O, xarici ölkələrə viza düzəltmək adıyla çoxsaylı adamların pulunu alıb aldatmaqda ittiham olunur
“Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru Rüfət Piriyev yanvarın 9-da tutulub. O, xarici ölkələrə viza düzəltmək adıyla çoxsaylı adamların pulunu alıb aldadaraq, dələduzluq etməkdə şübhəli bilinir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.
DİN rəsmisinin sözlərinə görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb və istintaq hərəkətləri davam etdirilir.
Xeyli vaxtdır ki, sosial şəbəkələrdəki müxtəlif səhifələrdə Rüfət Piriyevlə bağlı şikayətlər yazılırdı. Şikayətçilər iddia edirlər ki, Rüfət Piriyev Amerikaya, Kanadaya köçmək, orada şirkət qurmaq və başqa vədlərlə onlardan pul alıb, lakin sözünə əməl etməyib. Baxmayaraq ki, vədlər yerinə yetirilməyib, pullar da qaytarılmayıb. Şikayətçilərin sözlərinə görə, təxminən 200 nəfər bu halla üzləşib və ziyan çəkib.
Onlar vurğulayıb ki, dələduzluğa məruz qaldıqlarını təsdiqləyən yetərincə sübutları var və onları hüquq-mühafizə orqanlarına təqdim ediblər.
“Greencard Azerbaijan”ın şirkət olaraq “Abroad” MMC-yə məxsus olduğu bildirilir. Bu barədə greencard.az saytında məlumat verilib. Şirkətin rəsmi dövlət qeydiyyatından keçdiyi vurğulanıb.
Rüfət Piriyevin ünvanına səslənən ittihamlara münasibəti məlum deyil.