Gülümsəyin, çoxlu-çoxlu gülümsəyin

Siz zəif olmağa, uduzmağa məhkum deyilsiniz…

Source:

Keçirdiyim qəzanın üstündən bir neçə il ötmüşdü. Qəzadan sonra yaranmış fiziki məhdudiyyətimə yavaş-yavaş öyrəşirdim. Depressiyanı özümdən uzaqlaşdırmağa başlamışdım…

Bir qohumum var. Hərdən mənə dəyməyə gəlirdi. Heç bir xəstəliyi və məhdudiyyəti olmadığı halda, yanımda “şikayətnamə” qururdu. Bu, mənə çox pis təsir edirdi. Bir gün dözmədim. Ona dedim:

– 19 yaşımda qəza keçirmişəm. İşim, təhsilim, gələcəyə gözəl perspektivlərim vardı. Hamısını bir günün içində itirdim. Bunlar bir yana qalsın, ən böyük sərvətimi – sağlamlığımı itirmişəm. Sən isə əlində olanlarla yetinmirsən…

O adam utanmadan mənə cavab verdi ki:

– Sən artıq itirmisən dəəə… Mən indi özümü fikirləşirəm.

Ona daha heç nə demədim.

Öz problemlərimdən çox yazmaq istəmirəm. Əlilliyimlə bağlı çoxlu problemlərim var. Stress keçirirəm. Qayğılarım çoxdur. Amma çox şükür, inamım və prinsiplərim bu qayğı, stress, problemlərdən daha çoxdur.

Ölkəmizdə insanlar arasında çox ağır təzyiq var. Bunun kökü gedib sosial problemlərə çıxır. Sosial problemlərin olduğu yerdə isə çox təbii olaraq psixoloji problemlər meydan sulayır. Bunlar öz-özünə yaranan şeylər deyil. Diqqətlə və aydın nəzərlərlə baxsaq, probləmlərin nüvəsinin cahillik və geridəqalmışlıq olduğunu görəcəyik.

Dünya çapında bizim ölkəni çox yaxşı tanımırlar, ya da, ümumiyyətlə, tanımırlar. Tanınmağımız üçün cəmiyyətimiz bir nömrəli cəmiyyət olmalıdır.Özümüzü kəşf etməliyik. Cəmiyyətə stimul verən ən böyük amillər isə, savad-təhsil, mədəniyyət və birlikdir. Bunlar hamısı bizdə defisitdir.

Cahil cəmiyyətlər həmişə xaraktercə zəif olmağa məhkumdurlar. Onlar hər irili-xırdalı problemə dözümsüzlük göstərərək, ətrafa mənfi enerji püskürürlər. Mən qəbul edirəm ki, ortada əlverişli münbit şərait və resurslar yoxdur. Amma insanı insan edən şəxsiyyət və xarakteri məhz belə çətin vəziyyətlərdə inkişaf elətdirib gücləndirmək olar.

Deyəcəksiniz ki, yazmaq, demək, məsləhət vermək ən asan işdir. Sizdən xahiş edirəm, lütfən hər şeyə şübhə, qərəz və istehza ilə baxmayın. Siz zəif olmağa, uduzmağa və pis bir cəmiyyətin üzvü olmağa məhkum deyilsiniz. İnanın, məhz bu gündən qarşınıza məqsəd və prinsip qoyub, özünüzü dəyişdirə bilərsiniz.

Xəsislik, qəzəb, comərdlik və şəhvət kimi müxtəlif qüvvələrlə birlikdə yaradılan insan, bu xüsusiyyətlərinə və orta yola nəzarət etdiyi müddətdə özünü inkişaf etdirir, kamilləşir. Qəzəblənərək, hirsinizə məğlub olmayın. Bu çox vacib məqamdır. Hətta peyğəmbərimiz də söyləyib ki, “İnsanlar arasında ən güclü olanı əsəbiləşdiyi halda, özünə hakim olub, əsəblərini cilovlayan insandır.”

Dünyanın ən inkişaf etmiş Avropa ölkələrinə bir çoxumuz qibtə ilə baxır və ordakı kimi ədalətli, mədəni və güclü cəmiyyətdə yaşamaq istəyirik. Avropanı gəzən bir çox insanlar ordakı vətəndaşların necə gülərüz, yardımsevər və ədalətli insanlar olduqlarını bilirlər. Hətta televizorda gizli kamera zarafatları zamanı insanların zarafatlara necə xoş reaksiya verdiklərini və ölkəmizdə ən azı yumruq-təpiklə bitəcək zarafatlara heç bir əsəb, aqresiya nümayiş etdirmirlər.

Unutmayaq ki, nəzarət edilməyən və nizamından çıxmış qəzəb həm insanın özünə həm də cəmiyyətə zərər verir. Qəzəb ağıla, əxlaqa cəmiyyətin birliyinə, sosial həyata və ən əsası bizdə olmayan qardaşlığa böyük zərər yetirir. İctimai sabitliyin və etibarın yüksək olduğu, ədalətli, sivil cəmiyyət olmaq istəyiriksə əsəblərimizə nəzarət etməliyik!

Çıxış yolu isə “hər çətinlikdən sonra, bir asanlıq gəlir” prinsipi ilə yaşamaq. Yerli-yersiz hər yerdə şikayət etməyi buraxmaq, tənbəlliyi buraxaraq, problemləri müstəqil şəkildə çözməyə çalışmaq, dünya görüşünüzü artıran və hər oxuduqca sanki oxuyana dünyanı səyahət etdirən kitablar oxumaq, başqalarının səhvlərini araşdırmamaq, pis vərdişlərdən uzaqlaşaraq, özümüzə gündəlik proqram qurmaq və ən əsası problemlərə rəğmən inanaraq, ətrafımızdakılara və özümüzə müsbət enerji verən təbəssüm etmək lazımdır.

Ana səhifəMənim FikrimcəGülümsəyin, çoxlu-çoxlu gülümsəyin