Məqalə
Kavkazski Uzel
saytında dərc olunub.
Gümridə bir qadının qətlində günahlandırılan 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu bazanın ərazisində yaşayır. İlkin istintaqı erməni istintaqçıları aparır, hərbçinin vəkili xəbər verib.
“Kavkazski uzel”in yazdığı kimi, dekabrın 3-nə keçən gecə Gümrinin 57 yaşlı sakini Cülyetta Qukasyan xəstəxanada vəfat edib. Rusiyanın 102-ci bazasının hərbi qulluqçusu bu qətldə şübhəli bilinərək həbs edilib. Yerli sakinlər Rusiya əsgərləri üzərində nəzarətin sərtləşdirilməsini tələb ediblər. Onlar dekabrın 14-də piket keçirərək, Rusiyanın diplomatik missiyasının nə Cülyetta Qukasyanın qətlinə, nə də Rusiyanın Gümridəki hərbi bazasının hərbi qulluqçularının əvvəlki cinayətlərinə reaksiya vermədiyini bəyan ediblər.
Erməni tərəfi hərbi qulluqçunu Rusiya tərəfə təhvil verib, o, hazırda 102-ci hərbi bazadadır və onunla bağlı istintaq işi bu ərazidə aparılır, vəkil Narine Rştuni “Kavkazski uzel”in müxbirinə deyib.
O, rus əsgərinin Rusiya tərəfə nə vaxt təhvil verildiyini dəqiqləşdirməyib.
Vəkilin sözlərinə görə, erməni tərəfi ilkin istintaqı çox fəal şəkildə aparır. Rştuni hərbi qulluqçu və cinayət işi barədə hər hansı bir məlumatı verməkdən imtina edib. Dediyinə görə, o, KİV-lə ünsiyyət üçün razılığı əvvəlcə bilavasitə müdafiə etdiyi adamdan almalıdır.
Vəkil özü ictimai müdafiəçi deyil. “Mənimlə müqaviləni ittiham olunan hərbi qulluqçunun özü bağlayıb. Məni həm 102-ci bazada, həm də Rusiya səfirliyində tanıyırlar, öz vəkillik xidmətlərimi Rusiya vətəndaşlarına dəfələrlə təklif etmişəm, ona görə də mənim vəkil olmağımda təəccüblü heç nə yoxdur”, – Rştuni qeyd edib.
O əlavə edib ki, müdafiə etdiyi şəxsə ötən həftə bir neçə dəfə baş çəkib və bunun üçün qarşısında heç bir maneə yoxdur.
Hərbi qulluqçuya qarşı sağlamlığa qəsdən ağır zərər vurması və ehtiyatsızlıqdan zərərdidənin ölümünə səbəb olması ilə bağlı ittiham irəli sürülüb. İstintaq Komitəsinin Şirak idarəsində açılan cinayət işi çərçivəsində qətlə yetirilmiş Cülyetta Qukasyanın qızı Anait Qukasyan anasının hüquqi varisi kimi tanınıb, Helsinki Vətəndaş Təşəbbüsü Təşkilatının Vanadzor ofisində “Kavkazski uzel”in müxbirinə xəbər veriblər.
Anait Qukasyanın maraqlarını vəkillər Ayk Akopyan və Araik Zalyan təmsil edir, ofisdə qeyd ediblər.
Ofis əməkdaşı əlavə edib ki, 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu, 1995-ci il təvəllüdlü A.R.-ə qarşı Ermənistan CM-nin 112-ci maddəsinin 2-ci hissəsi, 14-cü punktu üzrə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
1999-cu ildən 2015-ci ilədək Rusiya hərbçilərinin iştirakı ilə baş vermiş hadisələrdə Gümrinin 11 sakini həlak olub, “Kavkazski uzel”in “Gümri: Rusiya bazası yerli sakinləri necə məhv edib” adlı məlumatında deyilir. Ən böyük rezonansı 2015-ci il yanvarın 12-də Avetisyan ailəsinin yeddi üzvünün qətlə yetirilməsi doğurub. Bu cinayətin günahkarı, 102-ci Rusiya bazasının hərbi qulluqçusu Valeri Permyakov ömürlük həbs cəzası alıb. İstintaq zamanı Ermənistan sakinləri dəfələrlə etiraz aksiyası keçirərək, işə Rusiya hüquq mühafizəçilərinin deyil, yerli orqanların baxmasını tələb edib.