Gücsüz Avropa və IV Reyxin doğuşu

Bu iki dövlətdən başqa, yerdə qalan bütün Avropa və ABŞ Almaniyadan güclü ordu qurmasını tələb edir.

Foto: Meydan TV


Bu dəfə təmkin və səbrlə davranmaq üçün Almaniya yetərli tarixi dərsi alıb

Qarabağ münaqişəsi Avropada siyasi və hərbi dairələrində çox ciddi suallar yaradıb. Avropanın öz sərhədləri boyunca yaşanan münaqişələrə müdaxilə edə bilməməsi, hərbi gücsüzlüyü ciddi narahatlıq doğurmaqdadır. Və bir gün Avropa üzərinə hücum olarsa, buna müqavimət göstərməyə gücün çatıb-çatmayacağı indi daha çox adamı qayğılandırır.

II Dünya Müharibəsindən sonra qurulan nizama əsasən Avropanın təhlükəsizliyi Fransa və Britaniyanın üzərinə düşürdü. Və eləcə də qitədə NATO bayrağı altında ABŞ-ın möhkəm hərbi mövcudluğu var idi. Bu isə təhlükəsizliyin və hərbi gücün yetərincə olması demək idi.

Lakin indi durum dəyişib. Brexitdən sonra Britaniya Avropaya marağını itirib və Avropaya qarşı birbaşa hərbi təhdid olmadığı müddətcə baş verəcək böhranlara qarışacağı inandırıcı deyil. Ümumiyyətlə, Avropanın vahid orqanizm olması Britaniyanın son 400 ildəki xarici siyasət maraqlarına zidd olduğundan Britaniya Avropa İttifaqında heç uzun müddət qala da bilməzdi və ABŞ-ın öz qoruyucu-birləşdirici çətirini Avropadan çəkməsi ilə paralel şəkildə baş tutan Brexit təəccüblü hadisə yox, tarixi qanunauyğunluqdur. Və bu qanunauyğunluğa əsasən Britaniya Avropa daxilində və ya Avropaya təhlükə törədən müharibə olmadan, çətin ki, Avropa təhlükəsizliyi naminə onun sərhədlərində hansısa əməliyyatlarda yaxından iştirak etsin.

Fransaya gəlincə, II Dünya Müharibəsindəki biabırcasına məğlubiyyətdən sonra de Qollun israrlı siyasəti ilə nüvə dövlətinə çevrilən və buna görə də NATO daxilində çoxlu böhranlar yaradan, NATO-dan çıxıb yenidən qayıdan Fransa təkbaşına Avropanın təhlükəsizliyinin qarantı ola bilməz. Həm gücü çatmaz, həm də xüsusilə II Dünya Müharibəsində ağır faciələr yaşayan və Fransa ilə bağlı çox pis xatirələri olan şərqi Avropa dövlətləri Fransanın təhlükəsizliklə bağlı qarantiyasına inanmayacaqlar.

Və nəhayət, Almaniya. Almaniya II Dünya Müharibəsindən sonra parçalanmış vəziyyətdə idi. Əvvəlcə ABŞ-ın dəstəyi ilə ingilis, fransız və amerikan işğal zonaları birləşdirilərək AFR(Almaniya Federativ Respublikası) yaradıldı, NATO-ya üzv qəbul edildi və yüngül şəkildə silahlandırıldı. SSRİ dağıldıqdan və Almaniya birləşdikdən sonra da, Almaniya rəhbərləri hərbi gücə yiyələnməkdə maraqlı olmadılar. Çünki, bu, Almaniya ilə bağlı dəhşətləri olan qonşularda yeni narahatlıqlar yaradacaqdı və Almaniyanın Fransa ilə birlikdə qurmaq istədiyi vahid Avropa evi ideyasının üstündən xətt çəkə bilərdi.

Əvəzində Almaniya, mötədil və sakit şəkildə inkişaf etməklə, yavaş-yavaş Avropanı birləşdirdi, öz iqtisadiyyatını fantastik şəkildə inkişaf etdirməklə Avropanın liderinə çevrildi.

Öz iqtisadi gücünün zirvəsinə çatan Almaniya, yenə də hərbi quruculuq işinə girməyə tələsmir. Birincisi, bu bahalı işdir və əgər hesabı ödəyən varlı və əliaçıq dost-ABŞ varsa, əlavə xərcə nə gərək.

İkincisi və məncə, ən vacibi odur ki, Almaniyanı idarə edən siyasi isteblişment ölkənin sanki kabusu olan, faşizmin və militarizmin yenidən çiçəklənməsindən ehtiyatlanır. Maşını işə saldıqdan sonra onu dayandırmağın nə qədər mümkün olub-olmayacağı ilə bağlı başçatladan tapmacanı həll etmək asan görünmür.

Ölkə daxilində artıq milliyyətçiliyin güclənməsinin simptomları da var. 2017-ci ildə 1947-ci il müqaviləsinə əsasən Hitlerin kitabları, mətnləri üzərinə qoyulan məhdudiyyətlər aradan qalxan kimi, "Mayn Kampf" yenidən çap olundu, bir ay ərzində 70 mindən artıq satıldı və satış həcmi 1 milyonu keçib. Eləcə də Hitlerin çəkdiyi rəsmlər auksionlarda alman milyonçular tərəfindən baha qiymətə alınaraq evlərini bəzəməkdədir.

Almaniyanın məhdud silahlandırılmış ordusunda isə milliyətçilik meyilləri daha güclüdür. Milliyətçiliyin faşizm səviyyəsinə çatdığı xüsusi təyinatlı briqadası bir müddət əvvəl tam şəkildə buraxılmışdı.

Və ən təhlükəli tendensiyalardan biri də budur ki, alman gəncləri arasında vaxtilə Almaniyadan alınıb qonşulara verilən torpaqları özününkü sayan gənclərin sayı sürətlə artmaqdadır.

Üçüncü səbəb isə budur ki, Almaniyanın daxilində milliyyətçi ruhun artmasını həssaslıqla və narahatlıqla izləyən Fransa və Polşa, Almaniyanın yenidən hərbi güc olacağının dəhşətini görmək istəmir. Almaniya 90-cı ildə birləşəndə, imzalanan əbədi dostluq müqaviləsinə baxmayaraq, Fransa buna qarşı çıxmağa cəhd etmişdi. Lakin ABŞ-ın güclü dəstəyi və Qorbaçovun həvəssizliyi qarşısında geri çəkilməyə məcbur olmuşdu.

Birləşən Almaniyanın Avropanın iqtisadi ürəyinə çevrilməsinə, ardınca siyasi liderliyə şərik olmasına (əslində lider olmasına) Fransa birtəhər dözsə də, hərbi qüdrətə yiyələnən Almaniya Fransa üçün həddən artıq qorxunc və dəhşətli perspektivdir. Eləcə də Polşa üçün. Düzdür, ABŞ öz bazalarını yavaş-yavaş Almaniyadan çıxararaq Polşaya yerləşdirir və bu Polşa üçün ciddi təminatdır, lakin keçmişin ağrı-acıları qəlblərdə yaşayır hələ də.

Bu iki dövlətdən başqa, yerdə qalan bütün Avropa və ABŞ Almaniyadan güclü ordu qurmasını tələb edir.

Almaniya isə hələ ki, təmkinlidir. Almanların gördüyü hər işin xırdalıqlarına qədər hesablanmış olduğunu nəzərə alsaq, ola bilər bu bəlirli dövr üçün nəzərdə tutulmuş davranış formasıdır. Lakin bütün hallarda, Almaniyanın qüdrətli ordu quracağı və nüvə silahına sahib qlobal supergüc olacağı artıq qaçınılmaz perspektiv kimi görünür.

Almaniya 1648-ci ildə imzalanan Vestfaliya müqaviləsindən sonra 220 il parçalanmış halda qalmışdı və yalnız 1871-ci ildə birləşə bildi. Bismarkın qurduğu alman maşını o qədər möhtəşəm idi ki, cəmi 20 ilə Avropanın ən güclüsünə çevrildi. Sənayesi fantastik sürətlə irəliləyən, elmi potensialı bütün dünyanı qabaqlayan Almaniya, bütün müstəmləkə dalğalarından kənarda qalmışdı və dünyadan özünə layiq pay ala bilmədiyini düşünürdü. Üstəlik, uzun müddət parçalanmış vəziyyətdə qalan Almaniya imperiya kimi necə davranmaq lazım olduğu ilə bağlı çox az təcrübəyə sahib idi. Qüsurlu əllə doğulan və özünü dünyaya sübut etmək istəyən avantürist imperatorun taxta çıxması ilə millətçi ictimai rəy daha da alovlandı və ardınca qarşılıqlı atılan addımlar Birinci Dünya Müharibəsinə apardı.

Versalda təhqir olunan və parçalanan Almaniya, yenidən toparlandı, ardınca qisas almaq və minillik reyx(dövlət) qurmaq vədi ilə hakimiyyətə gələn Hitler ortaya çıxıb marş qaydasında ikinci dünya müharibəsinə doğru irəlilədi.

Qarşıda bizi IV qüdrətli Reyxin doğuşu gözləyir. Bu dəfə təmkin və səbrlə davranmaq üçün Almaniya yetərli tarixi dərsi alıb, lazımi təcrübəyə sahibdir və üstəlik dünyada xeyli xeyirxah və ədalətli imicə sahibdir. Bunu davam etdirməyi bacarsa, qarşıda dünyanı daha bir Roma gözləyir.

Və təbii ki, Rusiyanı da yuxusuz gecələr.

Ana səhifəXəbərlərGücsüz Avropa və IV Reyxin doğuşu