Qərb sanksiyaları onu deməyə əsas verir ki, Kreml bundan sonra hələ uzun illər hər hansı bir ölkəyə təcavüz etmək barədə düşünməkdən vaz keçəcək.

Amma belə bir təcavüzün qarşısını illər öncə almaq olardı. Qərb zamanında analoji tədbirlər görsəydi, Moskva hazırda gördüyümüz kimi qol-qanad açmazdı. Söhbət 2008-ci ildə Gürcüstanın ərazilərinin işğalından gedir. Avqust ayında baş verən 5 günlük müharibə nəticəsində Rusiya qoşunları Tbilisinin 70 kilometrliyinə qədər gəlib çıxdılar və yalnız beynəlxalq təzyiqlər nəticəsində Gürcüstanın paytaxtına daxil olmadılar. Məhz o zaman hazırda gördüyümüz sanksiyalar tətbiq olunsaydı, nə Krımın ilhaqı, nə separatçı “DXR” və “LXR” yaranardı. Bəs nədən olmadı sualına yalnız bir təxmini cavab vermək olar. Səbəb Gürcüstanın və Ukraynanın coğrafi mövqeyindədir. 2008-ci ildə müharibə avropalılar üçün uzaq Qafqazda kiçik bir ölkənin Rusiya kimi nəhəngə kəllə atması şəklində görünürdü. Buna hətta istehza edənlər də var idi. Ukraynadan fərqli olaraq Gürcüstan Rusiya ilə Avropa arasında bufer zonası deyildi. Məhz buna görə də bu ölkəni qurban vermək olardı. Hazırda isə müharibə Avropanın qapısının ağzında gedir. Ukraynanın əldən getməsi Rusiya qoşunlarının Avropa İttifaqının sərhədinə çıxması və gələcəkdə Baltikyanı dövlətlər, Polşa üçün real təhlükə törətməsi deməkdir. Başqa sözlərlə hazırki sanksiyalar Ukraynaya dəstəkdən daha çox, Qərbin özünü müdafiə etməsidir. Yəni eyni vəziyyətdə olan iki ölkəyə fərqli münasibət göz qarşısındadır. İstənilən halda Qərbin nəhayət ki, yuxudan ayılması təkcə Ukrayna deyil, ümumiyyətlə postsovet məkanında olan ölkələr üçün, o cümlədən Azərbaycan üçün pozitivdir.

Avropa deyəsən tarixdən nəticə çıxarmağa başlayıb. Ötən əsrin 30-cu illərində Hitler Almaniyası ilə 21-ci əsrdə olan Putin Rusiyası arasında aparılan bənzətmələr də təsadüfi deyil. Məhz 1938-ci ildə Avstriyanın anşlüzünə və elə həmin il Çexoslovakiya ilə bağlı Münhen razılaşması, Avropaya cəmi bir ildən sonra çox baha başa gəldi. Krımın ilhaqı ilə məhz bu hadisələr arasında paralellər aparılır.

Çox paralellər və bənzətmələr aparmaq mümkündür. Tarixi artıq dəyişmək mümkün olmasa da, hazırda baş verənlərə təsir göstərmək mümkündür. Belə ki, hadisələrin gedişatı Putinin öz hesablamarında böyük bir səhv etdiyini göstərir. Ukrayna ordusu rus qoşunlarını görən kimi silahı yerə qoyub qaçmadı, Ukrayna xalqı rus əsgərlərini gül-çiçəklə qarşılamadı, Ukrayna rəhbərliyi özünü itirib, qaçmadı. Ukraynanın hətta rusdilli sayılan bölgələrində belə Rusiya qoşunlarına amansız müqavimət göstərildi. Ölkə daxilində bir-birilərinə qarşı olan siyasi qüvvələr birləşdi. Siyasi, mənəvi cəhətdən bölünən Ukraynanı Rusiyanın təcavüzü birləşdirdi. Hazırda hamı eyni sualı verir: Rusiya qoşunları hətta Kiyevi tutsa belə nə olacaq, nə dəyişəcək? Rus tankı ilə gələn bir insanı ölkəyə rəhbər də təyin etmək olar. Amma bu tanklar ölkədən nə vaxtsa çıxmalı olacaq. Və çıxan kimi, həmin adam da kreslosunu itirəcək. Ukrayna xalqı SSRİ dağıldıqdan sonra tarix ərzində etiraz gücünü dəfələrlə nümayiş etdirib.

Hadisələrin bundan sonrakı inkişafının necə olacağı isə Qərbin Rusiyanın boynuna saldığı kəndiri nə dərəcədə sıxacağından asılı olacaq.

Ana səhifəMənim FikrimcəGürcüstandan Ukraynaya qədər…