Onlar hesab edirlər ki, bu vədlər şifahi yox, hüquqi prosedurdan keçməlidir
Gürcüstanda etirazlar davam edir, baxmayaraq ki, parlament birinci oxunuşda qəbul edilən “agentlər haqqında” qanun layihəsini geri götürüb.
Hazırki etirazlarda müxalifət həbsdə olan 200-ə yaxın nümayişçinin azadlığa buraxılmasını tələb edir. Bununla bağlı parlament binası qarşısında növbəti genişmiqyaslı aksiyanın keçirilməsi planlaşdırılır.
Hakim “Gürcü Arzusu” Partiyası qanun layihəsinin geri götürülməsi ilə bağlı bir neçə dəfə açıqlama versə də, müxalifətin əhəmiyyətli hissəsini hakimiyyətin niyyətinin səmimiliyinə inanmayıb.
Xüsusi brifinqdə müxalifət nümayəndələri qanun layihəsinin geri götürülməsi ilə bağlı şifahi yox, hüquqi prosedur tələb ediblər. Səbəb isə hakimiyyətə inamsızlıqdır.
“Girchi-More Freedom” təşkilatının sözçüsü Tsotne Koberidzenin fikrincə, Gürcüstanın Avropa strukturlarına can atması geridönməz hala gəlməyincə, etiraz hərəkatı səngiməyəcək.
“Bu gün mütləq mitinq olacaq! Biz iki bəndin yerinə yetirilməsini tələb edirik. Onların bu qanunu necə geri götürmək niyyətində olduqlarına aydınlıq lazımdır, çünki onların bəyanatları qeyri-müəyyəndir və inandırıcı deyil. İkincisi, o bizimlə bərabər döyüşən adamları həbslərdə saxlayırlar, onlar azadlığa buraxılmalıdırlar. Əks halda, hakim partiyanın fəaliyyəti asan olmayacaq. Gürcüstan zəmanətli qərbyönümlü kursa keçməyincə etirazlar dayanmayacaq”, – deyə Tsotne Koberidze bildirib.
Hüquqşünaslar da sənədin ləğvi ilə bağlı şifahi vədlərin yetərsizliyindən danışırlar.
Məsələ burasındadır ki, Parlamentin reqlamentinin 112-ci maddəsinin 16-cı bəndinə əsasən, yalnız ikinci oxunuşda qəbul edilməsi üçün zəruri olan səsləri toplaya bilməyən qanun layihəsi etibarsız sayılır.
“Gürcü Arzusu” Partiyasının parlament lideri Mamuka Mdinaradze isə bildirib ki, sənəd yenidən səsverməyə çıxarılacaq.
İkinci oxunuşda hakim partiya səsvermədə uğursuzluğa düçar olmağı planlaşdırır və bununla da qanun layihəsinin sonrakı gedişatına mane olur. Bundan əlavə, parlamentin spikeri Şalva Papuaşvilinin artıq hər iki qanun layihəsini Venesiya Komissiyasından geri götürdüyü açıqlayıb.
Qanun layihəsinin geri götürülməsi geniş beynəlxalq rezonans doğurub.
Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell səlahiyyətliləri daha konkret addımlar atmağa çağırıb:
“Gürcülər demokratiya və Avropa dəyərlərinə olan istəklərini ifadə etmək üçün küçələrə çıxdılar. “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsinin geri götürülməsinin elan edilməsi yaxşı əlamətdir, indi konkret hüquqi prosedurlara riayət etmək lazımdır”.
Öz növbəsində, Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhey islahatlar yolunda Gürcüstana dəstəyin dəyişməz olduğunu bəyan edib.
“Mən hakim partiyanın QHT-lər haqqında mübahisəli qanunu geri götürmək qərarını alqışlayıram. Gürcüstan Avropa İttifaqına gedən yolda bizim dəstəyimizə arxalana bilər”, – o, tvitində yazıb.
Gürcü ekspertlərinin əksəriyyəti hakimiyyət üzərində qələbəni lokal, aralıq xarakterli hadisə kimi qeyd edir.
Politoloq Gia Xuxaşvilinin fikrincə, hakimiyyət uğursuzluğa düçar olub:
“Deyə bilərik ki, səlahiyyətlilərin sınağı uğursuz oldu və onlar geri çəkilmək qərarına gəldilər. Məncə, baş verənlər xalqın hakimiyyət üzərində taktiki qələbəsidir. Amma bu, o demək deyil ki, etiraz aksiyası məhdudlaşdırılmalıdır. Hamı başa düşməlidir ki, bu qanun Avropa yolunda yeganə maneə deyil”.
O, başqa maneələrin də olduğunu deyib və hesab edir ki, namizəd statusu əldə etmək üçün 12 bəndlik tövsiyələri də yerinə yetirmək lazımdır:
“Rusiya siyasətçilərinin əsəbi bəyanatlarından sonra hakimiyyət Moskvanı razı salmaq üçün bu qanun layihəsini irəli sürüb. Amma buna nail ola bilmədilər və bu, yaxşıdır”.