Artıq sual sormayıb, sifarişi ləğv etdik və yolumuzu tutduq başqa kafeyə. Təəccüblü olsa da, digər kafelərdə də eyni vəziyyət yaşandı. Spirtli içki içməyə, özünlə gətirməyə, masaya qoymağa icazə vermirdilər. Tələbə yoldaşım yeməkxana sahiblərindən bu qadağanın yuxarıdan gəldiyini soruşduqda, kafe administratorları bir nəfər kimi israr etdilər, dedilər yox, öz təşəbbüsləridir. Sonuncu kafe administratoru isə ümümiyyətlə dedi ki, “siz nə danışırsız, nə içki, belə gündə adam içər? Mənim boğazımdan heç yemək keçmir. Hüzün, kədər məni boğur, səhərdən bir istəkan çay da içməmişəm”.
Bu dəfə də artıq yazının yarısını tamamlamışdım ki, istedadlı Gündüz Ağayevin yaratdığı “Neftçilərin ruhu” karikaturası halımı təlx etdi.
Rəsmə baxdıqca Alfred Hiçkokun filmlərinin, Stiven Kinqin kitablarının daşıdığı qorxudan betər vahimə dalğası örtürdü məni. Soyuq bir üşütmə yayılırdı qəlbimə. Adamın əti ürpəşirdi.
Şəkilə baxıb düşündükcə, bir çox hisslər doğulur ürəklərdə, qəlblərdə. Yalnız bir şey dəqiqdir ki, faciədən xəbəri olanların bu rəsmə baxıb, biganə qalması mümkünsüzdür. Güman ki, bu yalnız iki halda mümkündür. Gərək, insan ya ölü olsun, ya da manqurt.
Sözü gedən karikatura virtual aləmdə geniş müzakirəyə şərait yaratdı. Həmişə olduğu kimi, yenə fikir ayrılığı yarandı. Döyüşənlər bölündü iki cəbhəyə . Dənizdən itkin düşmüş neftçilərin ruhu ilə birlikdə sahilə baxanlara və atəşfəşanlıq zamanı “salyut” altında sahildən Xəzəri seyr edənlərə….
Rəsmin müəllifi hardan biləydi ki, bu yazını başlamazdan əvvəl, yarım saat Şiva pozasında meditasiya etmişdim ki, motivasiyam olsun, pozitiv fikirlə əhatə olunum, yazıma sevinc, şadlıq çalarları qatım ki, təki neqativlik dadı üzləri büzməsin.
Amma neylək, Gündüz bəyin rəsmindən sonra, tanrının sanki bu yazı üçün beynimin zirzəmisində tədarük etdiyi bir hadisəni xatırladım.
2003-ci il dekabırın 15-də tələbə yoldaşımla birlikdə, şaxtalı şəhərin süküt çökmüş, lallaşmış küçələri ilə üzü Lenin sarayına tərəf aramla addımlayırdıq. Tələsən yerimiz yox idi. Universitetdən bizi həmin gün tez buraxmışdılar. Tələbələrin dərslərdən həmişəki vaxtından tez azad olmasının, boş küçələrin, şəhəri örtən tənhalığın səbəbi, xalqımızın prezident Heydər Əliyevlə vidalaşması idi. Dekabırın 12-də Klivlentdə dünyasını dəyişmiş prezidentlə Lenin sarayında vida mərasimi keçirilirdi. Şəhərin mərkəzində avtobuslar işləmirdi. Bakı iflic olmuşdu.
Tələbə yoldaşım 28 Mayda kafelərdən birinə gedib, nahar etməyimizi məsləhət gördü. Çox fikirləşməyib, qabağımıza çıxan ilk yeməkxanaya keçdik. İçəridə demək olar ki, boşluq idi. Bizdən savayı cəmi bir-iki masada müştəri vardı. Kasıb malı, ucuz kafelərdə adətən geniş menyu olmadığından, cəld sifarişimizi deyib, artıq uzaqlaşan ofisiantdan araq gətirməyi də xahiş etdik. Ofisiant bir-iki saniyəlik yerində donub, qaldı. Sonra yaxınlaşıb pıçıldadı ki, spirtli içki bu gün verilmir.
Məsələni aydınlaşdırmaqdan ötrü kafenin administratorunu çağıtdırdıq, o da təmkinlə, bir az da utanaraq içkinin olmayacağını təsdiqlədi. Səbəbin soruşduq, qısaca dedi ki, “bu gün mərhum prezidentimizi torpağa tapşırırıq”.
Artıq sual sormayıb, sifarişi ləğv etdik və yolumuzu tutduq başqa kafeyə. Təəccüblü olsa da, digər kafelərdə də eyni vəziyyət yaşandı. Spirtli içki içməyə, özünlə gətirməyə, masaya qoymağa icazə vermirdilər. Tələbə yoldaşım yeməkxana sahiblərindən bu qadağanın yuxarıdan gəldiyini soruşduqda, kafe administratorları bir nəfər kimi israr etdilər, dedilər yox, öz təşəbbüsləridir. Sonuncu kafe administratoru isə ümümiyyətlə dedi ki, “siz nə danışırsız, nə içki, belə gündə adam içər? Mənim boğazımdan heç yemək keçmir. Hüzün, kədər məni boğur, səhərdən bir istəkan çay da içməmişəm”.
Lakin həmən gün tanrı cibiboş, mədəsi ac tələbələrin başı üzərində idi. Piyada gəlib çıxdıq Baksovet metrosunun yanına. O zaman oralarda xırda bir aşbazxana var idi. Yaşlı aşbaz dadlı kotlet, kortof qızartdı bizim üçün, yarım litr arağı da qoydu süfrəmizə ki, vurun, kef edin, mən tələbələri həmişə dəstəkləmişəm. Arada özü də gəlib biznən “əlli” atdı. Beləcə yeyib-içib, keflənib-yellənərək həmən aşbazxanadan çıxıb yolandıq üzü bulvara tərəf. Xalqımız isə, həmin vaxt sıra ilə düzülüb, mərhum prezidenti haqq dünyasına yola salırdı.
O gündən sonra şəhərdə çadırlara, ehsan süfrələrinə çox rast gəlinirdi. Elə qəsəbələrdə, rayonlarda adi insanlar çadır qurur, süfrə açır, qohum-qonşunu, yoldan keçəni mərhum prezidentin ruhuna açılmış ehsan süfrələrinə dəvət edirdilər. Bir qonşumuz var idi, yeməyə çorəyi gücnən tapırdı. O da min əziyyətnən cümə axşamlarından birində aş bişitdirib, qonşuları qonaq etmişdi. Demişdi ki, bəs yaxşı deyil, xalqı bəladan qurtarıb, ölkədə əmin-amanlıq yaradıb, mən də bir vətəndaş kimi öz borcumu qaytarmalıyam.
Nə isə, qayıdaq Gündüz bəyin karikaturasına. Əslində, bayram gecəsi həmişə olduğu kimi, mən yenə də on ikiyə qədər səbr eləməyib, yatdım. Rəssamın isə hara vurduğu aydındır. Məsələ “salyut”u seyr etməkdən getmir axı. Burada söhbət milli mənlikdə, xalq həmrəyliyində, cəmiyyət kimi formalaşmamığımızdadır. Biz həmrəy ola bilmirik, yumruq olmağı bacarmırıq, həmrəyliyimiz, birliyimiz, yalnız hamamda və Qarabağ futbol klubunun oyunlarında olur ki, o da adətən 80 dəqiqə davam edir.
Bu ölkədə insanın insana hörməti yoxdur. İnsan, onun həyatı dəyərsizdir. Hətda yiyəsiz ev heyvanları daha dəyərlidir. Belə olmasaydı, bir qrup insan faceboookda Heydər Əliyev fonduna petisiya imzalayıb göndərməzdilər ki, kimsəsiz heyvanlar üçün sığınacaq tikək. Yazdılar, qolladılar, göndərdilər, indi də şəhərdən üzü Sahil qəsəbəsinə gedən yolda həmən sığınacaq tikilir. Yəni ən azından o insanlar yenidən yığışıb başqalarınıda imza atmağa vadar edərdilər ki, dövlət atəşfəşanlıq etməsin, ora xərclənən vəsait isə “Günəşli” faciiəsi nəticəsində itkin düşmüş insanların ailəsinə paylasın.
Eləyə bilərdik? Bilərdik! Bəlkə də dövlət bunu qəbul etməzdi. Amma biz nə vaxt bir yerə yığılıb, yazı yazdıq, qollatdıq, göndərdik ki, dövlət də onu bəyənməyib geri qaytardı?Biz, ümumiyyətlə, bir-birimizin şərinə şərik olmağı unutmuşuq. Elə hüzür məclislərində də eyni haldır. Gəlirik, gedirik, yeyirik yağlı aşdan, siyasətdən, futboldan bildik-bilmədik danışırıq, ağıllılıq edirik, sonra da hüzn və kədr maskası geyinib, başsağlığı verib, qaçırıq.
Bir vətəndaş kimi özümüzü hələ anlamamışıq. Sanki bizləri bir yerdə yaşamağa vadar edirlər. Əlbətdə, bütün günahı xalqın, millətin çiyinlərinə yıxmaq düzgün olmazdı. Dövlətin də bu məsələdə öz günah payı var. Lakin bu dövləti yedirdən, genəldən, boynumuza mindirən yenədə bizik.
Biz.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…