Gürcüstanda hökumət böhranı

Gürcüstanın müdafiə naziri istefaya göndərildi, səbəb nazirliklə bağlı üç cinayət işidir

Source:


Gürcüstanın müdafiə naziri istefaya göndərildi, səbəb nazirliklə bağlı üç cinayət işidir

Gürcüstanın baş naziri İrakli Qaribaşvili İrakli Alasaniyanın müdafiə naziri postundan getdiyini bildirib.

“Mən müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərməyi qərara aldım ki,  Müdafiə Nazirliyinin özəlləşdirilməsinə yol verilməsin və istintaqın işinə  müdaxilə edilməsin”, – Qaribaşvili brifinqdə bildirib.

Son günlər Gürcüstan prokurorluğu Müdafiə Nazirliyinin məmurlarının barəsində  üç cinayət işinin olduğunu açıqlayıb.

İlk qalmaqal nazir İrakli Alasaniyanın xaricə səfəri zamanı yaranıb – Müdafiə Nazirliyinin bir neçə yüksək vəzifəli məmuru xüsusilə külli miqdarda  mənimsəmə ittihamı ilə həbs olunub.

Baş nazir bildirib ki, İ.Alasaniya müdafiə naziri postunu tuta bilməz.

“Öz dostlarına satınalmalar və tenderlər həyata keçirməyə imkan yaradan şəxs nazir ola bilməz. Bizim əsas prioritetimiz korrupsiyaya  qarşı mübarizədir. Silahlı qüvvələrin və Müdafiə Nazirliyinin siyasiləşməsinə yol verməmək üçün naziri istefaya göndərməyi qərara aldım”, – Qaribaşvili vurğulayıb.

Gürcüstanın baş naziri prokurorluğun fəaliyyətinin  ölkənin Avropa və Avroatlantik inteqrasiyasına  qarşı yönəlməsi barədə Alasaniyanın ittihamlarını məsuliyyətsiz bəyanat adlandırb.

Alasaniya bütün ittihamları rədd edib və hakimiyyəti  Qərbdən uzaqlaşaraq  Rusiya ilə yaxınlaşmaq cəhdində ittiham edib.

“Bizim NATO ilə əməkdaşlığımız yalnız bir tərəfi qane etmir  və mən şübhələnirəm ki,  prokurorluğun hərəkətlərinin arxasında məhz o durur”, – Alasaniya qeyd edib.

O bildirib ki, çərşənbə günü   hakim “Gürcü arzusu” koalisiyası “ölkə hara gedir və koalisiyada Rusiya tərəfə meylli qüvvə varmı” məsələsini qaldırmaq niyyətindədir.

Alasaniya deyb ki, öz həbsini istisna etmir. “Həbs olunacağımı istisna etmirəm”, – o vurğulayıb.

“Bu, mümkün siyasi rəqibin və opponentin məhv edilməsi və siyasi qətl cəhdidir. Lakin onlarda heç nə alınmayacaq.  Mən bunu planlaşdıranlara deyə bilərəm ki, bu, məni qorxutmaqdan başqa bir şey deyil. Məqsəd ölkəmi Avropaya inteqrasiya yolundan döndərməkdir”, – Alasaniya vurğulayıb.

Bununla yanaşı baş nazir bəyan edib ki, yeni müdafiə naziri Mindiya Canelidze təyin edilib. O, son vaxtlara qədər dövlət təhlükəsizlyi və böhranların idarə olunması üzrə hökumət Şurasının katibi postunu tutub.

Bunun ardınca Avropa və Avroatlantik intqrasiya məsələri üzrə dövlət naziri Aleksi Petriaşvili istefa verib.

“Hamı baş verənləri görür. Bu, Gürcüstanın avrointeqrasiyasına hücumdur. Biz görürük ki, diktatura yaxınlaşır”, – Petriaşvili vurğulayıb.

Petriaşvili Alasaniyanın rəhbərlik etdiyi “Bizim Gürcüstan – Azad demokratlar” Partiyasının üzvüdür.

Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze indiki hökumətin Alasaniyanın komandasından olan digər nazirlərinin də istefa verəcəyini istisna etmir.

Hökumətdə Alasaniyanın komandasından iki nazir qalır – ədliyyə naziri Teya Sulukiani və xarici işlər naziri Mayya Pancikidze.

Əsas məsələlərdən biri də Alasaniyanın hakim “Gürcü arzusu” koalisiyasını tərk edib-etməməsidir. Əgər bu qərar qəbul olunarsa hakim koalisiya 10 deputat mandatını itirəcək ki, bu da parlamentdə çoxluğun saxlanmasına imkan verməyəcək.

Gürcüstanın bir sıra siyasi xadimləri genişmiqyaslı böhranın olacağını və bütün hökumətin istefa verəcəyini proqnozlaşdırmışdılar (Turan İA).

Ana səhifəXəbərlərGürcüstanda hökumət böhranı