Gürcüstanda baş verən dəyişikliklər orda yaşayan azərbaycanlıların da həyatına təsir etməkdədi. Əvvəla, bizim insanlar qaydalara riayət etməyi öyrənir. Başa düşürlər ki, dəyişmək, rüşvətsiz yaşamaq mümkündü. Sistemin insanlara necə təsir etməsi bir daha aydın oldu. Rüşvət bizim qanımızdadı, biz düzələn deyilik deyənlər ciddi arqumentlər qarşısında qaldılar. Düzdü, Saakaşvilinin bir çox əməlləri, xüsusən bizim hakimiyyətlə isti əlaqələri bizləri incitsə də, ümumilikdə Gürcüstanda baş verən dəyişikliklər ölkəmizə çox xeyir verdi. Tariximiz oxşardı.
Yaşlı adamlar bilirlər, Şevarnadzenin zamanında Gürcüstanda rəsmən dəlixana idi. Hava qaralandan sonra evdən bayıra çıxmaq olmurdu. Adamları maşınla bir yerdə oğurlayırdılar. O vaxt gürcü şagirdləri arasında bir sorğu keçirilmişdi və sorğuda iştirak edən şagirdlərin böyük əksəriyyəti gələcəkdə kim olmaq istəyirsən sualına, “oğru olmaq istəyirəm” cavabı vermişdilər. Saakaşvili hakimiyyətə gələndən sonra həlli görünməz bir çox problemlər həll olundu. Büroktarik əngəllər aradan qaldırıldı. Kiçik rüşvətin kökü kəsildi. Polisdə aparılan islahat isə hətta Rusiya hakimiyyətini belə qəzəbləndirdi. Çünki rus demokratları vaxtaşırı olaraq Gürcüstanda aparılan islahatları arqument kimi səsləndirirdilər. Gürcüstanda baş verən proseslər bizdə də dəyişikliyə ümid yaratdı.
Gürcüstan bizim ən yaxşı qonşumuzdu. Bir tərəfimiz İran, bir tərəfimiz Rusiya, bir tərəf Qazaxıstan, bir tərəf Tükmənistan. Ermənistanla da müharibə vəziyyətindəyik. Hamısında insan haqları pozulur. Ədalətsizlik hökm sürür. Təxminən onlardan öyrəniləsi yaxşı heç nə yoxdu.
Zaman-zaman o ölkələrdən gələn bəlaların zərərini çəkirik. Təsəvvür edin ki, Rusiya (özü də Dağıstan), İran, Qazaxıstan, Türkmənistan kimi qonşularınız var. Adam məhv olar. Bu mənada Gürcüstanın bir qonşu kimi qədrini bilməliyik. Bir dəfə Gürcüstanın ucqar bir kəndində bir nəfər mənə dedi ki, bizim prezidenti bir aylıq sizin ölkəyə göndərmək lazımdı. Mən bu sözdən bir qram da incimədim. Əksinə bir insanın dəyişikliyə inanması, problemin xalqda yox, rəhbərdə, hakimiyyətdə olmasını dərk etməsi məni sevindirdi. Qoy Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda yaşayan azərbaycanlılara lağ etsinlər. Bunun özü də prosesin xeyrinədi.
Düzdü, son vaxtlar bir çox Azərbaycan şirkətləri puldan, Gürcüstanın kasıblığından istifadə edərək orda yaşayan azərbaycanlıları dinc buraxmaq istəmirlər, onları pulla öz siyasi güclərinə tabe etmək fikrindədirlər. Bununla da pulun hər şeyə qadir olduğunu göstərmək və demokratiyanı gözdən salmaq istəyirlər. Azərbaycanda apardıqları təbliğatı Gürcüstanda yaşayan azərbaycanlılar arasında da aparırlar. Yaxşı olardı ki, Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan hakimiyyətinin apardığı siyasətdən uzaq dayanaydılar. Azərbaycan hakimiyyətinin apardığı siyasət gürcülərdə yalnız gülüş doğurur. Onlar xalq dilində desək, siyasət işlədib susa bilərlər, daxildə isə bizə gülürlər. Çünki doğrudan da, gülməli vəziyyətdəyik. Bizim ölkə kənardan pulu olan amma zövqü olmayan adam kimi görünür. Belə adamlar var – pulla girirlər geyim mağazasına (özü də çox bahalı mağazaya), amma bilmir nə alıb əyninə geyinsin. Sonra isə gülməli vəziyyətə düşür.
Gürcüstanda yaşayan azərbaycanlılar ölkədə baş verən dəyişiklikdən maksimum istifadə etməlidirlər. İndi gürcü cəmiyyətinə inteqrasiya etmək üçün münbit şərait yaranıb. Bəhanələr gətirməyə heç ehtiyac yoxdu. Əvvəllər azərbaycanlıları Tiflisdə görmək olmurdu. İndi onlar Tiflisi özlərinin bir paytaxtı kimi görməyə başlayıblar. Bu gün Tiflis Universitetlərində təxminən min beş yüz azərbaycanlı tələbə təhsil alır. Əgər bu min beş yüz tələbədən iki yüzü təfəkkürünü, geyimini dəyişsə, bu Gürcüstanda yaşayan azərbaycanlıların arasında yeniləşmə prosesinin başlanması deməkdir. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar , xüsusən də gənclər gürcü dilini mütləq öyrənməli və ölkənin ictimai-siyasi, mədəni həyatında aktiv iştirak etməlidirlər. Gənclər gürcü dilindən əlavə mütləq ingilis yaxud alman dilini də öyrənməlidirlər. Həmçinin siyasi partiyalara üzv olub, qeyri-hökumət təşkilatlarının təşkil etdiyi proqramlarda, müxtəlif konkurslarda, müsabiqələrdə iştirak etməlidirlər. Valideynlər mütləq öz övladlarının, xüsusən qız övladlarının təhsil almasına şərait yaratmalıdırlar.
Təhsil almaqla, elmə sahib olmaqla, dil öyrənməklə, təfəkkürdə dəyişiklik emtəklə, ictimai-siyasi, mədəni proseslərdə aktiv iştirak etməklə cəmiyyətə inteqrasiya olunmaqla biz heç də yaxşı olmayan obrazımızı dağıda bilərik. Nəhayət, xaricdə yaşayan, əslən gürcüstanlı olan tərəqqipərvər azərbaycanlılar bu yeniləşmə prosesinə öz töhfələrini verməlidirlər.