Gömrükdəki əməliyyatın detalları açıqlanıb (yenilənib)

Foto: Meydan TV

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyatın detalları məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, əməliyyat nəticəsində iki nəfər həbs olunub.

Bunlar Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərov və Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovdur.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Şahin İskəndərov ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almaqda ittiham olunur.

Cavid Məmmədova gəlincə, iddia edilir ki, postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində onun rüşvət almasına əsaslı şübhələr var.

“Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pulu üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib”, – prokurorluğun məlumatında deyilir.

Adları çəkilən gömrükçülərin bu ittihamlara münasibəti, onların özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.


Əməliyyatın  Aksizli Mallar İdarəsində aparıldığı bildirilir

Prokurorluq əməkdaşları Dövlət Gömrük Komitəsində əməliyyat keçirir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, əməliyyat komitənin Aksizli Mallar İdarəsində aparılır.

Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə əməliyyatın keçirildiyini təsdiqləyib.

Qurumdan bildirilib ki, əməliyyat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilir.

“Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – Baş Prokurorluqdan belə deyilib.

Baş Prokurorluq
Foto: Azərtac

Gömrük Komitəsi ötən il də tez-tez korrupsiya yoxlamaları ilə göndəmə gəlirdi.

2022-ci il iyulun 16-da Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Ondan bir neçə gün əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) keçirdiyi əməliyyat nəticəsində qurumun yüksək vəzifəli şəxsləri həbs edilib.

DGK yanında “Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov, komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov həbs olunub.

İyulun 18-də isə Şahin Bağırov Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini təyin edilib və İlham Əliyevin sərəncamı ilə DGK-nin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Şahin Bağırova həvalə edilib.

Ana səhifəSiyasətGömrükdəki əməliyyatın detalları açıqlanıb (yenilənib)