Gürcüstanda azərbaycanlı gənclər – susmayan nəsil

Aytac Xəlili. Foto: David Pipia, JAmnews

JAMnews-un məqaləsi

Gürcüstanda azərbaycanlı gənclər

Gürcüstanda azərbaycanlı icma tədricən təcrid şəraitindən çıxır və cəmiyyətə inteqrasiya edir. Hər halda bu, Kvemo Kartli regionunun gənclərinə aiddir – Gürcüstanda gürcü dilində təhsil alan bu gənclər bu gün öz icmalarına ölkə həyatına inteqrasiya olunmağa kömək edirlər. “JAMnews” Kvemo Kartlidən reportajda öz həyatlarını dəyişən, indi isə bütün regionun və region sakinlərinin həyatlarını dəyişməyə çalışan gənclərin hekayələrindən bəhs edir.

Etnik azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli həm sovet dövründə, həm də postsovet Gürcüstanında  cəmiyyətin qalan hissəsinə ən az inteqrasiya etmiş regiondu.

Bu regionda yaşayan vətəndaşlar dövlət dilini – gürcü dilini bilmirdi və bu illər ərzində ölkədə gedən ictimai və ya siyasi proseslərə az cəlb olunmuşdu.

Onlar nadir hallarda Gürcüstanın ali məktəblərində təhsillərini davam etdirirdilər və nadir hallarda tanınmış politoloq, jurnalist, həkim və ya digər sahələrin təmsilçisi olurdular.

Kvemo Kartli əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur, həm əkinçiliklə, həm də heyvandarlıqla və uzun illər boyu belə olub.

Ənənəvi olaraq bu region hər seçkidə demək olar ki, yekdilliklə iqtidar partiyasına səs verir. Jurnalistələrin tez-tez verdiyi xəbərə görə, yerli sakinlər əksərən məlumatsız olur və kimə səs verməli olduqlarını belə bilmirlər – sadəcə iqtidar partiiyasının nömrəsini bilirlər və onu işarələyirlər.

Amma bu reallıq dəyişir və bunun səbəbi regionun yeni gənclər nəslidir.

Onlar gürcü dinlində səlist danışır, ingilis dilini bilir, universitetlərdə təhsil alır, güclü vətəndaş mövqeyinə malikdirlər. Onlar cəsarətlidir və qızlarının evlilik səbəbilə qaçırılması kimi qeyri-humanist ənənələrə qarşı sərt çıxış edirlər, sosial şəbəkələrdə fəaldırlar, müxtəlif qeyri-hökumət təşkilatlarında çalışırlar.

“Son zamanlar biz öz cəmiyyətində real dəyişikliklərə nail olmaq istəyən gəncləri görürük. Onlar aktivist ittifaqları yaradır və sosial ədalət tələb edirlər”, – “Sosial Ədalət Mərkəzi” QHT-də bərabərlik proqramının direktoru Tamta Mikeladze deyir.

“Gürcü olmadığımı eşitmək məyus etdi”

24 yaşlı Aytac Xəlili Qardabani rayonunun Vaxtanqisi kəndində doğulub, böyüyüb. Vaxtanqisi sərhədyanı kənddir, Gürcüstan-Azərbaycan sərhədi Aytacın evinin bir neçə metrliyindən keçir.

Uşaqlıqda, iki ölkə sərhədində NKM yaranandan əvvəl Aytac və dostları problemsiz sərhədi keçir, qonşu kənddə oynayıb, geri qayıdırdılar.

Bir dəfə evdə böyüklərdən birindən eşidib – bir gürcü siyasətçinin sözləri müzakirə olunurmuş, həm siyasətçi deyib ki, Gürcüstan yalnız gürcülərin ölkəsidir.

“Yadımdadır ki, bunu eşidəndə çox məyus olmuşdum ki, mən gürcü deyiləm və bu torpaqlara, bu evə aid deyiləm. Buna görə də mən Azərbaycanla sərhəddə, böyüyən kimi mütləq gedəcəyim əsl evimin yanında yaşadığım üçün çox xoşbəxt idim”.

Sərhəddə Gürcüstanla Azərbaycanı bir-birindən ayıran nəzarət-keçid məntəqəsi yaradılandan sonra Aytac bütün gecə ağlayıb. Bu sərhədi o, xəyalınndakı əsl evlə yaşadığı yer arasında keçid hesab edirdi.

“Məktəbdə biz Azərbaycan dərslikləri ilə təhsil alırdıq. Birinci səhifəni açanda İlham Əliyevin şəklini və Azərbaycan himnini görürdük. Müvafiqq olaraq, biz özümüzü Azərbaycanla assosiasiya edirdik”.

Aytac deyir ki, doqquzuncu sinifdən etibarən, kəndə gürcü dili müəlliməsi gələndən sonra onun həyatında çox şey dəyişib.

Gürcü dilini oyun formasında öyrənməkdən başqa yeni müəllimənin təşəbbüsü ilə uşaqlar özləri üçün “başqa Gürcüstan” açıblar – buuna qədər Aytac Gürcüstanın sadəcə Qardabani rayonundan ibarət olduğunu düşünürdüsə, gürcü dili müəlliməsinin köməyilə o, çox sayda başqa yerləri də kəşf edib.

Qardabani ətrafı, Gürcüstan. Foto: David Pipia, JAmnews

Aytac daha fəal olmağa başlayıb – ekskursiyalara gedib, müxtəlif məktəb düşərgələrinə və müsabiqələrinə qatılıb.

“Mənim baxışlarım və Gürcüstanı qavrayışım tamam dəyişdi. Mən bütün bunları görəndən və eşidəndən sonra anladım ki, nəhəng müxtəlifliyin bir hissəsiyəm və bu müxtəlifliyin rəngərindən biriyəm”.

Düşərgələrin birində Aytacı ən sakit iştirakçı adlandırıblar, çünki o, gürcücə danışmağa utanırmış. Bu, ona çox təsir edib və gürcü dilini gürcülər qədər yaxşı öyrənmək qərarına gəlib.

Artıq iki ildir ki, Aytac məşhur Gürcüstan şaiti Qalaktion Tabidzenin şeirlərinin qiraəti müsabiqəsində iştirak edir.

“Mən Qalaktionun şeirini gürcücə elə oxudum ki, heç kim mənim milliyyətcə gürcü olmadığıma inanmadı. Bu, mənim qələbəmin işarəsi idi”.

Məktəbi bitirəndən sonra Aytac Azərbaycana getmək fikrindən daşınıb və təhsilini Gürcüstanda davam etdirib.

“Mən gürcü dilində çox oxuyuram. Sən öz ölkənin dövlət dilini biləndə və tarixini öyrənmək imkanın olanda, sən tədricən anlayırsan ki, heç yandan gəlməmisən, öz vətənində yaşayırsan və bu ölkənin tamhüquqlu vətəndaşısan”.

Aytac İliya adına Dövlət Universitetini bitirib və hazırda Gürcüstan İctimai İşlər İnstitutunda magistr təhsili alır.

O, “Salam” qeyri-hökumət təşkilarının fəallarından biridir və mütəmadi olaraq müxtəlif siyasi və sosial proseslərdə iştirak edir.

Öz təşəbbüsü ilə və öz puluna kənddə ictimai mərkəz yaradıb, orada uşaqlara gürcü dilini öyrənməyə və tənqidi düşüncəni inkişaf etdirməyə kömək edir.

Yeni nəslə özünün uşaqlıqda sahib olmadıqlarını verməyə çalışır.

“Mən istəmirəm ki, növbəti nəsil də bizim keçdiyimiz çətinnlikləri yaşasın. Sən etnik azlığa aidsənsə və kənddə yaşayırsansa, vəziyyət ağırlaşır. Kənd yerlərində uşaqların imkanları sıfıra bərabərdir. Buna görə də mənim məqsədim ölkəmin inkişafına kiçik də olsa, töhfə verməkdir”.

Dil maneə kimi

Biz yerli gənclərdən soruşanda ki, regionda hansı irəliləyiş baş verib, hamı bir ağızdan 2009-cu ildən qüvvədə olan dövlət dilinin öyrənilməsi üzrə dövlət proqramının adını çəkir.

Bu regionda həll olunmamış ən böyük inteqrasiya problemlərindən biri dil baryeridir. Bu proqramların məqsədi həmin vəziyyəti düzəltməkdir.

“Gürcü dilini ikinci dil kimi öyrən” proqramı 2009-cu ildə işə salınıb. Bu proqram çərçivəsində könüllü müəllimlər Samtsxe- Cavaxetiya, Kvemo Kartli və Kaxetiyanın qeyri-gürcü məktəblərində gürcü dilini tədris edirlər.

Söhbət etdiyimiz azərbaycanlı gənclərin çoxu hesab edir ki, onların gürcü dilini öyrənməkləri bu və ya digər müəllimin sayəsindədir.

“Gürcü dili müəllimi mənim həyatımı dəyişib. Əgər o, olmasaydı, mən bilmirəm ki, bu gün harda olacaqdım. Bizim dərslərimiz çox şən keçirdi, ekskursiyalara gedirdik, Ana dili Günü qeyd edirdik, gürcü dilində müxtəlif tamaşlar hazırlayırdıq və gürcü bayramlarını qeyd edirdik”, – Bolnisi rayonu Darbazi kənd sakini 25 yaşlı Şükür Əliyev danışır.

Yerli gənclərin sözlərinə görə, regionun inteqrasiyasına böyük impuls verən digər proqram 2010-cu ildən qüvvəyə minən Gürcüstanın etnik azlıqlar yaşayan rayonları üçün nəzərdə tutulmuş “1+4” proqramıdır. 

Şükür Əliyev məşğələ keçir. Foto: David Pipia, JAmnews

Proqramın mahiyyəti bundan ibarətdir: milli azllıq nümayəndələrinə qəbul imtahanlarında ümumi bacarıqlarla bağlı imtahanı ana dilində – Azərbaycan, erməni, abxaz və ya osetin dilində vermək imkanı yaradılır.

Amma imtahandan keçdikləri zaman onlar dərhal seçdikləri fakültədə təhsilə başlamırlar, bir il müddətində gürcü dilini intensiv öyrənirlər və yalnız bundan sonra seçkidləri fakültədə təhsillərini davam etdirirlər. Məhz buna görə, proqram “1+4” adlanır.

Proqram işləyir. Əgər 2010-cu ildə bu proqrama cəmi 247 tələbə müraciət etmişdisə, 2018-ci ildə onların sayı təxminən 5 dəfə artaraq 1 231 tələbə olub.

“ “1+4” proqramı milli azlıqların inkişafı və vətəndaş inteqrasiyasının möhkəmləndirilməsi üzrə ən uğurlu layihələrdən biridir”, – Vətəndaş Fəallığı Mərkəzinin (CEAC) rəhbəri Raşan Ziyadəliyev deyir.

“Amma minuslar da var. Bu proqramda iştirak edən etnik azlıqların dövlətin maliyyələşdirdiyi prioritet təhsil proqramında iştira etmək hüquqları yoxdur. Məsələn, əgər tələbə biologiya, riyaziyyat və ya coğrafiya ixtisası üzrə qəbul olursa, dövlət ona sponsorluq edir, çünki bunlar prioritet fənlərdir. Amma “1+4” proqramında bu güzəşt mümkün deyil. Üstəlik təhsil bahalıdır və illiyi 2 250 laridir [təxminən $700]. Hamıda bu məbləğ yoxdur. Dövlət yalnız ilk 100 tələbəni qrant sayəsində maliyyələşdirə bilir. Bu proqramın pulsuz olması arzuediləndir”, – o deyir.

Marneuli sakini 34 yaşlı Ceyhun Məhəmmədəlini “tutmaq” çox çətindir. O, həmişə hadisələrin episentrindədir. O, Gürcüstanın ən qaynar və gərgin nöqtələrində xəbərləri işıqlandırır.

Gürcüstanın Qardabani rayonunda kənd. Foto: David Pipia, JAmnews

Ceyhun “1+4” proqramından yararlanan ilk nəslin nümayəndəsidir. O, Tbilidi Dövlət Unuversitetinin jurnalistika fakültəsinə qəbul olub.

Hazırda ölkənin aparıcı telekanallarından birində aparıcı reportyorlardan və Gürcüstanın etnik azərbaycanlı olan və gürcü dilində xəbərləri işıqlandıran, həmçinin canlı yayım aparan ilk jurnalistlərindən biridir.

“Əvvəllər gənclər oxumaq üçün Rusiyaya, Ermənistana və Azərbaycana gedirdilər, sonra qayıtmırdılar və ölkə öz vətəndaşlarını itirirdi. Burada qalanlar dil bilmirdi və cəmiyyətdən tam təcrid olunurdu. Bu layihə sayəsində gənclər dili öyrəndi və ölkə həyatında daha fəal iştirak etməyə başladı”, – Ceyhun deyir.

Etnik millətçilikdən “vətəndaş millətçiyi”nə

Prezident Mixail Saakaşvilinin rəhbərliyi altında keçmiş hakimiyyətin (2004-2012)  irəli sürdüyü “vətəndaş millətçiliyi” ideyasının təbliği etnik azərbaycanlılar arasında vətəndaş aktivliyinin güclənməsi üçün əhəmiyyətli impuls olub – Gürcüstanın azərbaycanlı icmasında baş verənləri analiz edən Sosial Ədalət Mərkəzinin elmi işçisi Kamran Məmmədli deyir.

“Əgər 1990-cı illərdə biz “Gürcüstangürcülər üçün” çüarını eşidirdiksə, Saakaşvili hakimiyyətə gələndən sonra modernləşmə və liberalizmin yeni dalğası etnik dərrakəni silkələdi… Gənclərin Gürcüstan məkanına daxil olmaları üçün baza yaradıldı. Bu gün azərbaycanlı icmasında vətəndaş fəallığı qat-qat güclüdür”, – Məmmədli deyir.

“Vətəndaş millətçiliyi” ideyasının meydana gəlməsini və mlli azlıqlar üçün bərabər mühitin yaradılmasını 2003-cü ildə “Qızılgül inqilabı”ndan sonrakı dəyişikliklərlə əlaqələndirirlər. Amma bəzi ekspertlərin fikrincə, bu proses üzdən idi.

“ “Milli hərəkatın iqtidarı dövründə (2004-cü ildən 2012-ci ilə qədər) vətəndaş bərabərliyi haqda bəyanatlar səsləndirilirdi, yerlilər isə indiyə qədər deyirlər ki, gələcəyə inamları “Qızılgül inqilabı”ndan sonra yaranıb. Amma bundan başqa, o zamankı hökumət real inteqrasiya proqramları aparmırdı. Bu, üzdən və xəyali proses idi, dərin düşünülmüş siyasətə yox, daha çox emosiya və duyğuğulara əsaslanırdı. Məsələn, Marneuli şəhərinin meri etnik azlıq təmsilçisi deyildi”, – Sosial Ədalət Mərkəzinin bərabərlik siyasəti proqramının direktoru Tamta Mikeladze deyir.

Onun sözlərinə görə, “1+4” proqramından sonra ölkədə köklü islahatlar aparılmayıb.

Qardabani şəhəri Foto: David Pipia, JAmnews

“Bəzi proqramların nəticə verməsinə baxmayaraq, indi də biz görürük ki, gənclər fəal şəkildə regiondakı vəziyyəti yaxşılaşdırmağa çalışırlar, bu gənclərə münasibətdə dövlət siyasəti tam qapalıdır. Son iki-üç ildə biz parlament və hökumətdə məşvərət mexanizminin yaradılması ilə bağlı hökumətlə fəal şəkildə danışıqlar aparırıq, amma mexanizm yaradılmır və hətta barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri aparatı da belə konsultativ platformaya sahib deyil”.

“Və bu da bərabərlik siyasəti sahhəsində vəziyyətin pisləşməsi fonunda baş verir. Dini və etnik zəmində münaqişələr baş verir, biz aqressiv şovinist hərəkatları və qruplaşmaları görürük, regionda sosial infrastruktur ildən ilə inkişaf etmir”, – Mikeladze deyir.

Vətəndaş sektorunun və icma mərkəzlərinin rolu 

Regionda baş verən dəyişikliklər haqda danışarkən, hamı yekdilliklə qeyri-hökumət sektorunun apardığı işi qeyd edir.

“1+4” proqramı üzrə Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olan Şükür Əliyev xatırlayır ki, onun sinif yoldaşları və ümumiyyətlə azərbaycanlı uşaqlar ali məktəblərdə hansı fakültələrin olması və peşə seçimini necə etməli olduqları haqda belə məluumatsız olublar:

“Kəndlərdə yaşayan milli azlıqlar informasiya vakuumundadırlar və əgər qeyri-hökumət təşkilatları olmasaydı, vəziyyət daha pis olardı. Onlar bütün mövzular üzrə bizə informasiya verirlər. Onların sayəsində mən özümü inkişaf etdirmişəm və mənim nə ilə məşğul olmaq istədiyimi anlamağım üçün çox vaxt lazım oldu”.

Bu gün Şükür bir neçə beynəlxalq təşkilatda işləyir.

“Qeyri hökumət təşkilatlarının rolu vətəndaş fəallığı sahəsində həlledici olub. Qeyri-dövlət sektoru tam informasiya vakuumuna gəlib və əhaliyə başa salıb ki, hakimiyyəti tənqid etmək olar. Bu, regionda tənqidi düşüncənin inkişafına əhəmiyyətli dərəcədə impuls verib”, – Kamran Məmmədli deyir.

Dəyişikliklər ləngdir, amma əhəmiyyətlidir – azərbaycanlı icmasını təmsil edən Vətəndaş İştirakı və Fəallığı Mərkəzinin (CEAC) rəhbəri Raşan Ziyadəliyev deyir.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan etnik azərbaycanlılar vətəndaş aktivliyi baxımından passiv olublar və həmişə seçkilərdə iqtidar partiyasını dəstəkləyiblər, bunun günahı da onların məlumatsız oolmasında olub:

“10-20 il əvvəl Kvemo Kartli regionunda yerli media olmayıb və yerli sakinlər gürcü dilini bilməyib. İndi burada beş-altı azərbaycandilli media qurumu fəaliyyət göstərir ki, bu da əhalinin məlumatlılığına çox müsbət təsir göstərir. Müvafiq olaraq, biz artıq görürük ki, etnik azərbaycanlılarökədə baş verən müxtəlif proseslərdə öz fikirlərini daha fəal ifadə edirlər, o cümlədən də regionda diskriminasiya haqda fəal danışırlar”, – o deyir.

Region əhalisinin xoşlarına gəlməyən şeylərə qarşı getdikcə daha çox etiraz etdiklərini misal olaraq göstəmək mümkündür. Məsələn, ağır iqtisadi vəziyyətə və ya örüş yerləri ilə bağlı yaranmış problemlərə qarşı etiraz aksiyaları keçirilir. 2021-ci ildə Marneuli əhalisinin bir hissəsi Gürcüstana qayıdan və həbs olunan eks-prezident Saakaşvilini dəstəkləyib.

Yerli gənclərin əsas toplaşma yeri icma mərkəzləridir.

Bu, şəhər və kəndlərdə müxtəlif icma təşkilatlarının və ya fəalların təşəbbüsü ilə abadlaşdırılan məkanlardır.

Burada gənclər toplaşır – kitab oxuyur, müxtəlif mövzuları müzakirə edir, təcrübələrini və biliklərini bölüşürlər.

İcma mərkəzlərinin yaradılması təcrübəsi Marneuli şəhərində başlayıb və tədricən Kvemo Kartlinin çox sayda müxtəlif kəndlərinə yayılıb.

Vətəndaş cəmiyyəti fəalları icma mərkəzində şagirdlərlə məşğələ aparırlar. Bolnisi rayonu Darbazi kəndi, Gürcüstan. Foto: Favid Pipia, JAmnews

“İcma mərkəzləri öz növbələrində pozitiv inqilab həyata keçiriblər. Marneuli bu mənada, məsələn, Dmanisi və Bolnisidən daha çox inkişaf edib. Buna görə biz indi yeni istiqamətlərdə işləməyə çalışırıq. Məsələn, biz bu yaxınlarda Dmanisidə Covid-19 virusuna qarşı vaksinasiyaya dəstək kampaniyası başlatmışıq və nəticədə 300 nəfərə yaxın adam peyvənd vurdurub”, – icma mərkəzlərində dezinformasiya mməsələləri üzrə gənclərə təlimlər keçən Şükür Əliyev deyir.

“Bu məkanlar alternativ təhsil roluna adaptasiya olunub, hansı ki, həm dövlət məktəblərindən, həm də qeyri-hökumət təşkilatlarının qısa, bir saatlıq, üzdən görüşlərindən fərqlənir. Bu, məktəb və qeyri-formal təhsil sintezidir və çox yaxşı nəticələr verib”, – Kamran Məmmədli bildirib.

Əsas maneələr

Amma icmada hələ çox problemlər qalmaqdadır və onlar bu gün sosial fəal gənclərin gələcəyi üçün maneədir.

“Amma gürcü dilini bilmək yetərli deyil”, – Ceyhun Məhəmmədəli deyir. – “Çoxları dili bilir, amma müəyyən baryeri aşa bilmirlər. diskriminativ yanaşmalar var və biz etnik azlıqları yüksək vəzifələrdə, o cümlədən də siyasətdə görmürük”.

“Gürcüstanın azərbaycanlı icması üçün və ya ən azı gənclər üçün inteqrasiya prosesi başa çatıb. Onlar artıq inteqrasiya ediblər, Gürcüstan onların vətənidir. İndi bizim başqa problemimiz var – ictimai etiraf. Bu, hələ də problem olaraq qalır”, – Kamran Məmmədli deyir.

“Cəmiyyət tərəfindən divar var, sizə deyir ki, siz iş ala bilməzsiz və siain torpaq sahibi olmaq hüququnuz yoxdur. Siz meri tənqid edə bilməzsiz, çünki biz alışmışıq ki, siz susursuz və heç yerdə sizin fikrinizi soruşmuruq. Ümumiyyətlə, siz bizə minnətdar olmalısız ki, sizin ödəniş etməli olduğunuz “1+4” proqramınız var. Etnik azərbaycanlı gənclər inteqrasiyaya hazırdır, amma Gürcüstan cəmiyyəti hazırdırmı?” – “Sosial Ədalət Mərkəzi” QHT-ın siyasi bərabərlik proqramının direktoru Tamta Mikeladze deyir.

Onun sözlərinə görə, “etnik azlıqların məşğulluq səviyyısi çox aşağıdır. Əsasən onların məşğulluq sahəsi ancaq məktəblərdir. Üstəlik milli azlıqların parlamentdə, icra hakimiyyətində və hətta etnik azlıqların çoxluq təkil etdiyi yerli özünüidarə orqanlarında da siyasi təmsilçiliyi də çox aşağıdır”.

Onun sözlərinə görə, bu mənada mənzərə həyəcanvericidir. Əhalinin 96,4 faizi etnik azərbaycanlılardan ibarət olan Marneuli bələdiyyəsində meriya əməkdaşlarının ancaq 36 faizi etnik azlıq təmsilçisidir. Dmanisidə onların sayı 21,5, Bolnisidə isə 14 faiz təşkil edir.

Marneuli şəhərində icma radiosunun studiyası, Gürcüstan. Foto: David Pipia, JAmnews

Problemlər haqda danışarkək, Vətəndaş Fəallığı Mərkəzinin rəhbəri Raşan Ziyadəliyev qeyd edir ki, əsas problemlərdən biri etnik azərbaycanlıların məktəbəqədər təhsilə çox az cəlb olunmalarıdır.

BMT Fondunun apardığı sorğuya əsasən, 2019-cu ildə Dmanisi bələdiyyəsindəki məktəbəqədər təhsil müəssisələrdə etnik azərbaycanlı uşaqlar cəmi 26 faiz təşkil edir, baxmayaraq ki, bu regionda əhalinin böyük əksəriyyəti azərbaycanlılardan ibarərdir.

“Milli azlıqların vətəndaş inteqrasiyası ilə bağlı hələ çox problemlər var, amma mən çox pozitiv köklənmişəm, çünki on beş il əvvəlki vəziyyətlə müqayisədə böyük inkişaf görürəm”, – Ziyadəliyev deyir.

“Bizim təcrübəmiz yoxdur. Bizim necə davranmalı olduğumuzla bağlı təlimatları biz özümüz yaradırıq. Mən özümdən böyük nəslə tez-tez deyirəm ki, onlar heç nə etməyiblər, heç nə ilə bağlı öz fikirlərini bildirməyiblər, Mən əminəm ki, növbəti nəslin bizə bu cür iradları olmayacaq, çünki biz həqiqətən də nə isə edirik”, – Aytac Xəlilli deyir.

“Mediaşəbəkə”nin dəstəyilə
Ana səhifəSosialGürcüstanda azərbaycanlı gənclər – susmayan nəsil