”Görünən makroiqtisadi sabitlik iqtisadiyyatın sağlamlığından irəli gəlmir”

Nazim Bəydəmirli: “Sabitləşdirici amil neftin qiymətinin 55 dolları ötməsindədir”

Source:


Nazim Bəydəmirli: “Sabitləşdirici amil neftin qiymətinin 55 dolları ötməsindədir”

Maliyyə naziri Samir Şərifov başa çatan 2017-ci ili Azərbaycan iqtisadiyyatı üçün uğurlu və sabitləşmə ili kimi qiymətləndirib.

Nazir bildirib ki, bu il Azərbaycanda 2015-2016-cı illərdə xarici şoklara məruz qaldığı zaman yaranan problemlərin həlli ilə məşğul olunub, ölkə iqtisadiyyatının, makroiqtisadiyyatın sabitləşdirilməsinə səylər göstərilib.

“11 ayın yekunlarına görə, iqtisadiyyatda sabitləşmə baş verib. Əvvəlki illə müqayisədə ölkənin iqtisadi vəziyyəti daha sabitdir. Yəni makroiqtisadi sabitlik bərqərar olunub”, – deyə nazir bildirib.

Nazirin açıqlamasını “Azərtac” dövlət agentliyi

yayıb.

Samir Şərifov hesab edir ki, 2017-ci ildə iqtisadiyyatda yaranmış geriləmənin aradan qaldırılması istiqamətində görülən işlər 2018-ci ildə də davam etdiriləcək:

“Qəbul edilmiş dövlət büdcəsi bunun üçün münbit şərait yaradır. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi proqnoza görə, ölkə iqtisadiyyatının növbəti ildə 1,5 faiz artacağı gözlənilir. Artımın əksər hissəsi qeyri-neft sektorunun payına düşəcək. Cari ildə də qeyri-neft sektoru 22,4 faiz artıb, lakin neft sektorunda bizdə bir qədər geriləmə var”. Onun sözlərinə görə, ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşmaq üzrədir və bu proses davam edəcək”.

Samir Şərifov manatın da məzənnəsinin sabitləşdiyini söyləyib:

“İlin əvvəli ilə müqayisədə bu fərq təxminən 3,4 faizdirsə, fevral ayı ilə müqayisədə 10 faiz möhkəmlənmə baş verib. Bu da bir daha manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir”.

Samir Şərifovun fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı-alim Nazim Bəydəmirli görünən makroiqtisadi sabitliyin iqtisadiyyatın sağlamlığından irəli gəlmədiyini bildirib:

“Neftin qiyməti son aylarda müxtəlif proqnozların əksinə olaraq 50 dollardan yuxarı qalxmağa başladı və hökumətə bu amildən makroiqtisadi sabitlik üçün istifadə etməyə imkan verdi. Ona görə də manatın kursunun da sabit qalması iqtisadiyyatın normal göstəricisi deyil, çünki manatın kursu inzibati vasitələrlə tənzimlənir”.

O qeyd edib ki, neft amilini kənara qoyduqda, Beynəlxalq Valyuta Fondu 2017-ci ildə MDB respublikalarında ümumi daxili məhsulun azalmasının daha çox Azərbaycanda qeydə alındığını bəyan edib.

“Əgər özəl sektordan danışsaq, beynəlxalq reytinq agentlikləri bir çox bankların reytinqini aşağı salıb. Eyni zamanda, əhalinin real gəlirlərinin azalıb, inflyasiya Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən dəfələrlə çoxdur. Ona görə real gəlirlərin azaldığı faktlarla sübut olunur. Belə dövrdə sabitləşdirici amil neftin qiymətinin 55 dolları ötməsindədir”.

Nazim Bəydəmirli hesab edir ki, real iqtisadiyyatla bağlı kifayət qədər problemlər yaşanır. Birinci, yaşayış minimumu və minimum əmək haqqı ilə bağlı açıqlanan son rəqəmlər Azərbaycanın nefti və qazı olmayan Gürcüstan və Ermənistandan geri qaldığını göstərdi. İkinci, özəl sektorda iş yerlərinin bağlanıb, büdcə gəlirlərinin vergilər hesabına formalaşması heç 50 faizə çatmır, deməli, dövlət Neft Fondundan borc götürülür, bu, hökumətin qazandığı vəsait deyil:

“Yaxşı olardı, hörmətli nazir fiziki şəxslərin gəlir vergisinə də toxunsun. Dünyada ən mühüm göstərici vətəndaşların aldığı maaşdan ödədiyi vergilərdir. Vətəndaşın maaşı artırsa, vergi də çoxalır. Eyni zamanda, hüquqi şəxslərin mənfəət vergisindən olan gəlirlərdir. Hökumət rəsmiləri bu barədə danışsa, müsbət olar. O cümlədən, hökumət 2017-ci ildə müxtəlif maliyyə qurumlarından borclanmaya getdi, bu isə ümumi borcumuzun artmasıdır. Ona görə nikbin deyiləm. Qismən sabitlik neftin dünya bazarındakı qiymətlərindən irəli gəlir”.

Ana səhifəXəbərlər”Görünən makroiqtisadi sabitlik iqtisadiyyatın sağlamlığından irəli gəlmir”