Səkkiz nəfər gənc təsəvvür edin.
Savadlı, bacarıqlı, işıqlı…
Başlarını aşağı salıb, öz işləri, karyeralarını düşünsələr, təkcə özləri, öz rifahları üçün əlləşsələr, hər şeyləri olar. Yaxşı yerlərdə işləyərlər, yaxşı pul qazanarlar, tabeliklərindəki insanlar onlara təzim edər, ailələrini rifah içində yaşadarlar. Bütün bunları əldə eləmək üçün onlara bircə şey lazımdı – susmaq.
O səkkiz nəfər gənc inli həbsdədi. Çoxu bir ilə yaxın da ki, barmaqlıqlar arasındadı. Beş gündü acdırlar. Ailələrinin ən çox gedib-gəldiyi yer həbsxanadı. Bizim yaşadığımız ən sadə sevincləri, ən sadə məişət rahatlığından məhrumdurlar. Həyatda ən çox sevdikləri şey – azadlıqları əllərindən alınıb. Çünki onların azadlıqdan da dəyərli bildikləri bir şey var – vicdan.
Onlar ona görə həbsdədirlər ki, öz vicdanlarının səsinə ən yaxşı, ən diqqətlə qulaq asan adamlardı. Ona görə həbsdədirlər ki, bizim və uşaqlarımızın azad bir ölkədə yaşamağını istəyirlər. Ona görə həbsdədirlər ki, özləri də övladlarına gözəl bir ölkə qurmaq istəyirlər. Onlar öz övladlarını rifah içində böyüdə bilərdilər. Amma azad ölkədə böyütmək istədilər. Çörək yox, azadlıq vermək istədilər. Tox bir kölə kimi yox, azad, ləyaqətli vətəndaş kimi böyütmək istədilər. Onları məhz buna görə həbs ediblər. Gətirmək istədikləri azad, gözəl gələcəyə görə.
5 gündür acdı həbsdəki gənclər. Özlərinin halsızlığını, analarının, atalarının, sevdikləri qadınların halını düşünün. Doğmasının, əzizinin gündən-günə, saatdan-saaata üzüldüyünü, haldan düşdüyünü, gözlərinin qaraldığını bilən qadınların halını düşünün.
Onlar beş gündü ki, acdırlar. Onlar ona görə beş gündür acdılar ki, gözləri toxdu. Ona görə acdılar ki, öz nəfslərinin, villa, maşın, pul, vəzifə hərisliyinin əsiri olmayıblar. Hələ gənc ikən özlərində mənəvi toxluğu, mənəvi zənginliyi tərbiyə edə biliblər. 20-25 yaşlı bu gənclərin əxlaqı bu ölkəni idarə edən yekə-yekə kişilərdə yoxdu. Bu yekə-yekə kişilər 20 ildi ki, doymurlar. Milyonları aşıb-daşır, pulları hara xərcləyəcəklərini bilmirlər, övladları harınlığından ayı kəsdirib kabab eləyir, amma gözləri doymur.
Onları gözləri doymadığındandır ki, ölkənin işıqlı gəncliyi acdır…
Mən bircə şey deyə bilirəm. Utanıram. İstədiyim vaxt açıq havaya çıxma imkanıma, acanda yemək yemək, susayanda su içə bilmək, istəyəndə sevdiklərimi görmək, dostlarımı qucaqlaya bilmək, günəşə baxmaq, yağışa çıxmaq imkanımın olduğuna görə utanıram. Mənim övladım gələcəkdə azad, işıqlı ölkədə yaşasın deyə, kölə yox, azad insan olsun deyə bir ildi həbsdə yatan, 5 gündü ac qalan, sevdiklərinin gözü yolda olan gənclərin indi bu halda olmağı məni utandırır. O gənclər həbsdə ikən bu ləyaqətli həyat deyil, əsl azadlıq deyil. Mən indi yaşadığıma görə utanıram. Nəfəs ala bildiyimə görə utanıram. Üzümü həbsdəki gənclərə, onların bütün doğmalarına tutub, deyirəm: məni və hamımızı bağışlayın. Yaşadığımıza, nəfəs aldığımıza, yemək yediyimizə, günəşə baxdığımıza görə bağışlayın bizi.
Sizin doğmalarınızın həbsdə olduğu günlərdə biz yazı yazırıq. Bu dəstək deyil, bu biyabırçılıqdı. Biz hamımız öz ləyaqətimizi itirmişik – bəzilərimiz az, bəzilərimiz çox. Bizi bağışlayın. Mən sizdən utanıram. Sadəcə – utanıram…
Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.