Altay Göyüşov: “Biz nəticələri təxminən bir ildən sonra görəcəyik”
Avropa Birliyinin Gürcüstan və Ukraynaya viza rejimini ləğv etməsi Azərbaycan cəmiyyətində maraqla qarşılandı, qərara media və sosial şəbəkələrdə suallarla dolu müxtəlif yanaşmalar sərgilənir. Azərbaycan niyə prosesdən geri qalır, səbəblər nədir, ölkəmiz hansı qazancı çıxardacaq bu qərardan, qərar Rusiyanın Ukrayna və Gürcüstanda yaratdığı münaqişələrə təsir edəcəkmi… Suallar yetərincə olsa da, ReAL İdarə Heyətinin üzvü, siyasi şərhçi Altay Göyüşovla söhbətimizdə məsələlərə müəyyən qədər aydınlıq gətirməyə çalışdıq.
– Altay müəllim, Avropa Birliyi Gürcüstan və Ukraynaya viza rejimini ləğv etdi. Qərar Azərbaycan mətbuatında və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Məsələyə müsbət və mənfi yanaşanlar var, birinci baxış aydındır, amma ikinci yanaşmanı sərgiləyənlər hesab edir ki, kasıb ukraynalı, gürcü bu qərardan heç də yararlanmaycaq, daha çox təhsil almaq istəyənlərə, iş adamlarına, məmurlara sərfəli olacaq. Siz bu barədə nə deyə bilərsiniz?
– Bu, tamamilə qeyri-düzgün qiymətləndirmədir. Viza rejiminin hər iki ölkə üçün götürülməsi həmin dövlətlərin vətəndaşlarına Avropaya rahat gedib-gəlmək imkanları yaradır. Bəli, oxumaq istəyən gənclərə çox böyük dəstək olacaq. Məsələn, ötən il Azərbaycandan İtaliya universitetlərinə gənclər qəbul olmuşdular, ancaq viza ala bilmədilər. Yaxud İspaniya universitetlərinə qəbul olan gənclər vardı, onlar Bakıda viza ala bilmədiklərindən məcbur olub Türkiyəyə üz tutdular. Avropaya inteqrasiya nöqteyi-nəzərindən məlum qərar Ukrayna və Gürcüstan gənclərinə çox böyük dəstək olacaq. İkinci amil iş təcrübəsi inteqrasiyasıdır, ötən əsrin 80-90-cı illərində Şərqi Avropa ölkələri ilə Qərbi Avropa ölkələri arasında viza rejimləri götürüləndə müəyyın dərəcədə təcrübələrin öyrənilməsi baxımından xeyli insan Qərbə getdi. Bu, o demək deyil ki, hamı birdən Avropaya gedir. Sadəcə, təcrübə mübadiləsi nöqteyi-nəzərindən vizanın götürülməsi çox vacib amildir. Məsələn, həmin illərdə polşalılar Almaniyaya üz tutdu, təcrübəni öyrənəndən sonra bu ölkənin texnologiyasını da öz ölkələrinə gətirdilər. Hətta Türkiyə də Avropa Birliyi ilə razılıq əldə etdi, baş nazir Davudoğlunun Brüsselə səfərini xatırlayırsınız. Əgər viza rejiminin götürülməsi lazımsızdırsa, Ankara heç buna getməzdi. Bir daha təkrar edirəm. Avropa Birliyi ilə viza rejimin götürülməsinin inteqrasiya nöqteyi-nəzərindən Ukrayna və Gürcüstana çox böyük köməyi olacaq. Həm də nəzərə alın ki, yalnız viza götürülmür, başqa məsələlər də var, misal üçün ərzaq və istifadə olunan tikinti materiallarında standartların qəbulu. Bununla Gürcüstanın və Ukraynanın təhsilində, ticarətində, məişətində standartlar daha yüksək səviyyəyə çatacaq. Biz nəticələri təxminən bir ildən sonra görəcəyik.
–
Viza qadağasının aradan qaldırılması Abxaziya, Osetiya, Donbas, Krım separatizminə təsir edəcəkmi?
–
Donbas və Krım məsələsi bir az ağırdır. Amma Gürcüstandakı münaqişələr fərqlidir. Gürcüstanla Abxaziya və Osetiya arasında gediş-gəliş var, bu təmasın saxlanılması o deməkdir ki, turizm inkişaf edə bilər. Sovet dövründə Abxaziya kurort mərkəzlərindən sayılırdı, indi həmin məkanlar dağıdılıb, xarabalığa çevrilib və Rusiyanın da ora investisiya qoymaq imkanı yoxdur. Faktiki mühasirə vəziyyətindədirlər, həm də Kreml heç Krımı inkişaf etdirə bilmir. Deməli, gürcü Avropaya vizasız gedəndən sonra bu osetin və abxaz üçün də cəlbedici olacaq. Dünənə qədər rus pasportu almaq üçün mübarizə aparırdısa, bu gün gürcü pasportuyla Avropaya gedəcək. Əsrin əvvəlində abxazlar və osetinlər Kremlə ona görə meylli idilər ki, onlar Rusiyayla inkişaf edəcəklərini düşünürdülər, nəinki kiçik Gürcüstanla. Bundan sonra Avropaya inteqrasiya edən kiçik Gürcüstan daha cəlbedici olursa, bu, orta və uzun müddətdə Abxaziya və Osetiyaya öz təsirini göstərəcək. Buna şübhəniz olmasın.
–
Məlum qərardan sonra ironik sual da gündəmə gətirilir, təxminən belə: Avropa Oyunlarını Azərbaycan keçirdi, amma vizasız gediş-gəlişi Gürcüstana verdilər. Siz necə düşünürsünüz?
– Azərbaycanla vizanın ləğvi Avropanın mənafeyinə uyğun idi. Səbəb də odur ki, Azərbaycan əhalisi qonşularıyla müqayisədə nisbətən varlıdır və bizimkilərin ora getməsi Avropa üçün elə də problem yaratmır. Amma rəsmi Bakı bu maddi imkanlardan adekvat yararlana bilmədi. Həm maddi imkanların əhali arasında paylanılması, həm də iqtisadiyyatımızdakı korrupsiya nöqteyi-nəzərindən Bakı yararlana da bilməzdi. İnsan haqlarının tapdanması istiqamətində baş verənlər də Azərbaycanın inteqrasiyadan kənarda qalmasıyla nəticələndi. Nəhayət, Azərbaycanı idarə edənlərin də bunu istəmədiyini nəzərə alın. Axı Avropaya inteqrasiya Avropa standartlarının, məsələn, biznes sahəsindəki qaydaların və qanunların ölkəyə gəlməsi deməkdir. Bu isə korrupsiyanın aşağı düşməsinə gətirəcək. Viza məsələsini kənara qoyaq, Dünya Ticarət Təşkilatı, Azərbaycan Ermənistandan, Qazaxıstandan və Rusiyadan fərqli olaraq hələ quruma üzv olmayıb. Artıq İran Dünya Ticarət Təşkilatına üzv olmaq istiqamətində danışıqlara başlayır. Amma rəsmi Bakı danışıqları maksimum dərəcədə uzadır. Çünki təşkilata üzv olmaq gömrük və vergidə korrupsiyanın qarşısını alacaq nizamlamaların gətirilməsi deməkdir. Rəsmi Bakıya bu sərf etmədiyindən inteqrasiyadan kənarda qalıb. Nəticədə hökumətin cib maraqları Azərbaycan xalqını və dövlətini inteqrasiyadan kənarda saxlayıb.
–
Neftin qiymətinin ucuzlaşması, FED-nin qərarı və nəhayət, Konqresin Helsinki Komitəsində sanksiyalar məsələsinin gündəmə gəlməsi Bakını güzəştlərə vadar edə bilərmi?
– Neftin qiymətinin enməsi Azərbaycan hökumətini kifayət qədər ağır duruma salıb. Çünki hökumət neft gəlirləri hesabına islahatlar aparmadan müəyyən sosial ayırmalarla cəmiyyəti saxlaya bilib. Adətən, ölkə, dövlət o zaman varlanır ki, vətəndaşlar da varlanır, iqtisadi imkanların artması ilə cəmiyyətin və dövlətin varlanmasına start verilir. Bizdə isə situasiya belə oldu: dövlət və onu idarə edənlər varlıdır, amma bu varlılığın adi vətəndaşlara təsiri yox idi. İndi varlı olan dövlətin imkanları aşağı düşüb. Hətta insanlara o imkanlar yaradılmadı ki, normal şəkildə bizneslə məşğul olub, vergi ödəməklə ölkənin əvvəlki durumunda qalmasına kömək etsinlər. Nəticədə hökumətin vəziyyəti getdikcə pisləşəcək və xaricdən kredit götürmək imkanları da yoxdur, çünki hökumətə inanmırlar. İnamsızlığın səbəbi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, islahatlar keçirməməsidir. Adi bir misal, kredit verəndə onu qaytarmaq imkanları da araşdırılır, əvvəl neftin hesabına qaytaracaqlarını düşünürdülər, indi isə neftin qiyməti ucuzlaşır, gəlirlər də azalır. Və baxırlar, insanların vergi ödəmək imkanları necədir, görürlər ki, yoxdur. Normal hökumət insanlar üçün iqtisadi fəaliyyət imkanları yaradır, kiçik və orta biznes şəraitini genişləndirir, bununla vətəndaşlar vergi ödəyir. Amma hökumətin son addımları-cərimələri artırmaqları adekvat yanaşmanın olmadığını göstərir. Halbuki, monopoliyalar aradan qaldırılmalı və insanlara qazanmağa imkan yaradılmalıdır. Biz çox əcaib situasiyaya gəlib çıxmışıq, yəni hökumət də, insanlar da başa düşür ki, islahata getmək vacibdir. Ancaq ya vəlvələdən, ya zəlzələdən hökumət islahata gedə bilmir. Bəlkə hökumət getmək istəyir, amma gedə bilmir. Çünki islahatlar iqtidarın maddi imkanları və hakimiyyəti üçün ciddi problemlər sayılır. Məntiqsiz durum yaranıb: Azərbaycan xalqının maddi inkişafı, iqtisadi imkanlarının genişlənməsi hökumətin maraqlarına ziddir. Bu mənada hökumətin islahatlara gedib-getməməsi sualına qəti cavab verə bilməyəcəm. Bir şey aydındır, hökumət adekvat addım atmayana qədər kənardan təzyiqlər dıə güclənir. Yaxın gələcək üçün proqnoz verə bilməyəcəm, amma islahatlar olmadıqca, ölkədə vəziyyət tədricən pisləşəcək. Vəziyyətin pisləşməsi hökuməti islahatlara vadar edə biləcəyini deyə bilmərəm. Səbəb də odur ki, hökumət məntiqlə yol gedə bilmir.
–
Avropa Birliyinin Ukrayna və Gürcüstana viza rejimini ləğv etməsinin Azərbaycana müsbət təsiri olacaqmı?
– Əlbəttə. Çünki biz eyni coğrafi məkandayıq və bağlılığımız Cənubi Qafqaz respublikaları ilə olub. Cənubi Qafqaz respublikalarındakı dəyişikliklər Azərbaycana daha çox təsir edib, nəinki İranda, yaxud başqa ölkələrdə olan dəyişikliklər. Gürcüstan özü-özlüyündə cəlbedici modelə çevriləcək. Əslində, Azərbaycan belə bir modelə çevrilmək imkanlarına malik idi, təəssüf ki, itirdik. Adi bir misal, Avropa Oyunları keçirdik, düşünürdük ki, turistlərin sayı artacaq, amma qonşu Gürcüstan daha çox turist qəbul etdi. Səbəb odur ki, monopoliyanı aradan qaldırıb turizmin inkişafı üçün biznes şəraiti yaradırlar. Nəticədə təyyarə biletləri, hotellər ucuz, servis Türkiyədə olduğu səviyyədə olmasa da tədricən yaxşılaşır. Bizdə vəziyyət necədir, ötən il Oğuz rayonuna getmişdim, höteldə gecəsi 200 manatdır, bu, dəhşətlidir. Yaxud çimərlik, Sumqayıt kimi şəhərdə hotel yoxdur, halbuki şəhər dəniz kənarındadır. Gürcüstanda isə insanlar öz evlərini kiçik hotellər kimi kirayəyə verir, motellər yaradılır. Dövlət şərait yaradır, vergini artırmır və s. Dəhşətli hadisə odur ki, neft bumu dövründə kənd təsərrüfatı sıradan çıxarıldı və aqrar sektorun ayağa qaldırılması imkanları yoxdur. Məsələn, hökumət OXSFAM-ın üstünə düşmüşdü, halbuki, OXSFAM bəzi rayonlarda farel yetişdirmək üçün göllər yaratmışdı ki, bu, yerli biznesə imkan verirdi. Bir ölkədə investisiya mühiti, daxili biznesin inkişafı üçün şərait olmadıqda və ardınca gəlir mənbəyi olan neft də ucuzlaşırsa, gələcək heç də yaxşı deyil. Gürcüstan isə Batumi və tarixi abidələri ilə turistləri cəlb edir. Bu gedişat istər-istəməz bizə bir nümunə kimi təsirini göstərəcək.