“Heç bir hüquqi statusu olmayan sənədlə mənə qarşı cinayət işi başlanıb”
Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı böhtan ittihamı üzrə məhkəmə prosesi davam edir.
Dekabrın 16-da keçirilən məhkəmə iclasında Gültəkin Hacıbəyli tələb edib ki, onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırıb, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını tələb edən Leyla Arif şəxsən özü məhkəmədə iştirak etsin.
Gültəkin Hacıbəylinin vəkili Aqil Layıc bildirib ki, şərəf və ləyaqətin müdafiəsilə bağlı işlərdə qanun da xüsusi ittihamçının özünün iştirakını tələb edir, nümayəndənin iştirakı yetərli hesab olunmur.
Leyla Arifin nümayəndəsi və vəkili isə bildirib ki, o, xüsusi ittihamçını təmsil edir, özünün gəlməsinə ehtiyac yoxdur.
Leyla Arifin Türkiyədə yaşadığı bildirilir.
Məhkəmə Gültəkin Hacıbəylinin vəsatətini baxılmamış saxlayıb.
Siyasətçinin vəkili bu iddianın icraata götürülməsinin qanunsuz olduğunu vurğulayaraq, bütövlükdə Nəsimi Rayon Məhkəməsinə etiraz verib.
Vəkil Aqil Layıc bildirib kil, prosessual qanunvericilikdə xüsusi ittiham qaydasında iddia qaldırılarkən məhkəməyə hansı sənədlərin təqdim olunması konkret göstərilib. Şikayətə səbəb olan çıxış və ya yazının əsli, yaxud da notarial qaydada təsdiqlənmiş surəti təqdim olunmalıdır. “Facebook”da hansı statusun altında mübahisə gedibsə, həmin statusu müəllif sonradan silib. Yəni iddia edilən şərh də ortada yoxdur.
“Heç bir hüquqi statusu olmayan sənədlə mənə qarşı cinayət işi başlanıb”, – Gültəkin Hacıbəyli bildirib.
Vəkil onu da əlavə edib ki, bu məsələdə qanunun ərazi aidiyyəti tələbi də pozulub. Çünki iddia olunan cinayətin harada baş verdiyi məlum deyil. Yəni sözügedən statusu Fuad Cəlilov adlı “Facebook” istifadəçisi paylaşıb və sonradan silib. Onun isə həmin statusu hansı ərazidən paylaşdığı – iddia edilən cinayətin harada baş verdiyi məlum deyil.
Gültəkin Hacıbəyli vurğulayıb ki, Nəsimi Rayon Məhkəməsində indiyədək onun özünə və övladına münasibətdə dəfələrlə qanunsuz və əsassız qərarlar çıxarılıb. Qərarlar o qədər əsassız olub ki, hətta yuxarı instansiya məhkəmələri onları ləğv edib. Həmin qərarlar nəticəsində övladının təhsil hüququ pozulub, əmlakına ziyan dəyib və s. Budəfəki məhkəmədən də ədalətli nəticə gözləmədiyini deyən Gültəkin Hacıbəyli xatırladıb ki, hakim Elməddin Hüseynovun əlində Dövlət Sərhəd Xidmətindən arayış olub. Həmin arayışda onun sentyabrın 3-dən ölkədə olmadığı yazılıb. Həmçinin evinə göndərilən məhkəmə bildirişlərinin ona çatmadığı da məhkəməyə məlum olub. Buna baxmayaraq, ondan xəbərsiz iş icraata götürülüb, 5 dəfə məhkəmə iclası keçirilib.
Xüsusi ittihamçı Leyla Arifin vəkili və nümayəndəsi də 5 dəfə məhkəmə iclası keçirildiyini təsdiqləyib.
Gültəkin Hacıbəyli və vəkili bütövlükdə Nəsimi Rayon Məhkəməsinə etiraz etdiyinə görə bu etiraza Bakı Apelyasiya Məhkəməsi baxıb qərar verəcək.
Leyla Arif iddia edir ki, Gültəkin Hacıbəyli “Facebook” sosial şəbəkəsində müzakirələr zamanı onu Əlikram Hümbətovdan müsahibə aldığına görə “separatçı” adlandırıb. Bu səbəbdən də məhkəməyə müraciət edib:
“Əlikrəm Hümbətovdan intervyu götürmüşəm deyə, mənə separatist deyən adamı bir daha məhkəməyə verəcəm. Niyə tələsirsiz ki, sizləri demokrat olmağı mən öyrədəcəm!”.
Gültəkin Hacıbəyli isə bu məhkəmə işinin sifarişli olduğunu düşünür.
Gültəkin Hacıbəyli 2000-ci ildən 2010-cu ilə qədər Goranboy rayonundan millət vəkili kimi parlamentdə təmsil olunub.
O, bundan öncə də keçmiş həyat yoldaşının qohumları tərəfindən məhkəməyə verilmiş, böyük məbləğdə təzminat ödəməyə məcbur edilmişdi. Sözügedən işlərlə bağlı şikayətləri hazırda Avropa Məhkəməsinin icraatındadır.
Leyla Arifin adını çəkdiyi Əlikram Hümbətov 1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub.
1993-cü ildə özünü Talış-Muğan Muxtar Respublikasının prezidenti elan etdiyi üçün həbs edilib. Ömürlük azadlıqdan məhrum edilən Əlikram Hümbətov sonradan əfv sərəncamıyla azadlığa buraxılıb və ölədən çıxarılıb. O, eyni zamanda, Azərbaycan vətəndaşlığından da çıxarılıb.