Giorgi Gogia: Hakimiyyət blogerə mesajını çatdırıb

”Mehman Hüseynov araşdırmalarını dayandırmasa, nəticələrlə üzləşəcəkdi”

Source:
Giorgi Gogia foto sosial şəbəkə


”Mehman Hüseynov araşdırmalarını dayandırmasa, nəticələrlə üzləşəcəkdi”

“Bloger Mehman Hüseynovun həbsi Azərbaycanın bir az da aşağı yuvarlandığını göstərir”, – “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının Cənubi Qafqaz direktoru Giorgi Gogia belə yazır.

Giorgi Gogia yazır ki, polisin bu davranışında məqsəd hakimiyyətin M.Hüseynova mesajını çatdırmaq idi: “O, araşdırmalarını dayandırmasa, nəticələrlə üzləşəcəkdi”.

Məqalədə M.Hüseynovun fəaliyyətini dayandırmadığına, hətta polisdən şikayət etdiyinə, üstəlik, prezidentin həyat yoldaşı Mehriban Əliyevin vitse-prezident vəzifəsinə təyinatıyla bağlı sorğu keçirdiyinə görə cəzalandığı qeyd olunur. Video-sorğuda M.Hüseynov adi vətəndaşların bu barədə fikrini öyrənmişdi.

Müəllif M.Hüseynovun da Azərbaycanda siyasi fəaliyyətinə görə həbsə atılan onlarla jurnalist, bloger və fəalın cərgəsinə qatıldığını bildirir, hökuməti onu azadlığa buraxmağa, işgəncəyə əl atan polis məmurlarını isə cəzalandırmağa çağırır.

Yazıda Azərbaycanın polis məntəqələrində işgəncə və məhbuslarla kobud davranış hallarının həll edilməyən problemə çevrildiyi deyilir.

Azadlıq Radiosu yazır ki, M.Hüseynov keçən həftə Nəsimi rayonunun polis idarəsinin rəisinə böhtan atmaqda günahlandırılaraq, 2 illik həbs cəzası alıb.

Bloger polis məntəqəsində işgəncəyə məruz qaldığını deyirdi. Bildirirdi ki, yanvarın 9-da bir qrup şəxs ona hücum edərək başına torba keçirib, ağzını bağlayıb, zorla maşına oturdaraq polis məntəqəsinə aparıb. Orada M.Hüseynov başıbağlı halda üzüaşağı salladıldığını, bu vəziyyətdə döyüldüyünü, toka verildiyini, özündə olmadığı halda hansısa sənədə imza atmağa məcbur edildiyini xatırladığını danışıb.

Yanvarın 10-da bloger polisə tabe olmamaqda günahlandırılaraq 200 manat cərimə edilmişdi. Vəkili M.Hüseynovla görüşəndə bədənində işgəncə əlamətlərini gördüyünü demişdi.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, M.Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb.

Ana səhifəXəbərlərGiorgi Gogia: Hakimiyyət blogerə mesajını çatdırıb