Ağanəzər Kərimov: ”Guya Tahir İsmayılova ərizə vermişəm ki, məndən 40 min manat alınmasını səhv yazmışam, təhrif etmişəm”
Bir müddət əvvəl barələrində olan cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin onlardan 40 min manat istədiyini iddia edən Qobustan rayon Təklə kənd sakini Ağanəzər Kərimov və oğlu Seyran Kərimov baş prokuror Zakir Qaralova müraciət ediblər.
“Oğluma deyiblər ki, sən gec-tez cəzalandırılacaqsan”
Bu barədə Meydan TV-yə şikayətçinin vəkili İkram Abdullayev məlumat verib. Kərimovlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi, cinayət işi üzrə istintaqı aparan Tərlan Zeynalova etiraz ediblər.
Müraciətdə A.Kərimov bildirib ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general Şərif Əsədullayev və həmin idarəyə ezam edilmiş müstəntiq Tərlan Zeynalovun onlardan 40 min manat pul almaları barədə fevral ayında prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova və Zakir Qaralova şikayət ərizəsi yazıb: “Həmin 40 min manatı toplamaq üçün 400 baş qoyun, 25 baş qara mal satmışıq. Həmin şikayətimiz Baş Prokurorluğun işçisi Tahir İsmayılovun icraatında olub. Mən Prezidentə və Sizə şikayət etdikdən sonra Şərif Əsədullayev və Tərlan Zeynalov bizim 40 min manatımızı qaytarıblar. Belə ki, oğlum Seyran Kərimovu tanışımız olan Abşeron Rayon Polis Şöbəsinin İstintaq bölmə rəisi Bilal Nəbiyevin iştirakı ilə Baş İdarənin rəis müavini Samir Zeynalovun otağına çağırıblar. Orada ona hədə-qorxu gəliblər ki, nahaq atan şikayət edib, sən gec-tez cəzalanacaqsan. Samir Zeynalov oğlum Seyranı otağından çıxardıb, pulu sayıb Bilal Nəbiyevə verib. Bilal Nəbiyev də pulu mənə və oğlum Seyrana bu şərtlə verdi ki, biz onunla Baş Prokurorluğa gedib ərizə yazaq ki, şikayətimiz yoxdur. Bilal Nəbiyev bizi Baş Prokurorluğa şikayətimin yoxlanması həvalə edilmiş Tahir İsmayılovun yanına gətirdi. Tahir İsmayılov oğlumu içəri buraxmayıb, şikayəti mən yazdığıma görə məndən ərizə aldı”.
“Mənim adımdan ərizə yazıblar”
A.Kərimov müraciətində deyir ki, ərizədə yazdığından fərqli mətnlə rastlaşıb: “Mən bildirmişəm ki, pulumu qaytardıqlarına görə mənim şikayətim, tələbim yoxdur. Orada mənim adımdan ərizə yazıblar. Bundan sonra DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Samir Zeynalov martın 31-də mənə məktub göndərib, guya Tahir İsmayılova ərizə vermişəm ki, məndən 40 min manat alınmasını səhv yazmışam, təhrif etmişəm. Şərif Əsədullayevin və Tərlan Zeynalovun məndən 40 min manat almaları təsdiq olunmur. Hansı ki, 40 min manatı Samir Zeynalov özü qaytarıb. Mən 05 may 2016-cı ildə bu barədə Samir Zeynalova məktub göndərmişəm ki, mən Tahir İsmayılova yazmamışam ki, məndən pul alınmayıb. Ərizəni və izahatı Bilal Nəbiyevlə, Tahir İsmayılov tərtib ediblər. Mən yazmağı və oxumağı bilmirəm, çobanam, 76 yaşım var. Onlar nə yazıb mənə imzaladıblar, bilmirəm. Xahiş etmişəm ki, bizim ailəmizə qarşı qaldırılmış cinayət işinin nəticəsi barədə bizə məlumat verilsin. Mənim həmin məktubuma Samir Zeynalov mayın 16-da cavab verib ki, məktubunuz DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində icraatda olan cinayət işinə əlavə edilib, baxılması üçün göndərilib. Belə məlum olur ki, müstəntiq Tərlan Zeynalov mənim həmin məktubumla tanışdır, cinayət işinə əlavə edib”.
“Baş prokurora yazdığım ərizələrə Samir Zeynalov cavab yazır”
A.Kərimov yazır ki, bundan sonra Tərlan Zeynalov oğlanları Seyran və Əzizi yenidən istintaqa çağırıb: “Biz bunu qəbul edirik, istintaqa nəticə verilməlidir. Amma bu nəticəni Tərlan Zeynalov verə bilməz. O, bizdən 40 min manat rüşvət alıb və şikayətimizdən qorxaraq qaytarıb. Özü də, Şərif Əsədullayev də cəzasız qalıblar. Hörmətli Baş Prokuror! Mənim Sizə ünvanladığım şikayət ərizəsinə Samir Zeynalovun cavab verməsi hansı prosessual normaya uyğundur? Mənim şikayətim Tahir İsmayılovun icraatında olub. Niyə mənə prokurorluq yox, şikayət etdiyim, bizdən 40 min manat alıb, Sizin qorxunuzdan qaytaran şəxs cavab yazıb?! Niyə yenə də istintaqı bizdən 40 min manat rüşvət alıb qaytaran müstəntiq aparır? Bu hansı qanuna, hansı əxlaqa sığışan haldır? Tərlan Zeynalovla Şərif Əsədullayev qanun qarşısında cavab verməlidirlər. Xahiş edirik, cinayət işinin istintaqını başqa orqana həvalə edəsiniz. Mənim əvvəlki və indiki şikayətimlə bağlı cinayət işi başlanmasına, bizim və şahidlərimizin dindirilməsinə, üzləşmələr aparılmasına, telefon əlaqələrimizin yoxlanmasına göstəriş verəsiniz. Mən və oğlanlarım çobanıq, biz qanunu bilməyə bilərik. Amma Şərif Əsədullayev, Tərlan Zeynalov, Tahir İsmayılov, Samir Zeynalov hüquq-mühafizə orqanı işçiləridir. Onların çobanın varını-yoxunu satdırıb 40 min manat rüşvət almalarını və cəzasız qalmalarını nə hörmətli Prezidentimizə, nə də Sizə yaraşdırırıq. Tərlan Zeynalov bizi yenə də insan alverinə qarşı Mübarizə İdarəsinə çağırır ki, bizi ələ salsın, incitsin, sındırsın və bizdən qisas alsın. Biz həmin müstəntiqə etiraz edirik. Xahiş edirik onu istintaqdan kənarlaşdırasınız”.
“Məsələni ört-basdır etmək istəyirlər”
Məsələ ilə bağlı açıqlama verən Kərimovların vəkili İkram Abdullayev bildirib ki, müdafiə etdiyi şəxslərdən barələrində olan cinayət işi ilə bağlı 40 min manat pul alınıb: “Daha sonra həmin pul qaytarılsa da, 76 yaşlı çobanın adından yalandan ərizə yazıb, məsələni ört-basdır etmək istəyirlər”.
Respublika Prokurorluğu məsələ ilə bağlı açıqlama vermir.
Bir müddət əvvəl fermer olan Ağanəzər Kərimov prezidentə şikayət ünvanlayıb. O, şikayətində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayevin ondan 40 min manat istədiyini bildirib. Belə ki, onun fermasında çobanlıq edən bir neçə nəfər ondan və oğlanlarından şikayət edib: “Bundan sonra bizə qarşı cinayət işi açdılar. Guya biz onları məcburi şəkildə işlətmişik və adam oğurluğu etmişik. Bundan sonra Şərif Əsədullayev bizdən 40 min manat pul istədi. 2014-cü ilin noyabrın 14-də illik 6 faiz olmaqla Sahibkarlığa Yardım Fondundan 40 min manat kredit götürərək, 350 baş qoyun almışdıq. Qoyunları 500 başa çatdırmışdıq. Şərif Əsədullayevə vermək üçün 400 baş qoyun, 25 baş inək satdıq. Bizi necə məcbur etdilərsə, hər biri 110-120 manata gedəsi qoyunları orta hesabla 77 manata satdıq, bir az da borc tapdıq. Fevralın 8-də 10 min ABŞ dolları, 24 min manat pul düzəldib pulu verdik. Daha sonra şikayətçilərin vəkili bizi çağırıb 15 min manat təzminat istədi”. O, müraciətində həmin məsələ ilə bağlı tədbir görülməsini istəmişdi.