Caparidze Tbilisi Şəhər Məhkəməsi tərəfindən hakim partiyanın müxalifəti araşdıran parlament komissiyasına gəlmədiyinə görə yeddi ay həbs cəzasına məhkum edilib
“OC Media” yazır ki, Caparidze eyni səbəblə cinayət ittihamı ilə üzləşən bir neçə müxalifət siyasətçisi arasında ilk məhkum edilən şəxs olub. Digər üç siyasətçi — Nika Melia, Nika Qvaramia və İrakli Okruaşvili — hələ də istintaq təcridxanasındadır, daha üç nəfər — Mamuka Xazaradze, Badri Caparidze və Giorgi Vaşadze isə zaminə buraxılıb.
Bazar ertəsi verilmiş hökmə əsasən, Caparidze həbs olunmaqla yanaşı, iki il müddətinə ictimai vəzifə tutmaq hüququndan da məhrum edilib. Siyasətçinin özü və tərəfdarları məhkəmə iclasında iştirak etməyiblər.
Caparidzenin rəhbərlik etdiyi müxalif “Girçi – Daha Çox Azadlıq” Partiyası məhkəmə prosesini “məhkəmə adlanan sirkin bir hissəsi” adlandırıb.
Caparidze ilk dəfə mayın 23-də müxalifəti araşdıran “Gürcü Arzusu” parlament komissiyasına gəlmədiyi üçün girov ödəməkdən imtina etdikdən sonra saxlanılmışdı.
Komissiya fevral ayında “Gürcü Arzusu”nun keçmiş hakim partiyanı cəzalandırmaq barədə dəfələrlə verdiyi vəddən sonra Vahid Milli Hərəkatın (VMH) hakimiyyətdə olduğu dövrdəki fəaliyyətini araşdırmaq məqsədi ilə yaradılıb.
İlkin olaraq komissiyanın mandatı VMH-nin hakimiyyətdə olduğu illərlə (2003–2012) məhdudlaşdırılmışdı, lakin sonradan bu müddət indiki vaxta qədər genişləndirildi — bu isə “Gürcü Arzusu”na istənilən müxalifət nümayəndəsini hədəfə almaq imkanı verdi.
Caparidze kimi bir çox müxalif siyasətçi də bu komissiyanı, eləcə də müxalifət partiyalarının boykot etdiyi, mübahisəli 2024-cü il parlament seçkilərindən sonra formalaşan indiki parlamenti legitim hesab etməyərək komissiyanın iclaslarında iştirakdan imtina ediblər.
Komissiyanın iclaslarında iştirak etməyən şəxslərə qarşı cinayət işləri açılıb və əgər təqsirli bilinərlərsə, həmin şəxslər cərimələnə və ya bir ilədək həbs edilə bilərlər. Bundan əlavə, onlar üç ilədək ictimai vəzifə tutmaq və ya müəyyən fəaliyyətlərlə məşğul olmaq hüququndan məhrum edilə bilərlər.
Müxalifətin digər iki nümayəndəsi, “Axali” Partiyasının liderləri Melia və Qvaramiya da komissiyaya gəlmədikləri üçün girov ödəməkdən imtina etdiklərinə görə saxlanılıblar, lakin hələlik onlar haqqında hökm çıxarılmayıb. Keçmiş müdafiə naziri Okruaşvili də oxşar ittihamlarla saxlanılıb.
“Gürcü Arzusu” Partiyası açıq şəkildə bəyan edib ki, parlament komissiyasının nəticələrindən istifadə edərək ölkənin əsas müxalifət partiyalarının qadağan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır — bu, hakim partiyanın 2024-cü il seçkiləri öncəsi seçicilərə verdiyi vədlərdən biridir.
Hakim partiya hesab edir ki, ölkədə fəaliyyət göstərən bütün əsas müxalif qruplar VMH-nin peykləridir və artıq onların fəaliyyətinə son verilməlidir.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.