General-mayor Polad Həşimovun şəhid olması xəbərini çoxu kimi ürək ağrısıyla oxudum – Azərbaycan Milli Ordusunun Qarabağ savaşında döyüş vaxtı həlak olan ilk generalımızdır.
Vaxtilə general Həşimovun tabeçiliyində xidmət etmiş jurnalist Seymur Kazımov, tabeçiliyində oğlu xidmət etmiş ARDNŞ-nin keçmiş prezidenti Sabit Bağırov, generalı tanıyan daha bir neçə adam xatirələrini yazdılar. Bu yazılanlardan adamın göz önünə işıqlı bir surəti gəlir – tələbkar, yeri gələndə sərt, zəhmli-zabitəli, bununla yanaşı əsgərin qayğısını çəkən, özünü yox, əsgəri və ordunu düşünən, alaydakı əsgərlərə atalıq edən, aldığı maaşı əsgərlər üçün xərcləyən bir general.
Açıq danışaq, Azərbaycan Ordusunda belə generallar azdır.
Müdafiə Nzirliyini saytına baxdım, medianı izlədim – onun şəhid olmasının təfərrüatı heç yerdə yoxdur. Niyə? Bu, bir yana qalsın, general Həşimovun şəhid olması xəbərinin özü belə MN saytında yoxdur! Amma dəfn mərasimi var. Başqa xəbərlər də bir-birinin təkrarına oxşayır.
Müdafiə Nzirliyini informasiya siyasəti, saytının yarıtmazlığı haqqında dəfələrlə deyilib, amma söhbətin mövzusu indi bu deyil.
2016-cı ilin “Dördgünlük aprel müharibəsində” hünər və şücaətinə görə təltif olunmuş, hərbi bilik və bacarığı ilə fərqlənən cavan bir generalın şəhid olması təfərrütları niyə açıqlanmır? Hərbi sirrdir deyib üstündən keçmək olmaz, hərbi sirri tam qorumaqla da topluma çoxlu və indi də, sonra da qiymətli məlumat ötürmək olar. Bəs niyə ötürülmür?
Gənclərə, topluma hərbi-vətənpərvərlik ruhu aşılamaq haqqında çox deyilib, deyilir, o cümlədən MN tərəfindən. Belə məlumatın yayılması bu yola ən böyük töhfə olmazmı?
Cavab almaq istədiyim suallar bunlardır:
- General Polad Həşimov dəqiq saat neçədə, harada, hansı şəraitdə şəhid olub?
- Ölümün səbəbi nədir – snayper gülləsi, qranat, ya mərmi gəlpəsi dəyib?
- Güllə və ya mərmi gəlpəsi generalın harasına dəyib? Başına, sinəsinə, kürəyinə, qarnına?
- Bu açıq yerdə, ya səngərdə baş verib, ya səhra gərargahında?
- Niyə general Həşimov o anda o yerdə olub? Öz təşəbbüsü və qərarı ilə, xidməti vəzifəsinin cari icrası zamanı o yerə gedib, yoxsa rəhbərliyin konkret əmri əsasında?
- General şəhid olanda yanında kim olub? Şəhid olan, yaralanan varmı? Varsa, kimdir onlar?
- Vurulan kimi dünyasını dəyişib, yoxsa sonradan? Sonradan olubsa, nə qədər vaxt keçib? Zəruri tibbi yardım təmin edilibmi?
- Onun ölüm xəbərini birinci kim bilib, kim xəbər verib? Xəbər verənin adı, rütbəsi nədir?
- Ermənilərin guya ələ keçirdiyi yüksəklik haqqında xəbərə niyə yalanlama və ya açıqlama yoxdur?
10. Həlak olan ilk dörd hərbçi ilə bağlı niyə açıqlama yoxdur?
Bu sualların hərbi sirr bəhanəsiylə cavabsız qalması daha kəskin suallar və şübhələr doğurur, təəssüf ki..