Geriyə doğru… İrəli!

Yazar: Rövşən Hacıbəyli

Mənbə: Meydan TV

Geri dönüşümüzün daha bir nümunəsi martın 29-da yaşanıb

Son günlər maraqlı informasiyalarla zəngindir. Tanınmış politoloqlarımız, hərşeyşünas deputatlarımız belə çatdırıb baş verənləri şərh etməkdə çətinlik çəkir. Rusiyanın Ukraynaya hücumu, işğalçılıq siyasəti ətrafında danışmaq, fikirlərini bölüşmək bu politoloqlarımız üçün ciddi sınaqdır. Nə danışmaq, necə danışmaq, nə şişi, nə kababı yandırmamaq, həqiqətən, çox çətin durumdur. Haqqın, yoxsa müttəfiqin yanında dayanmaq? “Olum, ya ölüm” sualı qədər çətindir, heç mandat alanda belə seçim qarşısında qalmamışdılar…

Bu arada Qarabağdan xəbər gəldi ki, ordumuz Fərrux yüksəkliyini və eyni adlı kəndi götürüb. Az keçməmiş Rusiya Müdafiə Nazirliyi bizi öz torpaqlarımızdan geri oturtduğunu açıqladı, yəni o yerlərdən geri çəkildiyimizi dedi, üstəlik, həmin açıqlamada “Dağlıq Qarabağ” sözü işlətdi, ardınca bizim müdafiə nazirimiz Zakir Həsənovun problemi çözdüyü xəbəri gəldi. Sən demə, Z.Həsənov Rusiyanın müdafiə naziri Şoyquya zəng vurub Azərbaycanda “Dağlıq Qarabağ” adlı yer və “Furux” adlı kənd olmadığını deyib (yazılanlardan belə anlaşılır). Onların cavabı maraqlı deyil, maraqlı olan martın əvvəllərindən yoxa şıxan, heç Putinin də tapmadığı Şoyqunu Zakir Həsənovun anındaca tapmasıdır. Görünür, bu məsələdə müttəfiqliyin böyük rolu olub. Yeri gəlmişkən, AzTV-lər də xəbər siyasətində müttəfiqliyə önəm verirlər, əvvəlcə Rusiyaya, ardınca Ukraynaya istinadla müharibə zonasından informasiyaları ara-sıra Azərbaycan tamaşaçılarına çatdırırlar. Həm də “işğal”, “Rusiyanın hücumu”, “düşmən” kimi sözləri dilə gətirməkdən çəkinirlər; müttəfiqliyimizə ziyan dəyməsin deyə (bunu həm də AzTV-lərin peşəkarlığının, “dəqiq, qərəzsiz, vicdanlı”, balanslı siyasət aparan jurnalistikanın uğuru saymaq olar). 43 maddəlik saziş isə sizə zarafat gəlməsin, onun şərtlərinə əməl etmək bir yana, heç oxuyub qurtarmaq olmur…

Ancaq hamımızı narahat edən məqama iki nazirliyin açıqlamaları aydınlıq gətirməyib, Azərbaycanda “Dağlıq Qarabağ” adlı yerin və Fərrux yüksəkliyinin bizdə olub-olmadığı bilinmir…

Xalqımız bunun şokundan ayılmamış Milli Məclisin “hörmətli xanım sədr”i (ifadə saxta mandatlı deputatlara məxsusdur) Sahibə Qafarova MDB Parlament Assambleyası Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən iclasında “Azərbaycan SSR” sözü ilə gündəmə gəlib. Əslində, təəccüblü heç nə yoxdur. Ancaq nədənsə hər kəs onun çıxışını paylaşır, tənqid edir (özlərinin qəbul etdiyi qanunlarla- demokratiya, söz azadlığıdır axı). Çox təəssüf, bir nəfər də soruşmur ki, “hörmətli xanım sədr” üçün o mətni kim yazıb verib. Biz görmüşük ki, Milli Məclisin spikeri istər parlamentdə, istər müxtəlif görüşlərdə həmişə çıxışını hazır mətnlərdən oxuyub. İndi yazılanı olduğu kimi kağızdan oxuyanı yox, yazanı qınamaq kimsənin ağlına gəlmir. Kim bilir, bəlkə, parlamentin növbəti iclasında deputatlar “hörmətli xanım sədr”dən bu məsələyə aydınlıq gətirməsini tələb edəcəklər. Bir politoloqun sözü olmasın: Nə desən, ola bilər!

Geri dönüşümüzün daha bir nümunəsi martın 29-da yaşanıb. İctimai fəal İmran Əliyev şəhərin ortasında qəflətən yoxa çıxıb. Vəkili və dostları onu tapa bilmir. Çox maraqlıdır ki, təhlükəsizliyimizə qarant olan dövlət qurumları da fəalın yoxa çıxmasından xəbərsiz olduqlarını deyirlər. Keçmiş təcrübədəsə belə hallar çox olub və itən adam həmişə təhlükəsizliyimizə qarant olan orqanlardan tapılıb…

Yenə də elə oldu…

P.S.Qarşıdan aprel ayı gəlir, Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ay, o üzdən “hörmətli xanım sədr”in çıxışını da, o mətni yazanı da anlamaq olar. Biz indi Azərbaycana müstəqilliyin tamını dadızdırmış 28 May yox, daha çox 28 Aprel övladlarının dövründə yaşayırıq.

Ana səhifəMənim FikrimcəGeriyə doğru… İrəli!