Milli Şuranın üzvü Gültəkin Hacıbəyli öz “Facebook” hesabında yazdığına görə, noyabrın 30-na keçən gecə İstanbulda kirayədə yaşadığı evdə Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, oğluyla birlikdə olduğu vaxt hüquq-mühafizə orqanları əməkdaşlarının qapını döyərək onu bölməyə apardıqlarını bildirib.
Hacıbəyli qeyd edib ki, Türkiyəyə sentyabrın 25-də gəlib və 90 günlük vizasız qalma müddəti hələ başa çatmayıb. Bundan əlavə, iki illik yaşayış icazəsi də var. Onun iddiasına görə, saxlanılmasına heç bir hüquqi əsas göstərilməyib və proses Azərbaycan hökumətinin sorğusu əsasında həyata keçirilir:
“Əmniyyət işçilərinə sabah saat 9-da IELTS imtahanım olduğunu desəm də, görünür, sifariş çox sərt olduğu üçün imkan vermədilər”, – deyə Hacıbəyli bildirib.
AXCP funksioneri, hazırda mühacirətdə olan Fuad Qəhrəmanlı isə yayımladığı açıqlamada Hacıbəylinin bu gün, səhər saatlarında Arnavutköy deportasiya mərkəzinə aparıldığını, onunla əlaqə saxlamağın mümkün olmadığını bildirib. Qəhrəmanlının sözlərinə görə, Hacıbəylinin gün ərzində Azərbaycana deport olunacağı ehtimal edilir:
“Böyük ehtimalla Gültəkin xanım Azərbaycana göndəriləcək və hava limanından birbaşa Əli Kərimlinin həbsi üçün açılmış qondarma cinayət işi üzrə istintaqa cəlb olunacaq”, – deyə o qeyd edib.
Hazırda Türkiyə və Azərbaycan rəsmilərinin məsələ ilə bağlı açıqlaması yoxdur. Deportasiya proseduru və Hacıbəylinin vəziyyəti ilə bağlı əlavə məlumat əldə etmək mümkün olmayıb.
Dünən baş verənlərlə bağlı qısa xatırlatma
Dünən, noyabrın 29-da Əli Kərimli və bir neçə AXCP üzvünün mənzillərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində partiya lideri və funksionerləri saxlanılıblar.
Hökumət mediasında Əli Kərimlinin evində axtarışın Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı bildirilib.
AXCP rəsmi olaraq bəyanat yayaraq ittihamları təkzib edib, Əli Kərimlinin saxlanılması siyasi motivli adlandırılıb. Bəyanatda qeyd olunur ki, həbslər ölkədə siyasi fəaliyyət və vətəndaş azadlıqlarını məhdudlaşdırmaq məqsədilə aparılır.
Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı hər hansı rəsmi məlumat yayılmayıb.
Gecə saatlarında hökumətyönlü media Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barələrində aparılan araşdırma çərçivəsində DTX-da dindirildiyini yazdı.