Baş nazir İrakli Qaribaşvilinin istefası tələb olunub
Gürcüstanın müxtəlif regionlarından gələn on minlərlə insan Tbilisidə mərkəzi Rustaveli prospektində parlament binasının önünə toplanıb.
Onlar “Xəcalət” Qeyri-Hökumət Təşkilatının (QHT) hakimiyyətə verdiyi 7 günlük ultimatum bitəndən sonra mərkəzi küçəyə çıxıblar.
Ultimatumun vaxtı iyulun 3-də bitib.
Baş nazir İrakli Qaribaşvilidən istefa tələb edilirdi.
Eyni zamanda, hakim “Gürcü Arzusu” Partiyasından Avropa İttifaqının (Aİ) 12 şərtini yerinə yetirmək üçün xalqın etimadına malik “texniki hökumət”in yaradılmasına razılıq verməsi istənirdi.
Aksiyada Qaribaşvili hökuməti istefa verənə qədər mitinqin davam etdirilməsi ilə bağlı qərar oxunub.
Mitinq dinc şəraitdə, gürcü və Ukrayna mahnılarının sədaları altında keçirilib.
Gürcüstanın yerli mediası yazır ki, “Evə-Avropaya” hərəkatının nümayəndələri gecə boyu prospektdə qalıblar.
Fəallar hökumətin bugünkü iclasından əvvəl Nazirlər Kabinetinin üzvlərini səs-küylə qarşılamağı planlaşdırıblar. Çünki hər bazar ertəsi günorta saatlarında Nazirlər Kabinetinin iclası olur. Lakin naməlum səbəblərdən iclas bu gün baş tutmayıb.
Aksiya təşkilatçılarından biri Şota Diqmelaşvili nümayişçilərə müraciət edib: “Gəlin dağılışaq, bu gün hökumətin iclası baş tutmadı”, – deyib.
Prospektdəki insanların dağılışdığı bildirilir. Lakin Şota Diqmelaşvili tərəfdarlarını etirazı davam etdirməyə – “vaxtında görüşməyə və hökuməti mümkün qədər sıxışdırmağa” çağırıb.
Hazırda nazirlərin bu gün görüşüb-görüşməyəcəyi hələlik bəlli deyil.
KİV-in məlumatına görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili artıq iş başındadır.
“Evə – Avropaya” hərəkatı bir gün əvvəl Tbilisidə baş nazir Qaribaşvilinin istefası və ölkənin Avropa Şurasına qəbulu üçün lazım olan bütün islahatların həyata keçirilməsi tələbi ilə aksiya keçirib.
İyunun 17-də Avropa Komissiyasının rəhbəri Ursula von der Layen Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verildiyini açıqlayıb.
Gürcüstana isə status almaq üçün bir sıra şərtləri yerinə yetirmək tapşırılıb.
O cümlədən, siyasi, iqtisadi həyatın deoliqarxizasiyası, depolarizasiya, məhkəmə islahatlarının müstəqilliyinin təmin edilməsi və jurnalistlərin, eləcə də müxtəlif azlıqların hüquqlarının müdafiəsi də daxil, ölkədə bir sıra sistemli islahatlar aparılmalıdır.
Baş nazir Qaribaşvili istefa verməkdən imtina edib, hakim partiyanın sədri İrakli Kobaxidze isə müxalifətə Aİ-nin şərtlərini mərhələli şəkildə yerinə yetirmək üçün bir neçə parlament komissiyası yaratmağı təklif edib.
Müxalifət partiyalarının liderləri, o cümlədən onların ən böyüyü sayılan – Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı “Gürcü Arzusu” ilə istənilən danışıqları “mənasız” hesab edib.