Gül bayramının formatı dəyişir

”Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq”

Source:
foto sosial şəbəkə


”Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq”

Eks-prezident Heydər Əliyevin doğum günü ilə bağlı hər il mayın 10-da keçirilən Gül bayramı bu il təmtəraqlı təşkil olunmayacaq.

Bunu “Modern.az”-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti bildirib:

“Mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq. Hər il mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər İcra Hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi Əmək və Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq”.

Məlumatda o da bildirilir ki, builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək:

“İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar”.

2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirlmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın “Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.

Gül bayramı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsüdür.

10 may həm də gənc fəallar Qiyas İbrahimovla Bayram Məmmədovun həbs olunduğu gündür. Onlar ötən il Gül bayramı günü Heydər Əliyevin heykəlinə “Qul bayramı” yazıldıqdan sonra saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb.

Q.İbrahimov



B.Məmmədov

2016-cl ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar ittihamı qəbul etmir və həbslərini Heydər Əliyevin heykəlini yazmaqları ilə əlaqələndirirlər. Hər iki gənc siyasi məhbus kimi tanınır.

Ana səhifəXəbərlərGül bayramının formatı dəyişir