Prokuror rüşvətalma faktının sübuta yetirildiyini deyir
Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, polkovnik-leytenant Namiq Əsədov 350 manat rüşvət almaqda ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan 50 yaşlı N.Əsədova prokuror 5 il həbs cəzası verilməsini istəyib. Noyabrın 2-də keçirilən məhkəmədə çıxış edən prokuror bildirib ki, N.Əsədovun rüşvət alması məhkəmədə sübuta yetirilib.
İttihama əsasən, N.Əsədov "Bakıyük" MMC-nin meneceri Rüfət Əliyevdən rüşvət alıb. Bunun müqabilində Almaniyadan "Liebherr-Azeri LLC" MMC-yə göndərilən malların gömrük rəsmiləşməsi tezləşdirilməliydi.
İddia olunur ki, R.Əliyev pulu gömrük polkovnikinin tanışı İsmayıl Əliyevə verib, daha sonra Bakı Baş Gömrük İdarəsinə şikayət yazıb.
Lakin məhkəmədə dindirilən Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları bildirib ki, onlara R.Əliyevin ərizəsi daxil olub, sonra pul verilib.
Gömrük polkovniki N.Əsədov özünü təqsirli bilmir. O, R.Əliyev və ya bir başqasından pul tələb etmədiyini, almadığını bildirir.
Məhkəmədə şahid qismində dindirilən
R.Əliyev bildirib ki, N.Əsədov gətirilən malların təkrar laboratoriyadan keçirilməsini istəyirdi. Bu isə onun üçün artıq xərc idi. Ona görə də tələb olunan pulu verməyə razılaşıb: “Yük artıq laboratoriyadan keçmişdi. Ona da dedim. Razılaşmadı ki, yox, yenə laboratoriyaya göndəriləcək. Bu da bizə sərf eləmirdi. Çünki hər maşının gömrükdə qaldığı bir gün üçün əlavə 150 dollar ödəmək lazımdır”.
N.Əsədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.