Göyçayda külək iki nəfərin yaralanmasına səbəb olub

Mənbə: Göyçay Rayon İcra Hakimiyyəti

Yaralanan qadınlardan birinin bel fəqərəsinin qırıldığı bildirilir

Güclü küləklə müşayiət olunan yağış Göyçayda fəsadlar törədib. Ağaclar aşıb, kommunal xidmətlər sıradan çıxıb. İki nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. 

Belə ki, avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F. Abdullayev maşınında gedərkən  ürəktutmadan həyatını itirib.

Rayonun Mırtı  kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qarabaqqal kəndində bir nəfər  isə evin uçması nəticəsində  xəsarət alıblar.

Göyçayda güclü külək və qasırğa səbəbindən TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib. TƏBİB-dən verilən məlumata görə, hazırda tibb müəssisəsinin əksər tibb və qeyri-tibb heyəti işə cəlb edilib.

Baş verən təbiət hadisələri ilə bağlı 2 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

1964-cü il təvəllüdlü qadın pasiyentin müalicəsi tibb müəssisəsinin Təcili Tibbi Yardım şöbəsində davam etdirilir. Ona başın təpə və burun nahiyəsinin əzilmiş, cırılmış yaraları diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir.

Digər 1995-ci il təvəllüdlü qadın pasiyent bel (L2, L3) fəqərələrinin sınığı diaqnozu ilə TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunur.

Ana səhifəBölgəGöyçayda külək iki nəfərin yaralanmasına səbəb olub