Gözəl Bayramlı vəfat edib

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi

Source: Meydan.TV

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı oktyabrın 7-də vəfat edib.

Bu barədə Meydan TV-yə AXCP sədrinin müavini Seymur Həzi məlumat verib.

Gözəl Bayramlı uzun müddət idi ki, xərçəng xəstəliyindən müalicə alırdı.

Gözəl Bayramlı 1962-ci ildə doğulub. O, Azərbaycan Texniki Universitetini bitirib.

Ötən əsrin 80-ci illərinin sonunda başlanan xalq hərəkatına qoşulan Gözəl Bayramlı AXCP Təşkilat şöbəsinin müdiri, sonra isə sədrin müavini olub.

2018-ci ildə Qazax Rayon Məhkəməsi Gözəl Bayramlını qaçaqmalçılıqda təqsirli bilərək onu 3 il azadlıqdan məhrum edib.

Gözəl Bayramlı ittihamı rədd edib və siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.

2019-cu ilin martında Gözəl Bayramlı əfv sərəncamıyla azad olunub.

Ana səhifəSosialGözəl Bayramlı vəfat edib