“Polis iltizam aldı və dedi ki, Ramiz Mehdiyevin keçdiyi küçədən keçməyin”
Azərbaycan vətəndaşları Sevda Sultanova, Elmidar İsmayılov və Xanım Həsənova 18-20 avqust tarixlərində Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Vətəndaşlar Azərbaycanın dövlət strukturlarında üzləşdikləri hüquq pozuntularına kəfən geyinərək etiraz ediblər.
Aksiya iştirakçılarından Xanım Həsənova bildirib ki, onlar Baş prokuror Zakir Qaralov və müavinlərinin qəbulunda olublar, Prezident Aparatın, Nazirlər Kabineti və Milli Məclisdə səlahiyyətli şəxslərlə görüşsələr də, şikayətlərinə baxan olmayıb: “Dəfələrlə prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya şikayət məktubları yazmışıq. Lakin şikayətimizi onlara çatdırmırlar”.
“Həyat yoldaşıma hədə-qorxu gəlib 9 il 6 ay həbs cəzası verdilər”
Digər şikayətçi Sevda Sultanova isə bildirib ki, həyat yoldaşı Qüvvətəli Süleymanov 2012-ci ildə əsassız olaraq həbs edilib: “Mənim yoldaşım “Afina” MMC tikinti şirkətində iş icraçısı və pay sahibi olub. Lakin bir qəpik pul götürməyib. 2012-ci il fevral ayının 25-də həmin şirkətin maliyyə işlərinə baxan Nail Şahverdiyev ona zorla ərizə yazdırıb, imza atdırıb. Həmin vaxt Nail zəng edib “Akula Akif” ləqəbi ilə tanın Akif Mustafayevə. O, da deyib ki, deyilənlərə imza at, yoxsa sənin də, ailənin də başınızı kəsərəm. Bundan sonra Qüvvətəlini həbs etdilər. Guya adamlara ev satıb pullarını mənimsəyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Biz hökmdən narazı qalaraq apellyasiya şikayəti verdik. Bizi hədələyirdilər ki, heç yerə şikayət etməyin. Bakı şəhər Prokurorluğunda çalışan Naibə Tağızadə adlı qadın da guya həmin şirkətdən ev almaq istəyib və aldadılıb, lakin şikayətçi olmayıb. Bizə deyirdilər ki, əgər şikayət etsəniz Naibə də sizdən şikayətçi olacaq. Bakı Apellyasiya Məhkəməsi Qüvvətəlinin cəzasını 10 ildən 9 ilə endirdiyi gün, Naibə Tağızadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdi ki, guya Qüvvətəli Süleymanov onu da aldadıb. Bundan sonra onun işi ilə bağlı yenidən məhkəmə prosesi keçirildi və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qüvvətəlinin cəzasına 6 ay da əlavə edildi. Hazırda yoldaşımın cəzası 9 il 6 aydır. Həyat yoldaşım uzun illər tikinti sahəsində çalışıb. Tikinti şirkətlərindəki bütün nöqsanları yoldaşımın üzərinə ataraq vəzifəli himayədarlarının köməkliyi ilə onun həbsinə nail olublar. Bununla kifayətlənməyib ailəmizə məxsus əmlakı da ələ keçirməyə çalışırlar. Hüquq-mühafizə orqanlarında çalışan bəzi vəzifəli şəxslər də bu prosesdə iştirakçıdır.Mən dəfələrlə əlimdə olan faktları hüqüq-mühafizə orqanlarına təqdim edərək, həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişəm. Bununla bağlı Baş Prokurorluqda və Daxili İşlər Nazirliyində qəbulda olsam da, heç bir tədbir görülməyib. Əksinə, məni dəfələrlə zorla polis maşınına basaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Bizim ailənin başına gətirilən oyunlarda məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları iştirakçıdır”.
“MTN-nin “Qartal” məxfi qrupunun əməkdaşları bizi döydü”
Elmidar İsmayılov isə deyib ki, 2014-cü ilin yanvarında yas mərasimindən qayıdarkən “KİA” markalı avtomobil atasının idarə etdiyi maşını vurub: “Maşından beş nəfər düşərək atamı döyməyə başlayıb. Atamın qəza törətdiyini eşidəndə hadisə yerinə getdik. Ora çatanda həmin şəxslər məni də döyməyə başladılar. Onlar MTN-nin “Qartal” məxfi qrupunun əməkdaşları idilər. Bizə dedilər ki, Bəylər Əyyubovun qohumları, Robertin dostlarıdırlar. Onlar sərxoş idilər. Biz şikayət etdik. Lakin müstəntiq işi qərəzli araşdırdı. Onlar sonradan xahiş edirdilər ki, şikayət etməyək və buna görə bizə 10 min manat pul təklif etdilər. Razılaşmadıq. Biz xəsarət almışdıq, xəstəxanada yatırdıq. Bunlar da gedib xəstəxanadan yalandan sənəd alıblar ki, guya biz onları döymüşük. Buna görə mənə xuliqanlıq, atama yol qəzası törətmə ittihamı ilə cinayət işi açdılar. Hər ikimizi işdən çıxartdılar. Biz sonradan bəraət aldıq. Lakin bizə heç bir kompensasiya ödənilmədi və şikayətimizə baxan olmadı. Üç ay Artur Rəsizadə və Ramiz Mehdiyevin işə getdiyi yolda durub şikayət ərizəmizi yelləmişik ki, bizi qəbil eləsinlər. 2016-cı ilin may ayında Ramiz Mehdiyevin yoluna çıxıb ərizəmizi yelləyirdik. Həmin vaxt bizi tutub Yasamal rayon Polis İdarəsinə apardılar. Əvvəlcə bizi aldatdılar. Dedilər ki, Ramiz Mehdiyev tapşırıb ki, şikayətimizə baxılsın. İdarəyə gətirdikdən sonra bizdən tələb etdilər ki, izahat yazaq və bir daha həmin yola çıxmayaq. Lakin biz bundan imtina etdik. Dedik ki, bizim şikayətimizi ona çatdırın, biz bir də yola çıxmarıq. Bir neçə saatdan sonra bizi buraxdılar. Aprel ayında isə baş nazir Artur Rəsizadənin yoluna çıxmışıq. Həmin vaxt da bizi tutub Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə apardılar. Orda da bizdən iltizam almaq istədilər, lakin biz razı olmadıq və bir neçə saatdan sonra bizi buraxdılar”.
“Azyaşlı qızıma təcavüz edib, videosunu çəkib, şantaj ediblər”
X. Həsənova bildirb ki, azyaşlı qızı 2013-cü ildə Yasamal rayon sakinləri Emin Alıyev, Hüseyn İsmayılov, Hacı Məmmədov adlı şəxslər tərəfindən təcavüzə məruz qalıb: “Videogörüntü çəkib, dəfələrlə qızımı şantaj ediblər. Biz bu hadisədən sonra bütün güc strukturlarına müraciət etmişik. Lakin iş düzgün araşdırılmadı. İstintaq orqanları cinayəti ört-basdır edir. Buna görə də, ədliyyə naziri, baş prokurorun, digər rəsmi şəxslərin qəbulunda olmuşam. Biz demək olar ki hər ay Prezident Administrasiyasına müraciət edirik ki, bizim şikayətimizi prezidentə çatdırsınlar”.
X.Həsənova dedi ki, Azərbaycanda qəbula düşə bilmədiyinə görə, may ayında İlham Əliyev Türkiyəyə səfər edəndə onun arxasınca Ankaraya gedib: “Orada bizi mayın 22-də konsul Şöhrət Mustafayev qəbul etdi. O, bildirdi ki, səfir İstanbulda prezidenti müşaiyət edir. Biz Türkiyədə mətbuata çıxmaq istəyirdik. Lakin səfirlikdə buna mane oldular. Dedilər ki, Türkiyədə Azərbaycanı istəməyənlər çoxdur. Ermənilər və başqaları yaşayır Türkiyədə. Belə şey etməyin. Dedilər ki, müraciətimizi şəxsən prezidentə çatdıracaqlar. Ərizəmizi də götürdülər. Lakin onlar bizim ərizəni prezidentə vermədilər. Ərizəmizi Daxili İşlər, Ədliyyə nazirliklərinə və Baş prokurorluğa göndərdilər. Bundan sonra işimizdə hardasa təkan oldu. Lakin sonra əvvəlki vəziyyət yarandı”.
X. Həsənova bildirib ki, şikayətlərinə baxılmadığını görəndə Gürcüstana gediblər: “İyun ayında getdik Gürcüstandakı Azərbaycan səfirliyinə. Orada bizi konsul Ramil Rzayev və birinci katib İlham Talıbov qarşıladı. Şikayətimizə qulaq asandan sonra, bizim ərizəni birbaşa prezidentə göndərməyə söz verdilər. Bir ay keçdi, heç bir nəticəsi olmadı. Xarici İşlər Nazirliyindən dedilər ki, sizi aldadıblar. Biz yenidən iyulun 18-də Gürcüstandakı Azərbaycan səfirliyinə getdik. Orada bizi qəbul edən olmadı. Bu dəfə gürcü polislərə göstəriş verdilər ki, bizi qovsunlar. Onların yanında bizi alçaltdılar. Lakin biz getmədik və kəfən geyinərək səfirliyin qarşısında və Tiflisdəki Heydər Əliyev parkında üç gün aksiya keçirdik.
“Şikayətimizə baxılmasa, intihar edəcəyik”
X. Həsənova bildirib ki, prezident onları qəbul etməsə və şikayətlərinə baxan olmasa, intihar edəcəklər: “Əgər görsək ki, baxan yoxdur, özümüzü yandırcağıq. Bəlkə onda prezidentin xəbəri ola. Artıq bu süründürməçilikdən, təzyiqlərdən bezmişik. Mən Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə ilə də müraciət etmişəm. Bu ölkənin vətəndaşlığından imtina edəcəm”.
Məsələyə Azərbaycanın Gürcüstandakı səfirliyindən münasibət öyrənmək mümkün olmadı.