Poniçala kənd sakinləri Tbilisi-Rustavi yolunu bağlayaraq etiraz ediblər
Fevralın 20-də, axşam saatlarında Gürcüstanın əsasən azərbaycanlılar yaşayan Poniçala kəndində 11-ci sinif şagirdi S.Bayramova qaçırılıb.
Dayısı Nadir Niftəliyev Meydan TV-yə müsahibəsində deyib ki, 3 gün keçməsinə baxmayaraq, polis hələdə axtarış aparmır:
“3 gündür uşaq qaçırılıb. Hələ də bir informasiyamız yoxdur ki, hardadı, nə edir. Polis deyir, gözləyin, hələbir şey yoxdur. Nə qədər gözləməliyik? Bu uşağın 17 yaşı var, bu qızqaçırma deyil, adam oğurluğudur. Polis laqeyd yanaşır, demir, harasa baxıblar, ya yox?!”
Nadir Niftəliyev deyir ki, S.Bayramova Poniçala kənd məktəbinin 11-ci sinif şagirdidir. Dayısının sözlərinəgörə, S.Bayramova oxumaq və universitetə girmək arzusunda idi. Elə həmin gün də fərdi hazırlıq müəlliməsinin evindən çıxarkən binanın qarşısından aparılıb.
Yaxin qohumları olan Gülarə xanım deyir ki, dünən qız özü telefonla atasına zəng edib, amma harda olduğunu bilmədiyini deyib:
“Dünən qızla danışıblar. Qız ağlayıb ki, məni xilas edin. Oğlan da deyib: “Ərizənizi götürün, qızı gətirim”. Razılaşdıq, guya dünən axamadək verməli idi, amma vermədi. Oğlan da poniçaladandır. Sankt-Peterburqda işləyirdi, gəlib, tanımaza-bilməzə qızı götürüb qaçıb. Dağ başı deyil ki?! Ailəsi yalan danışır. Əvvəl deyirdilər, əlaqəmiz yoxdu. Dünən danışıblar, bəs indi niyə vermir uşağımızı?”
Əraziyə toplanan sakinlər danışırlar ki, Poniçala azərbaycanlıların yaşadığı digər etnik bölgələrdən fərqli olaraq qızların qaçırılmasını bəyənmir. Lakin adətlər hələlik onlara qalib gəlir. Muraz adlı sakin deyir ki, 16 yaşına çatan kimi qızları qaçırmağa çalışırlar:
“Bax, mən indi bura gəlmişəm, oğlum yoxdu, evdə nəvələrimin üzünə qapını bağlayıb gəlmişəm. Yazılmamış adətlər var, elə qız böyüyən kimi çalışırlar qaçırsınlar. Oxutmaq istəyənə də imkan vermirlər. Gərək 1-2 nəfər tutub salsınlar içəri, bəlkə qorxu ola. Ona görə polisdən bu işə ciddi yanaşmağı tələb edirik”.
Dünən fevralın 21-də axşam saatlarında polisin məsələyə ciddi yanaşmamasına etiraz olaraq kəndlilər Tbilisi-Rustavi yolunu kəsiblər. Sonradan polis qısa müddətdə ailəyə araşdırmaların gedişatı ilə bağlıməlumat verəcəyəni deyib və aksiyanı dağıdıb.
Lakin ailə hələ də polisin heç bir məlumat vermədiyini bildirir.
Poniçala Polis Şöbəsinin qəbul xidmətindən Meydan TV-yə bildirdilər ki, araşdırma gedir və yaxın saatlarda oğurlanan qızın harda olmasını müəyyən edə biləcəklərinə ümid edirlər.
Poniçala ərazi Prokurorluğundan verilən məlumata görə, Cinayət Kodeksinin 143-cü maddəsinə (adam oğurluğu) əsasən cinayət işi başlanıb.
Ötən il Gürcüstanın Cinayət Məcəlləsinin 1501-ci maddəsinə edilən dəyişikliyə əsasən qeydə alınmamış nikahlar da daxil olmaqla azyaşlı ilə məcburi evliliyə görə 4 ildən artıq həbs cəzası müəyyən olunub.
Gürcüstanda Mülki Məcəlləyə əsasən, minimum nikah yaşı 18-dir.