Gürcüstanda Milli Hərəkatın lideri Levan Xabeişvili saxlanılıb

Levan Xabeişvili Foto: netgazeti.ge

Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının sədri Levan Xabeişvili saxlanılıb.

Onun saxlanılmasını əks etdirən görüntüləri Formula telekanalının direktoru Mişa Mşvildadze yayıb. Onun sözlərinə görə, Xabeişvili teleşirkətin ofisinin yaxınlığında saxlanılıb.

“Dostlar, başa düşməlisiniz ki, Dövlət Təhlükəsizliyi Xidməti Mdinaradzenin verdiyi tapşırığı yerinə yetirir. Heç nədən qorxmayın, çünki güc gürcü xalqındadır. Mütləq heç nədən qorxmayın. Mən bunu gözləyirdim”.

“Məni ona görə saxlayırlar ki, Xabeişvili İvanişvilini məğlub etməyə qadirdir. Siz İvanişvilini məğlub edə bilərsiniz, bu rejimi məğlub edə bilərsiniz”, – Xabeişvili saxlanılarkən belə deyib.

Levan Xabeişvili oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkiləri günü xalqı “sülh yolu ilə inqilab”a səsləməsi ilə son günlər gündəmdə idi.

Bu arada Gürcüstan Daxili İşlər Nazirliyi sentyabrın 8-9-da Melikişvili prospektində baş vermiş insidentlə bağlı aparılan istintaq çərçivəsində üç nəfəri saxlayıb. Onlar əmlakı zədələmək və ya məhv etməkdə təqsirli bilinərək saxlanılıb.

“İstintaq zamanı toplanmış sübutlarla müəyyən edilib ki, saxlanılan şəxslər Z.M. və İ.B. sentyabrın 8-də Melikişvili prospektində keçirilən etiraz aksiyası zamanı etirazçılara qarşı fiziki zorakılıq tətbiq ediblər. İ.D.-yə gəlincə, o, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından Tbilisi merliyinə namizədin seçki pankartını zədələyib”, – Daxili İşlər Nazirliyinin məlumatında belə deyilir.

Bir neçə gündür ki, Tbilisinin Melikişvili prospektində, merliyə namizəd Kaxa Kaladzenin seçki qərargahının yaxınlığında etiraz aksiyaları keçirilir. İştirakçılar hökumət tərəfdarlarının hücumuna məruz qalıb. Zorakılığa məruz qalanlar arasında jurnalistlər və fəallar da var. O vaxtdan bəri hər gün Melikişvili küçəsində etiraz aksiyaları keçirilir.

Son aylarda Gürcüstanda aparıcı müxalifət liderlərindən Nika Qvaramiya, Milli Hərəkatın keçmiş lideri Nika Melia, Girchi Partiyasının rəhbəri Zurab Caparidze də hazırda həbsdədirlər. Həbslərə səbəb parlamentin istintaq komissiyasının çağırışına tabe olmamaq, yəni dindirilməyə gəlməkdən imtina etməkləri olub. 

Ana səhifəDünyaGürcüstanda Milli Hərəkatın lideri Levan Xabeişvili saxlanılıb