Gömrük əməkdaşı: Avam adam olduğunu bilib aldatdım

“Digər şəxslərin bu əməlimdən xəbəri olmayıb”

Source:


“Digər şəxslərin bu əməlimdən xəbəri olmayıb”

Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq, rüşvət vermə cinayətlərində təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş əməkdaşlarının və Türkmənistan vətəndaşı olan Amanmuhammed Baylıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başlandığı bildirilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında bildirilib ki, Dövlət Gömrük Komitəsinin inspektoru olan Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan 285 min

manatlıq qızılı qanunsuz yolla təyyarəyə keçirmək üçün 2200 dollar rüşvət alıb. N.Abbasov digərləri ilə əlbir olaraq qızılları qanunsuz yolla hava limanı binasından keçirərək tualetdə Türkmənistan vətəndaşına vermək istəyiblər.

Daha sonra iclasda təqsirləndirilən şəxslər ifadə veriblər. Neman Abbasov cinayət əməlini ehtiyacı olduğu üçün törətdiyini, özünü təqsirli bildiyini və istintaqa verdiyi ifadəni təsdiq etmədiyini deyib: “Növbə rəisimiz Adil Kazımov mənə dedi ki, bir nəfər aeroporta gələcək. Onun qızıllarının rəsmi qaydada keçirməsinə kömək et. Həmin şəxs Ziyafət Qurbanova idi. Onunla danışanda qanunları bilməyən, avam adam olduğunu bilib aldatdım. Dedim ki, qızılları aparmaq üçün rüsum ödənməlidir. Buna ehtiyacım olduğu üçün etdim. Digər şəxslərin bu əməlimdən xəbəri olmayıb. Aytəkindən xahiş etdim ki, çantanı içəri keçirsin. O, çantanın içərisində nə olduğunu bilmirdi. Sonra Muxtardan xahiş etdim ki, Türkmənistandan olan qonaqlarımıza nəzarət etsin. Onların problemi olsa, xəbər eləsin”.

Daha sonra prokurorun və vəkillərin suallarını cavablandıran N.Abbasov deyib ki, ölkədən gedən şəxsin apardığı qızıllar üçün rüsum ödəməsi qanunvericilikdə nəzərdə tutulmayıb: “Qızıl gətirəndə bunun üçün rüsum ödəmək lazımdır, amma aparanda rüsum verilməməlidir. Mən Ziyafət Qurbanovanı aldadıb pul aldım”.

N.Abbasov istintaqa verdiyi ifadələri təsdiq etməməsini isə belə izah edib: “Bizə dedilər ki, deyilən kimi yazaq. Həmin ifadələri təsdiq

etmirəm. Burda dediklərim doğrudur”.

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Dövlət Gömrük Komitəsində növbə rəisi işləmiş Adil Kazımov ifadə verib. O da istintaq zamanı verdiyi ifadədən imtina edib: “Rəhbərlikdən “yazın” dedilər. Biz də deyilən kimi yazdıq. Bizə demişdilər ki, iş idarədə də bağlanacaq, məhkəməyə getməyəcək”. A.Kazımov ifadəsində bildirib ki, qızıl alverçisi olan Ziyafət Qurbanova ona zəng edərək Türkmənistandan olan qonaqlarının gedəndə qızıl alıb aparacaqlarını deyib: “Mən də dedim ki, xarici vətəndaş ölkəyə gətirdiyi valyuta dəyərində qızıl alıb apara bilər. Bunun üçün gətirdiyi pulun bəyannaməsi və aldıqları qızılların qəbzi lazımdır. Həmin gün növbədə olmadığım üçün əlaqə saxlamaq üçün Nemanın nömrəsini verdim. Axşam da toya getdim. Axşam toyda olanda Neman dedi ki, qızıllar tutulub”. O, digər təqsirləndirilən şəxslərlə heç bir cinayət əlaqəsinə girmədiyini bildirib.

Digər təqsirləndirilən və hazırda zamində olan DGK əməkdaşı Aytəkin Tağıyeva isə özünü qismən təqsirli bildiyini deyib. O, həmin gün gecə növbəsində olduğunu bildirib: “İş yoldaşım Neman Abbasov xahiş etdi ki, çantanı Türkmənistandan gələn şəxsə verim. İçində nə olduğunu bilmirdim. Mən də aparıb verdim. Səhvim çantanın içərisinə baxmamağım idi. Buna görə özümü qismən təqsirli bilirəm. Nemanın mənə qarşı belə bir hərəkət edə biləcəyini düşünmürdüm”.

Prokuror ondan qızılları tualetdə təhvil verməsinin səbəbini soruşub. A.Tağıyeva deyib ki, tualetə əlini yumaq üçün gedib: “Həmin zona böyükdür. Məni tapa bilməyəcəyini düşündüm. Özüm də əlimi yumaq üçün ora gedirdim. Tez görüşə bilək deyə ora gəlməsini istədim”.

Təqsirləndirilən şəxslərdən DGK-nin əməkdaşı olan Muxtar Qasımov da ifadəsində özünü təqsirli bilmədiyini deyib. O, iş yoldaşı N.Abbasovun xahişi ilə Türkmənistan vətəndaşları olan qonaqların gedişi ilə maraqlandığını deyib.

İş üzrə təqsirləndirilən şəxslərdən olan Türkmənistan vətəndaşı, hazırda həbsdə olan Amanmuhammed Baylıyev isə özünü təqsirli bilmədiyini deyib. Qızıl alveri ilə məşğul olduğunu deyən A. Baylıyev bildirib ki, Ziyafət Qurbanovadan qızıl alıb Türkmənistana aparmaq istəyib. O, digər məsələlərdən xəbərsiz olduğunu bildirib.

Daha sonra iclasda “Moskva” univermağında qızıl mağazası olan Ziyafət Qurbanova ifadə verib. O, Neman Abbasov tərəfindən aldadıldığını deyib: “Adil müəllimi bir dəfə aeroportda görüb, nömrəsini almışdım. Zəng edib ondan xahiş etdim ki, Türkmənistandan qohumlarımız gəlib, gedəndə qızıl alacaqlar. Ondan qanuni yolla necə keçirə biləcəyimizi soruşdum. Başqa söhbətimiz olmadı. Məni başa saldı, aeroporta gələndə Nemanla görüşdüm. Qızılları verəndən sonra dedi ki, rüsum ödənməlidir. Mən də Adil müəllimə zəng elədim. Telefonu açmadı. Deyəcəkdim ki, bu nə işdir başıma gəlir? Sonra məcbur olub pulu verdim. Çünki onlar təyyarəyə bilet almışdılar. Mənə dedi ki, yoxlamadan keçəcək, sənədləri gətirəcək. 2 min dolları aldı. Sonra gəldi ki, pul çatmır. Çantamı açanda 200 dolları gördü. Dedi ki, onu da ver, bəsdir”.

Növbəti məhkəmə iclası noyabrın 3-də keçiriləcək.

İş üzrə təqsirləndirilənlər şəxslər – Türkmənistan vətəndaşı Amanmuhammed Baylıyev, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru olmuş Neman Abbasov, idarənin növbə rəisi olmuş Adil Kazımov, və digər əməkdaşları Aytəkin Tağıyeva, Muxtar Qasımovdur. Təqsirləndirilənlərdən Neman Abbasov və Amanmuhammed Baylıyev barəsində həbs-qətimkan tədbiri seçilib. Digərləri isə zamindədir. Onlar Cinayət Məcəlləsinin 312 (rüşvətvermə) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərGömrük əməkdaşı: Avam adam olduğunu bilib aldatdım