Geoloji tədqiqat aparılmadan çəkilən yol çöküb

Ekspert: “Yol yenidir, ancaq uçub gedəcək”

Source:
Yol çöküb – foto: Meydan TV
Yol çöküb – foto: Meydan TV


Ekspert: “Yol yenidir, ancaq uçub gedəcək”

Sürüşmə nəticəsində Şamaxının Çuxuryurd-Qızmeydan avtomobil yolu dağılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bunun səbəbini yol çəkilməzdən öncə orada geoloji tədqiqatın aparılmamasında görür.

O, APA-ya açıqlamasında yol çəkilməzdən öncə geoloji tədqiqatın şərt olduğunu deyib:

“Çoxmərtəbəli, yaxud hər hansı inzibati bina tikilən zaman da ilk növbədə altının geologiyası, süxurların fiziki-kimyəvi xüsusiyyətləri, sıxlığı, məsaməliliyi, yük götürmə qabiliyyəti, qrunt sularının səviyyəsi öyrənilməlidir. Buna uyğun iş getməlidir. Məsələn, Muğanlı-İsmayıllı yolu daim sürüşməyə məruz qalır. O yolun istiqamətini dəyişib hətta 500 metr başqa tərəfdən çəkirlər. Lakin o ərazi tektonik cəhətdən sürüşməyə meylli olduğuna görə hansı tədbir görsən də, zaman-zaman orada aktivləşmə olur, sürüşmə baş verir. Bu, təbii prosesdir”.

Əziz Qaralov Xızı-Altıağac, Çuxuryurd-Qızmeydan avtomobil yollarında vəziyyətin başqa olduğunu söyləyir:

“Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə Çuxuryurd-Qızmeydan yolunda olduq. Yol təzə çəkilib, amma çökmə, batma, sürüşmə prosesləri baş verib. Niyə? Sorğu apardım, sual verəndə ki, bu yolun geologiyasını kim aparıb? Məlum oldu ki, ərazidə mühəndisi-geoloji tədqiqatlar aparılmayıb. Birinci bundan başlamaq lazımdır. Yol suxurların fiziki xüsusiyyətlərini nəzərə alınmaqla çəkilməlidir. Mən öz fikrimi yazılı olaraq müvafiq orqanlara vermişəm. O yol uçub gedəcək. Yoldan kənara çıxan kimi quma batırsan”.

Torpaq sürüşməsi Şamaxı-Qızmeydan avtomobil yoluna ciddi ziyan vurub. Yolun 4, 6 və 10-cu kilometrliklərində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb.

Ana səhifəXəbərlərGeoloji tədqiqat aparılmadan çəkilən yol çöküb