Gorus MDB-nin mədəni paytaxtı elan olundu

Sammitdə 18 sənəd imzalandı

Source:


Sammitdə 18 sənəd imzalandı

“Müstəqil Dövlətlər Birliyi Ermənistanın Gorus şəhərini gələn il özlərinin mədəni paytaxtı elan edib”.

Bunu oktyabrın 11-də Ermənistanın prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində Müstəqi Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bəyan edib.

Sammitdə Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarus, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan prezidentləri və Qırğızıstanın baş naziri iştirak edib.


Vladimir Putin: “İqtisadi mövzulara xüsusi diqqət yetiriləcək”

Sammiti Rusiya prezidenti Vladimir Putin açıb. Azadlıq Radiosunun məlumatına görə, Rusiya prezidenti əsasən dövlətlərarası iqtisadi problemləri müzakirə etdiklərini bildirib:

“Biz MDB daxilində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, MDB-nin və onun qurumlarının səmərəsinin artırılmasını müzakirə edəcəyik. İqtisadi mövzulara xüsusi diqqət yetiriləcək. İnvestisiya və ticari əlaqələrin gücləndirilməsi, malların və xidmətlərin hərəkətində maneələrin aradan qaldırılması müzakirə olunacaq. Sammitdə iqtisadi və mədəni sahələrdə 18 sənəd qəbul olunur. Bu sammitdən əvvəl Ermənistan mediasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşüb, Qarabağ münaqişəsini müzakirə edəcəkləri barədə məlumat yayılmışdı. Amma sammitin keçirildiyi günün sonuna qədər İlham Əliyevlə Serj Sarkisyanın görüşü haqqında hər hansı rəsmi məlumat verilməyib”.

Ticarət dövriyyəsi artıb

Vladimir Putin deyib ki, bu ilin əvvəlindən MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb.

APA-nın məlumata görə, Rusiya prezidenti Birlik ölkələri arasında ticarət dövriyyəsinin bu ilin əvvəlindən 25 faiz artaraq 75 mlrd. dollara çatdığını söyləyib:

“Bu ilin əvvəlindən bizim ölkələrdə iqtisadi fəallığın bərpası müşahidə olunur”.

Foto APA

V.Putin hesab edib ki, MDB ölkələri arasında ticarət dövriyyəsinin gələcəkdə dayanıqlı inkişafını təmin etmək üçün azad ticarət rejiminin yaradılması, malların hərəkətinə mane olan amillərin aradan götürülməsi, gömrük prosedurlarının sadələşdirilməsi gərəkdir.

İclasda birliyin 2018-ci il üzrə fəaliyyətinin əsas istiqamətləri müzakirə edilib.

V.Putin gələn il yanvarın 1-dən quruma sədrliyin Tacikistana keçəcəyini bildirib.

Sammitin sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.



Tarixçə

Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belarusun rəhbərləri – B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan “Belovejsk sazişi” əsasında qurulub. Azərbaycan 1993-cü ilin sentyabrından təşkilatın üzvüdür.

MDB – bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir.

Nizamnaməyə görə, qurumun əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.

Ana səhifəXəbərlərGorus MDB-nin mədəni paytaxtı elan olundu