Gözünü itirdiyi meydanda 15 il sonra polislə üz-üzə

Mahirə Muradova 15 ildir ki, hər 16 oktyabrda Azadlıq meydanına gül qoyur.

“15 il bundan öncə, bu meydan 10 minlərlə “azadlıq”, “ədalətli seçki” hayqıran insanların səsi ilə dolmuşdu. İnsanlar bu azadlıq meydanını yalayırdılar. Uzun illərdir, onlar bu meydanda öz etirazlarını bildirə bilmirdilər. Sanki bir ümid qapısı açılmışdı”-Mahirə Muradova danışır.

2003-cü ildə prezident seçkilərinin saxtalaşdırıldığını iddia edən vətəndaşlar etiraz üçün azadlıq meydanına axışmışdılar.

“O aksiya, üsyan, böyük bir hərəkat qan gölündə boğuldu. Həmin gün çoxlu şəhid verdik. O şəhidlərdən biri mənimlə eyni təcili yardım maşınında getmişdi. Gecə dünyasını dəyişdi. Xatırlayıram ki, iki cümlə işlədirdi: “Mənim nə günahım var?” və “Mən ölmək istəmirəm”. Bura gələndə təskinlik tapıram, ki “mən gəldim”-Mahirə Muradova deyir.

Etirazlar təkcə meydanla məhdudlaşmadı. Kimi partiya biletini, kimi də İlham Əliyevin fotosunu cırdı.

Mahirə Muradova bu meydanda döyülərkən bir gözünü itirib. O, 15 il sonra bu gün eyni yerdə yenə polislə qarşı-qarşıyadır.

“Polis mənə deyir ki, “sizə ayıb olsun ki, bura gül qoyursunuz”. Mən hər il həm də Ombudsman Aparatının qarşısına gül qoyuram. Çünki orada oturan insanlar insanlıqlarını dəfn ediblər. Al qan içində, üz-gözlərindən qan axan, əlil olmuş, beyni dağılmış insanlar o gün onun qapısını döyürdü. Elmira Süleymanova qapını bağlatdırmışdı. İnsani bir yardım üçün də o qapı açılmadı”-Mahirə Muradova danışır.

Seçkinin ədalətinə inanmayan toplumun etirazları itkisiz ötüşmədi. Meydanda ölən və yaralananlar oldu. Hakimiyyət yetkililəri isə bu etirazları müxalifətin zorakılığı adlandırırdı.

“Hadisələri mən kütləvi ixtişaş kimi qiymətləndirirəm. Hansı ki, bununla bizi 90-cı illərin əvvəllərinə sürükləmək istəyirlər. O insanlarla ki, o dövrdə olan hərc-mərcliyi təşkil etmişdilər. Məqsədləri xaos, anarxiya yaratmaqdır. Amma onların məqsədi keçməyəcək, alınmayacaq. Azərbaycan respublika olaraq təsdiqlənib və bütün kütləvi ixtişaşlar zamanı törədilən vandalizm və qanunsuz hərəkətlərə görə onlar Azərbaycan Respublikasının qanunları qarşısında cavab verəcəklər”-İlham Əliyev 2003-cü ildə etdiyi çıxışda deyir.

“İqtidar bu günü heç xatırlamaq belə istəmir. İlham Əliyev kürsüyə gör nə qədər cəsəd üstündən keçib. Xalq onu seçməmişdi. O, bu gün də xalqa inanmır, nifrət edir. O, xalqı sevmədiyi kimi, xalq da onu sevmir. Heç mən de İlham Əliyevi sevmirəm, heç sevmirem”-Mahirə Muradova danışır.

Ana səhifəVideoGözünü itirdiyi meydanda 15 il sonra polislə üz-üzə