Güllələnmiş Əhməd Əhmədov bəraət ala bilər

XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı bəyanat yayıb

Source:
Sumqayıt hadisələri
Sumqayıt hadisələri

XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı bəyanat yayıb

“Sumqayıt hadisələrinə görə təqsirləndirilən Əhməd Əhmədovun bəraət alması üçün hüquqi prosedurlara baxılacaq”.

APA yazır ki, bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.

Müstəntiq deyib ki, Əhməd Əhmədov 1989-cu ildə güllələnib: “Hüquqi prosedurlara baxılacaq. Əsas olarsa, onun bəraət alması məsələsi nəzərdən keçirilə bilər”.

Xarici İşlər Nazirliyi və Baş Prokurorluq da 1988-ci il Sumqayıt iğtişaşları ilə əlaqədar birgə bəyanat yayıb.

Sənəddə 1988-ci ildə ölkədə başlayan hadisələr təsvir edilir və qeyd olunur ki, fevralda Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.

Bəyanatda deyilir:

“Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000 nəfər təşkil edirdi və bunun təqribən 18.000-ni etnik ermənilər idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamış və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır. 1988-ci ilin 26 fevralında Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi”.

“İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olundu.

Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmiş istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi”, – bəyanatda qeyd olunur.

Sənəddə daha sonra vurğulanır ki, Baş prokurorun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnib, vahid icraatda birləşdirilib və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilib:

“Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub.

Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma meyllərini dayandırmaq, sərt repressiya metodlara əl atmağa bəraət qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olub. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi (Gürcüstan), Vilnüs (Litva) və digər ərazilərdə təşkil olunmuşdu.

Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməyib”.

Bəyanatda deyilir ki, hazırda qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərGüllələnmiş Əhməd Əhmədov bəraət ala bilər