Generalın uşaqlarını Almaniyaya qaçırmaqda təqsirləndirilən şəxs bəraət aldı

Hakimlər məhkəmə istintaqının təzələnməsi barədə vəsatəti təmin etməsə də, F.Yusub haqqında bəraət hökmü çıxarıblar.

Source:


Emin Şəkinski qayınından şikayətçi olmadığını deyib

General-mayor, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Emin Şəkinskinin dörd qızının 2014-cü ildə ondan icazəsiz Azərbaycandan qaçırılıb xaricə aparılmasına görə cinayət məsuliyyətinə cəlb olunan Fərid Yusub məhkəmədə bəraət alıb. İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm çıxarılıb.

F.Yusub generalın qaynı, hazırda Almaniyada yaşayan uşaqların dayısıdır.

Həm generalın uşaqlarının ölkədən çıxarılması, həm də 60 min manatının oğurlanmasına görə 2015-ci ildə 12 nəfər cəzalandırılıb – bir hissəsi şərti cəza ilə, digərləri isə 8 ilədək həbslə. Həbs olunanların da bəziləri artıq azadlığa buraxılıb. Lakin onlar cəzalandırılanda bu işə görə bir neçə nəfər axtarışa verilmişdi. Onların arasında generalın qaynı Fərid Yusub, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev də vardı.

F.Yusub 2017-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana təhvil verilib. O, daha sonra ev dustaqlığına buraxılmışdı. Prokuror isə ona qarşı ittihamların sübuta yetirildiyini deyib, məhkəmə zalından həbs olunmasını və 5 il 8 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

İyunun 14-də F.Yusubun vəkili Şəhla Hümbətova məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırıb. O bildirib ki, F.Yusubun xaricdə ola-ola bacısına təlimatlar verib, onun və uşaqlarının ölkədən qaçmasına yardım etməsi, 60 min manatın oğurlanmasında iştirak etməsi barədə ittihamda yazılanlar həqiqətə uyğun deyil, bunu təsdiqləyən heç bir sübut yoxdur. Vəkil zərərçəkmiş generalın istintaqa ifadəsinin də ziddiyyətli olduğunu vurğulayıb.

Hakimlər məhkəmə istintaqının təzələnməsi barədə vəsatəti təmin etməsə də, F.Yusub haqqında bəraət hökmü çıxarıblar.

İttihama əsasən, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul götürüb, onun və uşaqlarının ölkədən qaçmasına yardım edən dəstə üzvlərinə verib. Düzəldilən saxta sənədlər vasitəsilə Gülnarə Şəkinskaya, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar sərhədi qanunsuz keçərək, Gürcüstana, oradan da Almaniyaya gediblər.

Təqsirləndirilən şəxslər oğurluq, sənəd saxtakarlığı, sərhədi qanunsuz keçmə və başqa əməllərdə ittiham olunur.

F.Yusub özünü təqsirli bilmir, bacısı və uşaqları Azərbaycandan gedərkən ölkədə olmadığını bildirir. Deyir ki, 2008-ci ildən Azərbaycandan gedib. Hadisə isə 2014-cü ildə olub.

Oğurluq ittihamına gəlincə, bildirir ki, 60 min G.Şəkinskayanın pulu olub, onun özü də öz pulunu xərcləyib.

E.Şəkinski bu iş üzrə zərərçəkmiş qismində tanınıb və istintaqda da dindirilib. O, məhkəməyə məktubunda qaynına qarşı şikayətçi olmadığını yazıb.

Ana səhifəXəbərlərGeneralın uşaqlarını Almaniyaya qaçırmaqda təqsirləndirilən şəxs bəraət aldı